TƏBİB bu cavabla kimi ƏLƏ SALIR - ÖZÜNÜ, bizi yoxsa Vasif Əliyevi?

  • 01 fev 2022, 21:20
Ötən gün "TƏBİB" (Tibbi ərazi bölmələri idarəetmə birliyi) tərəfindən heyrətamiz cavab almışıq. Belə ki, səhiyyə qurumunun "İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamenti"nin İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışova adından saytımızın elektron poçtuna "sorğuya cavab" adı ilə göndərilən məktub başdan-ayağa 31 dekabr 2021-ci il tarixində demokratik.az internet saytında "TƏBİB"-İN DİQQƏTİNƏ! Vasif Əliyevin kollektivi sağlamlıqla deyil, "trolluq"la məşğuldur” başlıqlı məqalədə göstərilən səhih faktların təkzibinə cəhddən ibarətdir. Guya sözügedən xəbərlə bağlı araşdırma aparıldığını deyən qurum tabeliyindəki direktorun özbaşınalığına bəraət qazandır. Nəinki bəraət, cavab özlüyündə Vasif Əliyevin yarıtmaz fəaliyyətini sağlam və əsaslı şəkildə tənqid etdiyimizə görə bizi və Göygöl MRX-nin sabiq baş həkimini böhtan və təhqirlə üz-üzə qoyur.

Qurumun tədbirsiz cavabında aşağıdakılar YAZILIR: 

"Sözügedən məqalə ilə bağlı araşdırma aparıldı. TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən Göygöl MRX PHŞ-nın direktoru, məqalədə adıçəkilən Vasif Əliyevə məlumat verildi.

Vasif Əliyev bu tipli yazıların qərəzli şəkildə yayıldığını bildirib. Onun sözlərinə görə, sözügedən yazı sifarişdir və onun işgüzar nüfuzuna xələl gətirilməsi məqsədi daşıyır. Vasif Əliyev məqalənin qeyri-obyektiv, heç bir fakta əsaslanmadığını deyib. O bunu belə əsaslandırıb: “Bu məqalə məndən əvvəl xəstəxanada direktor vəzifəsini icra edən şəxsin sifarişi ilə yazılıb. O, xəstəxananın balansındakı köhnə binanı özəlləşdirib və yerində “Ümid” adlı yeni klinika açıb. Dəfələrlə mənə həkimlərimizin hər gün üç saat həmin klinikada işləməsinə icazə verməyim üçün müraciət edib.  Lakin mən bununla razılaşmamışam. İndi isə mənə təzyiq məqsədilə ətrafındakı jurnalistlər vasitəsilə haqqımda böhtan xarakterli məqalələr yazdırır. Düşünür ki, bu yolla istədiyinə nail olacaq”.  Ümumilikdə isə şöbəmiz tərəfindən həm məqalənin müəllifi Osman Nərimanoğlunun, həm də onun təsisçisi olduğu demokratik.az saytının fəaliyyəti araşdırıldı. Monitorinq zamanı məlum oldu ki, sözügedən sayt qeyri-ciddi saytlardan biridir və mütəmadi olaraq jurnalist etikasına uyğun olmayan “xəbər” və “məqalə” istehsalı ilə məşğuldur. Bu, Osman Nərimanoğlunun həm şəxsi facebook hesabından https://www.facebook.com/profile.php?id=100006723619006), həm də saytdan (https://demokratik.az/) açıq-aydın hiss olunur".

Xatırladırıq ki, süni araşdırmaya səbəb olan məqalədə Göygöl MRX PHŞ-nin baş həkimi və tabeliyindəki konkret şəxslərin feysbuk sosial şəbəkəsində jurnalist Osman Nərimanoğluna məxsus profildə "trolluq" etmələri screen faktlarla təqdim olunub. Yəni, məqalədə TƏBİB-ə çağırış edilərək Vasif Əliyevin öz nöqsanlarını və korrupsiya xarakterli əməllərini, tutarlı iddiaları ictimaiyyətdən gizlətmək cəhdilə tabeliyindəki kollektivi "trollaşdıraraq" feysbuk sosial şəbəkəsi üzərindən saytın və jurnalist Osman Nərimanoğlunun ünvanına təhqir və böhtan yağdırmaları, direktorun özünü süni qaydada təriflətdirməklə, süni ictimai rəy yaratmaqla məşğul olduğu pislənib.

Təəssüf ki, TƏBİB öz maddi maraqları ucbatından əməlinə görə Vasif Əliyevi cəzalandırmaq əvəzinə, onun quru və atmaca sözlərinə güc verərək bizə göndərib, bununla özlərinin də özbaşınalıqla məşğul olduqlarını ortaya qoyub. Çünki, heç bir araşdırma ittiham edilən məmurun öz mülahizə və uydurmalarına əsaslana bilməz! Konkret faktların araşdırılmasında tabelik olsa da birtərəfli tərəfkeşlik olmaz!

V.Əliyevin nə sayıqlamasından asılı olmayaraq, TƏBİB rəhbərliyi və Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırmalıdır ki, bu direktor gəlişindən sonra qısa zamanda 30-dan artıq həmkəndlisini necə və hansı əsaslarla Göygöl MRX PHŞ-yə işə götürüb? Araşdırılmalıdır ki, V.Əliyev Balçılıdan olan işçilərin əmrini verərkən onun ailə üzvünün (qardaşlarının bank hesabları araşdırılsın) kartına küllü miqdarda pul köçürmələri niyə baş verib? 

"TƏBİB" rəhbəri üçün Vasif Əliyevin bizə qarşı sosial şəbəkədə qeyri-etik "trollaşdırma" siyasəti və sağlamlıqdan dəm vurub əyninə ağ xalat geyinmişlərin "hippokrat andı" naminə sözügedən halın araşdırılması prioritet olmalı idi. Hansı ki, bizə qeyr-ciddi deyən TƏBİB rəsmisinin mövqeyindən görürük ki, hadisələrə özləri olduqca bayağı və qeyri-adekvat yanaşırlar. Bir qurumun İctimaiyyətlə əlaqələr şöbəsi ki, Göygöldə sabiq baş həkim H.Ömərov tərəfindən təsis edilmiş “Ümid” adlı yeni klinikanın adı çəkilir və guya həkimlərin hər gün üç saat o klinikada işləməsinə icazə vermədiyi üçün bizim sifarişlə Vasif Əliyevdən yazdığımız gündəm edilirsə, bu rəsmən jurnalist etikasına uyğun olmayan “xəbər” və “məqalə” istehsalıdır. Bu cür yollarla isə nə Vasif Əliyev, nə də TƏBİB özbaşınalıqlarına qarşı tənqidlərimizdən və hüquqi müstəvidə ədalətli cəzadan sığortalanmır...

"TƏBİB"-İN DİQQƏTİNƏ! Vasif Əliyevin kollektivi sağlamlıqla deyil, "trolluq"la məşğuldur


Demokratik.Az
Oxşar xəbərlər