Gürcüstan vətəndaşlarının Azərbaycanda yerkökü MONOPOLİYASI – vergi ödəməyən işbazlar ölkənin pullarını xaricə daşıyır - VİDEO

  • 11 yan 2022, 10:13
5 yanvar 2022-ci il tarixində Tərtər rayonunun Süsənli kəndində,  Dördyol – I Qaçqınlar qəsəbəsinin əhatəsində olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə baş çəkdik. Müasir avadanlıqlarla ən son suvarma və əkilmə metodları ilə ilin bütün fəsilləri üzrə yerkökü, gülkələmi və sarımsaq məhsullarının əkib-becərildiyini müşahidə etdik. Bu gördüklərimizi regionumuzda kənd təsərrüfatının inkişafında sahibkarlığa dövlət tərəfindən yaradılan münbit şəraitin mövcudluğunun bariz nümunəsi, regionların iqtisadi-sosial inkişafı kimi dərk etdik. Eləcə də burada görülən işlər öz müasirliyi ilə Azərbaycanın digər şəhər və rayonları üçün xoş nümunə kimi təqdim olunmasının vacibliyini düşündük. Lakin, sözügedən sahədə gedən işlərin işıqlandırılması, müəssisənin fəaliyyəti barədə ictimaiyyətə müfəssəl məlumatların çatdırılmasını təmin etmək məqsədilə jurnalist fəaliyyətimizin qarşısı məqsədli şəkildə alındı. Bir sahibkarın fəaliyyətinə dair jurnalist araşdırmasının həyata keçirilməsi cəhdlərimiz orada çalışan işçilər və sahibi tərəfindən əngəlləndi. Və məlum oldu ki, bizə müsahibə və məlumatlar verməkdən yayınanlar əslində fəaliyyətlərindəki mühüm nöqsan və özbaşınalıqları mətbuatdan və dövlət qurumlarından gizlətməyə çalışıblar. Əslində, ilk baxışdan “uğurlu sahibkar”, nümunəvi əkin sahəsi kimi görünən mənzərənin uzun illərdir ictimaiyyətdən cidd-cəhdlə gizlədilən çox maraqlı yanları var.
Qısa jurnalist araşdırması sonucu əldə etdik ki, sən demə, sözügedən sahədə kənd təsərrüfatı məhsullarının əkib-becərilməsini təşkil edən şəxslər Gürcüstan Respublikasının vətəndaşlarıdır. Başda, əsas iş adamı kimi önə çıxan, Bakıda “MEYVƏLİ” bazarında yerkökü ticarəti ilə məşğul olan şəxs isə Şahvələd Bayramovdur.  Öyrəndik ki, məhz bu şəxsin və yaxın ətrafının Azərbaycanda bizneslə, əkin-biçinlə məşğul olmaları mövcud qanunvericiliyin mühüm tələblərinə ziddir. Çünki, əcnəbi vətəndaşlığı olan bu adamlar il ərzində 100 minlərlə manat gəlir əldə etsələr də, dövlət büdcəsinə vergi ödəmir, özlərindən başqa digər əcnəbi vətəndaşların da Azərbaycanda qanunsuz işləmələrinə şərait yaradır, dövlətin bir sıra qurumlarını pul qazanmaq eşqilə aldadır və rüşvətlə bəzi yerli məmurları ələ alaraq ciddi nöqsanlar yaradırlar. 
Sözügedən 50 hektarlıq əkin sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirilir. İddia edilir ki, torpaq sahəsi Tərtər rayonu icra hakimiyyəti ilə çoxillik icarə müqaviləsi əsasında Şahvələd Bayramovun öz adına deyil, Azərbaycan vətəndaşlığı olan qaynı Azər Gülməmmədovun adına rəsmiləşdirilib. Və 50 hektardan artıq əkin sahəsində ötən illər ərzində bir dəfə də olsun daha strateji, dövlət sifarişli məhsulun (məsələn- pambıq, taxıl) əkilməsi baş verməyib, dövlət fond torpağından istifadə yalnız şəxsi mənfəətə dayanıb.  

Əkin sahəsində olan zaman məhsulların təmizləyici və paketləmə sexində 50-dən artıq qadın və kişi işçilərinin işlədiyini də gördük. Onların bir çoxu gündəlik 13-15 manata, müqaviləsiz çalışdıqlarını dedilər. Hər gün mikroavtobuslarla sahəyə fəhləlik üçün dəvət alanlarla təbii ki, adıçəkilən Gürcüstan vətəndaşlarının günəmuzd əmək müqavilələri bağlamadığını öyrəndik. Eləcə də ərazidə  bir neçə traktorçu və kamaz sürücüsü, kilometrlərlə su borusuna nəzarət edən cuvarlar və digər fəhlələr var gəl edirdi. Onların da əmək müqavilələrinin olmadığı bəlli oldu. Sözügedən halın adı Azərbaycan qanunvericiliyində nəzərdə tutulan sığorta-vergi tutulmalarından bilərəkdən yayınmaqdır, qanunları bilərəkdən heçə saymaqdır. 

Əkin sahəsində işləyən və dövlətin xəbəri olmadan aylıq gəlir əldə edən Gürcüstanlıları - Novruz Bayramovun, Namiq İsmayılovun, Qazax Bayramovun, Hümbət Eyvazov və digərlərinin olduğunu öyrəndik. Gürcüstan vətəndaşlarının ölkəmizdə işləmək üçün rəsmi icazə sənədləri və bəzən yaşamaları barədə sənədlərinin mövcudluğuna dair əsaslı şübhələr müəyyən etdik.   

Sahədə suvarılmanı təmin etmək məqsədilə 3 artezianın işlək olduğunu öyrəndik. Həmin artezianların heç də hamısının Meliorasiya və Su Təsərrüfatı ASC-də qeydiyyata alınmadığını dedilər. Sahədəki atrezianlara verilmiş elektrik enerjisi və mövcud transformatorların təchizatı üçün müvafiq texniki şərtlərin belə pozulduğu göz önündədir. “Artezianlardan yalnız birinin fəaliyyəti qanunidir, digərləri kənar elektrik xətlərilə təmin edilib, transformatorun ilkin sənəddəkindən fərqli olaraq gücləndirmə dolağı dəyişdirilib”-deyə bilgi verdilər. Və bu yolla da Gürcüstan vətəndaşları yerli dövlət qurumlarını aldadırlar, büdcəyə ziyan vururlar. Əkinin mütamadi suvarılması nəticəsində illik elektrik limitinin nəzərdə tutulandan dəfələrlə aşıldığı, buna baxmayaraq SSİ və RETSİ ilə razılaşma əsasında işlərin davam etdirildiyi də iddia edilir.    

Şahvələd Bayramovun və şəriklərinin Goranboy rayonu Qaraçinar-Şəfəq kəndləri ərazisində, Bərdənin Xan Ərəbli kəndlərində də 100 hektarlarla torpaqda eyni təyinatlı əkin işləri etdiyini də öyrəndik. Məlumata görə, o ərazilərdə də çalışanların – traktorçuların, fəhlələrin əmək müqavilələri mövcud deyil. Kənd sakinlərinə isə deyirlər ki, əkindən əldə edilən məhsul Hərbi Hissələrə göndərilir.

Şəfəq kəndindəki 200 hektardan artıq əkinəyararlı torpaq sahəsinin suvarılması yaxınlıqdakı çayın suyunu qəsb etməklə həyata keçirilir ki, quraqlıq aylarında aşağı əkin sahələri bunun ağrısını çəkirlər.   

Əkin üçün istifadə edilən yerkökü, gülkələmi və sarımsağın toxumunun, eləcə də müxtəlif adda gübrə məhsulununda qanunsuz yolla əldə edildiyinə dair bilgilər almışıq. O da iddia edilir ki, sözügedən ərazilərdə əkilən toxumlar və gübrə məhsulu  Şahvələd Bayramovun adına “Bakıya – “Meyvəli”-yə tırlar vasitəsilə gömrük deklarasiyasından gizlədilməklə Türkiyə və Gürcüstandan göndərilir. 
Fiziki şəxs qismində fəaliyyətini qurmuş şəxslərin illik gəlirləri və pul dövriyyələri barədə isə dəqiq faktlar əldə edə bilmədik. Lakin, gündə bəzən 10 tondan artıq yerkökü və sarımsaq tədarükünü nəzərə alsaq, Gürcüstan vətəndaşlarının KT məhsullarının əkib-becərilməsində və satışında küllü miqdarda pul vəsaiti qazandığını söyləmək olar. Şahvələd Bayramov məhsullarını əsasən Bakı şəhərində “Meyvəli”də satır, eləcə də bir sıra iri marketləri yerkökü, gülkələmi və sarımsaqla təminatı öz üzərinə götürüb. Satışa gedən müxtəlif çəkili sellofan torbalarda isə istehsalçı barədə hər hansı məlumat yerləşdirilmir. İşlərin rəsmi mərhələlərində ona qaynı Azər Gülməmmədov vasitəçilik edir. Orası dəqiqdir ki, adıkeçən şəxsin və ya şəxslərin qanunsuz əsaslarla əldə etdikləri gəlirlərin sonradan milli və ya xarici valyuta halında xaricə - Gürcüstana daşınması prosesi gedir. Bu kimi hallar isə aidiyyatı orqanlar tərəfindən ciddi şəkildə araşdırılmalı, qanunsuz pul dövriyyəsinin qarşısı alınmalıdır. Hesab edirik ki, Gürcüstan vətəndaşlarının və Azər Gülməmmədovun sahibkarlıq fəaliyyəti vergi orqanı tərəfindən də ciddi nəzarətə alınmaqla yoxlanılarsa, daha ciddi eyiblər ortaya çıxar. Eyni zamanda, həmin əkin sahəsinə dövlət subsidiyasının ayrılıb-ayrılmaması da araşdırılsa, ədalətli olar... 
 
XÜSUSİ QEYD: Mövzu ictimai önəm daşıdığından, eləcə də məlumatlarda xüsusi araşdırmalar tələb edən hallar olduğundan qarşı tərəf kimi adıkeçən Şahvələd Bayramovla da əlaqə saxladıq. O isə öz növbəsində müvafiq sorğu mətninin cavablandırılmasından yayındı...

HÖRMƏTLƏ:
Azərbaycanda regionların iqtisadi-sosial inkişafı dövlət proqramlarının və kənd təsərrüfatı - qeyri-neft sektorunun inkişafı proqramlarının icrasında ictimai nəzarət çərçivəsində REGİONA BAXIŞ telelayihəsindən irəli gələn məsələlər üzrə birgə media təşəbbüsü:
Demokratik.Az saytının rəhbəri Osman Nərimanoğlu
“Region TV”-nin direktoru Elxan Əhmədov 
Sözügedən sahədən eksklüziv çəkilişimizi də fakt olaraq təqdim edirik:
Oxşar xəbərlər