AzTV Rəsulzadə ilə bağlı filmi niyə yayımlamayıb? - AÇIQLAMA

  • 31 yan 2022, 15:41
“Caspian Media Holding”in yaradıcısı, “Yüz İlin Sirləri” layihəsinin müəllifi Hüseyn Cavadzadənin Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı sənədli filmin efirə getməyəcəyini açıqlamasından və bunun mətbuatda gündəmə gəlməsindən sonra AzTV də bu barədə açıqlama yayıb. 
Açıqlamada deyilir:
“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?
İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?
Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.
Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır”.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Televiziyasında yayımı nəzərdə tutulan Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş verilişin nümayiş etdirilməməsi bəzi söz-söhbətlər yaradıb. Yayım qadağası sosial şəbəkələrdə geniş müzakirə olunub.
“Yüz ilin sirləri” verilişinin layihə rəhbəri Fəxrəddin Həsənzadə artıq telekanalla əməkdaşlığa son verdiyini açıqlayıb.
Onun sözlərinə görə, belə məqamda şou düzəltməyi yox, susmağı üstün bilir:
“AzTV -də yayımlanan “Yüz ilin sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir ki, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq”.
Fəxrəddin Həsənzadə müsahibələrdə vaxtını aldığı dəyərli elm adamları və varislərdən üzrxahlıq edib:
“Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm.
P.S Nə çətinliklə ölkələrdə məzarları axtararaq uzun bir yolun sonuna gəldik. Mənim üçün bu gündən AzTV bitmişdir”.
Demokratik.Az
Oxşar xəbərlər