Vüqar Əhmədov HƏRƏKƏTLƏNDİ - "Azərişıq"-da kütləvi müdir dəyişikliyi başladı

  • 11 noy 2021, 15:38
"Azərişıq" ASC-nin sədri kütləvi islahatlara start verib. İctimaiyyətə tam açıqlanmayan proseslərə görə, ölkə üzrə qurumu təmsil edən xeyli şəbəkə rəisləri və digər ştatlar üzrə vəzifəli şəxslərin işdənçıxma və ya yerdəyişmə ərizələri alınıb.
"Demokratik.Az"-a bu barədə məlumat verən qurum yetkilisinin bildirdiyinə görə, sədrin başlatdığı prosesin görünməyən tərəfləri var. Və əslində heç də məqsəd özlərinin açıqladıqları kimi, şəffaf islahatçılıq meyillərilə bağlı deyil.
Son bir neçə gündə paytaxt Bakıda artıq 10-a yaxın rayonun şəbəkə rəhbərlərinin yerdəyişmə etmələri baş tutub.
ASC-dən bildirilib ki, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.

Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni abu-hava yaradılması qurum üçün məqsədə müvafiq sayılıb.

Saytımızın əldə etdiyi məlumata görə, bugünlərdə daha bir neçə RETSİ (ETSİ) rəislərinin yerdəyişmələrinin və işdən uzaqlaşdırılmalarının şahidi olacağıq. Qurumun hazırda işğaldan azad edilmiş ərazilərinə rəis və işçi heyəti axtarıb tapa bilməməsinə dair də məlumatlar var.  

Aldığımız və hələlik detallarını dəqiqləşdirməyə çalışdığımız məlumata görə onu da bildirək ki, qurum ilin sonu yaxınlaşdığından, ölkə üzrə abonentlərə satılan elektrik enerjisinin haqqının "Azərenerji"ASC-yə yüksək faizlə ödənişi təmin etmək üçün müəyyən tədbirlər görür. Həmin tədbirlərin ən önəmlisi isə, nəzarətçi-mühəndislərə gündəlik yığım planı tətbiq etmək, işçilərin bir çoxunu özlərinə aid olmayan işlərə sövq edərək "məhsuldarlığı" süni qaydada artırmaqdır. Yoxsa, əməkhaqqından kənar "aylıq paket" aldığı iddia edilən rəislərin yerdəyişməsinin hansısa şəffaf mühit yaradacağına inanmaq çətindir. 

Məlumat olaraq onu da bildirək ki, "Azərişıq" ASC-nin "Azərenerji"-dən alıb satdığı elektrik enerjində yaranan ənənəvi israfçılıq ölkə üzrə daha çox elə paytaxt Bakının payına yazılır. Dəfələrlə "Azərişıq" ASC-nin digər dövlət qurumuna 100 milyonlarla manat borcu olması, ziyanla işləməsi barədə məlumatlar yayılıb. Praktika da göstərir ki, nöqsanların həlli şəxslərdən deyil, işin təşkilində sistemli və şəffaf idarəetmə mühitinin yaradılmasından daha çox asılıdır...  
(əlavə məlumat verəcəyik)

Demokratik.Az
Oxşar xəbərlər