Demokratik TV
Lerikdə bir ailə TƏHLÜKƏDƏ! Hara baxırsan və nə düşünürsən Kəmaləddin Heydərov?!
Lerik rayonunun Tikəband kəndində 9 nəfərlik bir ailə evsiz-eşiksiz, allahın ümidinə qalıb.

Ailənin Demokratik.Az-a təkrar müraciətinə görə, sonuncu dəfə 2020-ci ilin yayında evdə olan ailə otaqlardan birinin divarının qəfil uçmasından sonra, azyaşlı uşaqlarının taleyindən qorxaraq evdə yaşamağın mümkünsüz olduğunu anlayıblar.
Ailə başçısı bildirir ki, bu barədə illərdir ki, rəsmi qaydada aidiyyatı qurumlara - Fövqaladə Hallar Nazirliyinə və Lerik İcra Hakimiyyətinə müraciətlər edib kömək istəsələr də hallarına acıyan yoxdur. İllərdir göndərilən qalaq-qalaq məktublara "Evdən çıxın!" cavabından savayı xoş bir cavab yazılmır. Dəhşətlisi odur ki, ailə bir neçə gün əvvəl yenidən evə yığılışmağa məcbur qalıb. Soyuq qış günlərində gedəcək, qalacaq başqa yerləri olmadığı üçün ailə özünü yenidən təhlükəyə atıb.
Mövcud durum barədə əvvəlki illərdə aktlar tərtib edilib. Şikayətçiyə bildiriblər ki, nə zamansa zavallılara Nazirlər Kabinetinin qərarından sonra ev tikiləcək. Lakin, nə zaman, ailə daha neçə il gözləməlidir ki, onlara ev tikiləcək? Bu müddətdə onlar harada və necə yaşamalıdır? - suallarının cavabı isə hələ ki, deyilmir.
Ailə demək olar ki, bir qarın ac, yarı qarına tox çöldə-bayırda, uçmaqda olan komalarının yanında qurduqları soyuq çadırda qalmalı olublar.
Prezidentdən və Mehriban xanım Əliyevadan yardım istəyən vətəndaşı köməklik edəcəyi adı ilə Lerikin deputatı İqbal Məmmədov da aldadıb. Seçici bildirir ki, deputata uzun müddətdir zəng belə çatmır.
Rövşən Cahangirov deyir ki, evin bu hala düşməsinə təbii fəlakət - zəlzələ və sel-daşqınlar səbəb olub. Bundan əlavə, evin müasir tələblərə cavab verməyən tikinti materialları ilə inşa edilməsi bu halda uçma riskini zəruri edir. Amma, artıq bunlar geridə qalıb, hökumətdən kömək uman çoxuşaqlı ailəyə əməli dəstək göstərilməlidir.

Bundan başqa, ötən il rayon icra hakimiyyəti ailəni kirayə evə köçürüb və aylıq kirayəhaqqının ödənilməsini 1 il müddətində ödənişini sabiq başçısı Rövşən Bağırov öz üzərinə götürüb. Lakin, son 5 ayda ödəniş həyata keçirilmədiyindən, Cahangirovlar kirayə evdən çıxarılıblar və məcbur qalıb yenidən qəzalı evə sığınıblar.
Rövşən Cahangirovdeyir ki, əgər ev uçsa, başlarına bir iş gəlsə bütün məsuliyyət Lerik icra hakimiyyətinin üzərinə düşür.
Baş verənlər hökumətin vətəndaşına qarşı laqeyidliyinin göstəricisidir. Konkret olaraq isə, baş verənlərə reaksiya əslində Fövqəladə Hallar nazirliyindən gəlməlidir. Fövqalədə Hallar və Ekologiya nazirliyi dəfələrlə evə baxış keçirsələr də evin sürüşmə zonası olduğunu yazmamaları da ayrıca dərddir.

Doğrudan da maraqlıdır. Lerikdə bir ailənin TƏHLÜKƏDƏ olduğunu, evinin fövqəladə şəraitdə uçduğunu görən FHN naziri Kəmaləddin Heydərov Hara baxır?



