İSTEFA VER Əhəd Abıyev! Dəstəfurun şəhid anası niyə məmur hücumuna məruz qalır?

  • 20 dek 2021, 23:21
Daşkəsənin Dəstəfur kəndində yaşayan şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı ilə kəndin icra nümayəndəsi Cəfərova Lalə Rafail qızı arasında son 1 ildə yaşanan münaqişə davam edir.
Demokratik.Az sosial şəbəkələrdə yayımlanan videosüjetə əsasən bildirir ki, dünən xanım məmur və yaxınları kənddə bir araya gələrək şəhid anasına hücum ediblər. İki tərəf arasında yaşanan arzuedilməz fiziki zorakılıq nəticəsində şəhid anası da daxil, bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Davaya rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib.

Hadisənin sonunda şəhid anasının verdiyi açıqlamaya görə, onu bir qrup şəxs döyüb və bu tapşırığın icrasında Lalə Cəfərova da şəxsən iştirak edib. Hadisənin baş vermə səbəbi birmənalı açıqlanmasa da, aydın olur ki, ortaya düşmənçilik toxumu səpilib. Şəhid anası qarşı tərəfi şəhid oğluna sayğısızlıqda, kəndin yeganə şəhidinin dəfnində belə iştirak etməməkdə və digər qanunsuz əməllərdə suçlayır, əri bələdiyyə sədri, özü də icra nümayəndəsi olan şəxslərin kənddən çıxıb getməsini arzulayır.

Digər tərəf isə rayonun icra başçısı Əhəd Abıyevin yarıtmaz idarəetmə metodlarına sığınaraq olayı siyasiləşdirməyə, şəhid ailəsinə qarşı aqressiyaya və "ifşaedici" manevrlərə cəhdlər edirlər. Bu isə münaqişəni süni şəkildə dərinləşdirir, konfliktin uzanmasına əsaslar yaradır.

Daşkəsən icra hakimiyyətinin adından indiyədək yayılan açıqlamalar da məhz şəhid anasının incik ruhuna sus səpməyə, övlad itkisinə səbr diləməyə, onun şikayətlərinə hüzur gətirməyə deyil, sanki onu qızışdırmağa, siyasiləşdirməyə yönəlib desək yanılmarıq.

Daşkəsən İHB-nin açıqlamasından SİTAT: "Sevda Şıxıyevanı bacısı oğlu, Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif  tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır"-sitatın sonu...

Göründüyü kimi, icra hakimiyyəti və şəxsən Əhəd Abıyev ilk başdan adıkeçən şəhid anasına qarşı qeyri-adekvat mövqedə dayanmaqla, hətta şəhidin ailəsində baş verən bir sıra şəxsi məlumatları da şikayətçinin əleyhinə şantaj kimi istifadə etməklə vətəndaş-məmur münasibətlərindəki uçurumu, anlaşılmazlığı bir az da dərinləşdirir, məqsədli intiriqa yaradır.

Bu fakt da göstərir ki, Əhəd Abıyev Daşkəsəndə özünü prezidentin səlahiyyətli nümayəndəsi adına yaraşan şəxsiyyət kimi deyil, daha çox uğursuz intirant siyasətçi kimi aparır. Bir şəhid anasını anlamayan, dinləməyən və dərdinə dinclik gətirə bilməyən birinin əslində eyni rayonda 10 ildir ki, icra başçısı işləməsi bütün Daşkəsənlilər üçün rəzalətdir.

Vətəndaşlarla ünsiyyətdə səmimi ola bilməyən biri əgər oğlunu şəhid vermiş bir ananın fəryadında da siyasi motiv axtarıb tapırsa, problemi həll etmək əvəzinə məmurunu savunub biçarə vətəndaşın üstünə yeriyirsə...
Yaxşısı - İSTEFA VER ƏHƏD ABIYEV! 

Osman Nərimanoğlu
Demokratik.Az

Oxşar xəbərlər