Azərbaycanda 20 Yanvar faciəsindən 32 il ötür

  • 20 yan 2022, 09:20

Bakıda 1990-cı ilin 20 yanvar hadisələrinin 32 illiyi qeyd olunur. Bu gün Azərbaycanda 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilir, anım mərasimləri təşkil olunur.

Həmin qanlı hadisələr nəticəsində həlak olanların uyuduğu Şəhidlər Xiyabanında anım günü ilə bağlı tədbir keçirilir, qərənfillərdən ibarət bir neçə kompozisiyalar düzəldilib.


Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı əhaliyə mürəciətində bildirib ki, Şəhidlər Xiyabanına ziyarətçilərin hərəkəti xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək.

"Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər",- DİN bəyan edib.


Sakinlərin Şəhidlər Xiyabanına getməsi üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyi bəyan edib ki, cümə axşamı günü Bakıda Parlament prospekti, Şəhidlər Xiyabanı, eləcə də ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumatına görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

"Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək", - Dövlət Yol Polisi İdarəsi bildirib.


1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.

Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.

Oxşar xəbərlər