“Qaraheybət”də aşkarlanan “qara qutu” haqda bilmədiklərimiz

  • 03 dek 2021, 09:23

Bu cihazlardakı məlumatı yalnız xüsusi təyinatlı kadrlardan ibarət komitə analiz edib oxuya bilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı müxtəlif fikirlər var. 14 zabitimizin  öldüyü, 2 zabitimizin yaralandığı faciəvi olay noyabrın 30-da meydana gəlib.

Helikopter Səngəçal aerodromundan 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Olayla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov qəzanın səbəblərindən danışarkən deyib ki, digər qoşun növlərindən fərqli olaraq Dövlət Sərhəd Xidmətinin istifadə etdiyi texnikalar daha yeni və keyfiyyətli olur. O, həmin helikopterlərin keyfiyyətli olduğunu da açıqlayıb: 
“Dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hətta mən özüm də o helikopterlə Zəngilana, Qubadlıya getmişəm. O tip helikopterlərdən mütəmadi istifadə edirlər. Mi-17 kifayət qədər keyfiyyətli texnikadır”.
İşğaldan Azad Olunmuş Kəndlərin Hərbi Əhəmiyyəti. Ruslan İmamquliyev  AÇIQLAMA - YouTube
Ruslan İmamquliyev 
Hərbi ekspert Ruslan İmamquliyev helikopter texniki cəhətdən nasaz olması ilə bağlı iddiaları qəbul etmir. Deyir ki, hər hansı bir məqsədlə uçuşdan əvvəl texniki göstəricilərə baxılır: “Uçuş üçün hava şəraitinin uyğun olub-olmaması dəyərləndirilir. Helikopter təlimə cəlb olunubsa, deməli, texniki göstəricilər və hava şəraiti uyğun olub. Baş vermiş qəzanın səbəbləri haqqında bu gün bir şey demək mümkün deyil. Ən azından bilinən odur ki, kənardan heç bir müdaxilə olmayıb. Bu işin təfərrüatlarını daha da detallı bilmək üçün qara qutu üzərində gərəkli qurumlar tərəfindən incələmələr həyata keçirilir. Düşünürəm ki, tez bir zamanda gerçək səbəblər ortaya qoyulacaq və gələcəkdə bu cür halların baş verməməsi üçün gərəkli tədbirlər həyata keçiriləcək”.
Qəzadan sonra helikopterin “qara qutu”su aşkar edilərək götürülüb. Qurğu yaddaşında olan məlumatların oxunması üçün helikopterin istehsal edildiyi Rusiya Federasiyasının Kazan şəhərinə göndərilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “qara qutu”nun oxunması üçün Rusiyaya göndərilməsinə belə aydınlıq gətirib: “Helikopterin istehsalı haradırsa, ”qara qutu" ora göndərilir. Bilirsiniz ki, “qara qutu” Kazan şəhərində helikopter istehsal olunan zavoda göndərilib. Bu tip helikopterlərdə 2 “qara qutu” olur".
İlham İsmayıl koronavirusdan sağaldı Pravda.az
İlham İsmayıl
İlham İsmayıl bildirib ki, belə hadisələrdə 2 faktor irəli sürülür: “Qəza və təxribat versiyası səsləndirilir. Hazırda tədqiqat gedir və hiss olunur ki, bu hadisə daha çox qəzadır”.
Hər dəfə hava uçaqlarında qəza baş verdikdə, “qara qutu”lar müzakirə mövzusuna çevrilir. Bu qurğular helikopter və təyyarələrdə quraşdırılır. “Qara qutu”lar zəruri informasiyaları özündə saxlayır və qəzaların səbəbinin araşdırılmasında ən önəmli rolu oynayır. Ötən əsrin ortalarından etibarən, bu texnologiya aviasiya sənayesində tətbiq olunur.
Adı “qara qutu” olsa da, əslində qutunun özü qara rəngdə deyil. “Qara qutu”lar cəlbedici narıncı rəngdə olur. Beynəlxalq adı Flight Data Recorder - yəni uçuş məlumat yazarıdır. “Qara qutu” iki hissədən ibarətdir: uçuş məlumatları yazılan hissə və pilot kabinəsindəki danışıqları qeyd edən hissə.
Bu günə qədər analiz edilmiş “qara qutu” məlumatlarına görə qəzaların böyük hissəsi mexaniki səhvlər deyil, pilotların və hava uçaqlarının baxımı ilə məşğul olan texniki personalın səhvlərindən qaynaqlanır. Bu cihazlardakı məlumatı yalnız xüsusi təyinatlı kadrlardan ibarət komitə analiz edib oxuya bilər.
Bu qurğular uçuş haqqında informasiyaları 25 saat müddətinə yaza bildiyi halda, danışıqların yalnız 2 saatını qeyd edəcək həcmdədir.
Yüksək texnologiyalı izləmə komponenti sayəsində “qara qutu”ların yeri okeanın dərinliklərində belə aşkar oluna bilir. Təyyarələrdə “qara qutu”lar quyruq tərəfində yerləşdirilir. Çünki bu hissə qəza zamanı ən az zərər görən hissələrdən hesab olunur. “Qara qutu”lar dayanıqlıdır, amma məhvedilməz deyil. Bu günə qədər onlarla “qara qutu”nun məlumatı alınan zərbələrə görə hələ da analiz edilə bilməyib.
Qəzaya uğramış hərbi helikopterin “qara qutu”sundakı məlumatların Azərbaycana nə vaxt təqdim ediləcəyi ilə bağlı konkret məlumat yoxdur.
Oxşar xəbərlər