Kərəm Həsənovun bacısının məsələsi böyüyür - 2 milyonluq “Falçı əməliyyatı”

  • 20 fev 2022, 22:00
Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısına qarşı 2 milyonluq dələduzluq ittiham edilən Ceyhun Zeynallının atası Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Bakupost.az –ın məlumatına görə, bütün günahı falçı “Maya”da, yəni Şəfəq İsmiyevada görən ata bildirib ki, həmin qadın planlı şəkildə hamilə olub və uşaq dünyaya gətirərək azadlıqda qalıb:
“Oğlum Ceyhun Zeynallı heç kimdən pul almadığı halda, bir dələduz falçının sözləri ilə həbsdədir. Hazırda ona prokurorluq tərəfindən 13 il müddətinə azadlıqdan məhrum etmək cəzası istənilir. Falçı Maya (İsmiyeva Şəfəq) planlı şəkildə hamilə olub və uşaq dünyaya gətirərək azadlıqdadır. İsrarla aldatdığı adamlardan aldığı pulu oğluma verdiyini iddia edir.
Əslində isə oğlum o dələduz qadınla heç bir halda əlbir olmayıb.
Məhkəməyə, istintaqa bütün faktları təkzib edən kifayət qədər səs yazıları, sənədləri təqdim etməyimizə baxmayaraq, nə istintaq, nədəki məhkəmə bu faktlara baxmadı. Çünki ortada Kərəm Həsənovun adı var. Artıq 3-cü ilə keçməyinə baxmayaraq, bizim gözlədiyimiz ədalətli araşdırma imkanımızdan yararlana bilmədik.
Belə ki, istintaq və məhkəmə pullu əl vasitəsi ilə idarə olunur və istədikləri tərəfə yönləndirilir.
Oğluma işgəncələr verilmiş, istədikləri sənətə imza alıblar. Nəticədə oğlum şərçi, böhtançı qadının əli ilə məhkəmə önündə ittiham olunur. Heç bir sübut, dəlil nəzərə alınmır. Qadın isə zərərçəkmiş Sənan ilə əlbir hərəkət edirlər. Hazırda Sənan da ilk şikayətçi olduğu falçı qadın haqqında şikayətini geri götürür.
Ancaq dələduz falçının sözü ilə oğlumu həbs etdirir. Dələduz falçı hər ay zərər çəkən tərəfə 10 min pul verə biləcəyini deyir. Burdan elə başa düşülür ki, pullar Ş. İsmiyevadadır.
Buradan Cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm, bu məsələni nəzarətlərinə götürməyi bir ata kimi xahiş edirəm!”.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında C. Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş Ş. İsmiyeva barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Belə ki, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün 2 milyon pul alıb.
İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.
Xatırladaq ki, son məhkəmə prosesində əldə olunan razılığa əsasən, zərərçəkmiş S. Ağarzayeva falçı ilə ayda 10 min manat ödəmək barədə müqavilə bağlayıb. Razılıq belədir ki, ailə ona hər ay 10 min manatdan olmaqla, ümumilikdə 500 min manat pul ödəyəcək. O da şikayətçi olmayacağı haqda ərizə verəcək.
Prokuror C. Zeynallıya 13 il, Ş. İsmiyevaya isə 10 il 6 ay həbs cəzası verilməsini istəyib. Adları çəkilən təqsirləndirilən şəxslərdən Zeynallı həbsdədir, qadın isə ev dustaqlığındadır.
Oxşar xəbərlər