Ağdabanın icra nümayəndəsi: "Teymur Kərimova dəfələrlə xəbərdarlıq etmişik" - TƏKZİB və MÜƏMMA

  • 10 okt 2021, 16:46
Kəlbəcər rayonunun Ağdaban kəndi üzrə icra nümayəndəsinin müavini, kiçik dövlət qulluqçusu, eyni zamanda "Kanal13" internet televiziyasının aktivisti Teymur Kərimov barədə növbəti hal üzə çıxıb. Məlum olub ki, onun fəaliyyətindən narazı olan təkcə nümayəndəlik etdiyi kəndin sakinləri deyil, eləcə də Kəlbəcər İHB-nin rəsmi şəxsləridir.

Bu barədə "Demokratik.Az"-a bildirilib ki, 2019-cu ilin iyulundan Cavid Qurbanovun xüsusi tapşırığı ilə (Kəlbəcərdə vəzifə bölgüsünün Qurbanovsuz həyata keçirilmədiyini bu ölkədə az qala uşaq da bilir-red) məhz Ağdaban kəndinə icra nümayəndəsinin müavini təyin edilən Teymur Kərimovun mütamadi olaraq digər dövlət məmurlarına qarşı müxalif mövqe sərgiləməsi, müxtəlif çəkilişlər edərək onu hakimiyyət əleyhinə olan internet televiziya kanallarına satması hiddətlə qarşılanır. Bir çoxu elə hesab edir ki, adıçəkilən məmur-jurnalist dövlət qulluqçusu ştatı üzrə iqtidardan havayıca maaş alıb özünəməxsus jurnalistika fəaliyyətilə prezidentin başında dayandığı icra hakimiyyəti institutuna xələl gətirib. Həqiqətən də, Kəlbəcər rayonu üzrə icra hakimiyyəti sistemində Teymur Kərimov kimisinin təmsil olunması acı təəssüf doğurur.

Bu əsnada, bir neçə gün öncə "Demokratik.Az"-ın ictimaiyyətə təqdim etdiyi Cavid Qurbanov Ağdabanı "Kanal13"-dən idarə edir? Müxalif jurnalist icra nümayəndəsinin müavini imiş sərlövhəli xəbər rezonansa səbəb olub. Bir sıra müzakirə və sosial şəbəkədəki şərhlər, eləcə də xəbəri dərc edən saytlar xəbərin mahiyyətinə və ictimai önəminə diqqət ayırmağa çalışıb.

"Demokratik.Az" fakta münasibət öyrənmək məqsədilə Kəlbəcər rayon Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanovla əlaqə yaradıb. İcra nümayəndəsi deyilənlərdən hali olduğunu, müavini Teymur Kərimovla dəfələrlə söhbətlər aparıldığını, iradlar bildirildiyini deyib. 
"Biz Teymur Kərimova dəfələrlə xəbərdarlıq etmişik ki, belə olmaz. İcra hakimiyyəti də onun fəaliyyətindən narahatdır, məlum xəbəri müzakirə edirik. Mən ona sözümü demişəm. Əgər jurnalistsənsə, get jurnalistliyini elə demişəm. Amma Teymurdu də, Teymur, nə edək?!..." - deyə icra nümayəndəsi saytımıza bildirib. 

Bundan başqa, Kəlbəcər İHB-nin Ərazi İdarəetmə Orqanları İlə iş şöbəsindən və adının açıqlanmasını istəməyən digər İHB əməkdaşlarından öyrəndik ki, Teymur Kərimov 2019-cu ilin iyulundan bugünədək Ağdaban kənd icra nümayəndəsinin müavini kimi kiçik dövlət qulluqçusu maaşı alır. Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov da müavininin hazırda Teymur Kərimov olduğunu bildirib.

Lakin, məmur-jurnalist dünəndən etibarən öz bilik və mədəniyyət səviyyəsinə uyğun olaraq faktı təkzib etməyə, sosial şəbəkələr üzərindən özü barədə olan məlumatı təhrifə cəhd edərək "Demokratik.Az" saytının rəhbəri, jurnalist Osman Nərimanoğlunun ünvanına vulqar ifadələr işlədir. Bu isə AJPDQ-nin pozulması, "Kanal 13"-ü təmsil edən birinin əxlaq halından xəbər verir.

Hər şeyə rəğmən, qərəzsiz olduğumuzu bəyan edərək Teymur Kərimovun 2 günə hazırlayıb saytımıza təqdim etdiyi bayağı açıqlamasını da olduğu kimi təqdim edirik:

"Demokratik.az saytında eləcə də YouTube portalında mənim haqqımda gedən informasiyaya cavab olaraq onu bildirirəm ki, yazdığınız yazı mənim şəxsimə yönəlik atılmış çirkin kompaniyanın tərkib hissəsi kimi qəbul edirəm yoxlanilmamis hər hansı bir məmurun gözdən salma onun əlehinə yazılmış yazının tərkib hissəsi kimi görürəm və my.gov.az elektron portaldan sizə çıxarış yollamisam eləcə də həmin yazınin altında KQ kod ilə həmin elektron sənədi yoxlasanız həqiqətən də mənim 01.07.2019 tarixindən bağlanmış müqavilə 01.01.2020 həmin tarixdə bitmiş sonra isə əlavə muqavilə baglanmamisdir.Əger yeni müqavilə artırılarsa avtomatik şəkildə həmin müqavilənin də müddəti artmalıdır.Cavid Qurbanov Agdabani  kanal13 dən idarə edir başlığı isə tam əsasız seçilmiş balıqdır ki , son 1 il ərzində Cavid Qurbanov haqqında verilmiş materialları sizə göndərmişəm.Mən kanal13 əməkdaşı deyiləm və sadəcə olaraq kanal13 ilə əməkdaşlıq edirəm və həmin kanala digər azad söz və Muğan tv kimi material satıram. Sayqilarla Teymur Kərimov"


Xüsusi qeyd: Bizim Teymur Kərimov deyə bir dərdimiz yoxdur. Təqdim etdiyimiz fakt ölkənin media durumunun və Kəlbəcər İcra Hakimiyyəti orqanındakı yarıtmaz idarəetmənin daha bir göstəricisidir. Tərəfin təqdim etdiyi sənəd isə onun işəgötürən tərəfindən "6 aylıq" sınaq müddəti dövrü üçün müddətli əmrindən çıxarışdır. Maraqlı olan 2020-ci ilin yanvarından bu yana Kəlbəcər İHB ilə Teymur Kərimov arasında bağlanmış müddətsiz əmək müqaviləsidir ki, bunu İHB-nin rəsmi şəxsləri təsdiq etsələr də Kərimov özü məmur olduğunu inkar edir.

Əlac qalır dövlətimizin hüquq mühafizə orqanları rəhbərlərinə, eləcə də Prezident Administrasiyası rəhbərliyinə ki, gərək dərindən araşdırılsın. Biz də görək ki, Teymur Kərimov düz deyir, yoxsa onun Ağdaban kənd icra nümayəndəsinin müavini olduğunu deyən kəslər! Ən əsası, PA rəsmiləri araşdırsın görək, axı Teymur Kərimov hansı qabiliyyətlərinə görə, sabiq icra başçısı Aqil Məmmədov tərəfindən dövlət məmuru qılıfına girə bilib?

Rəsmi açqlama gəlincəyə qədər isə, barəmizdə ucuz anti-təbliğat və söyüş kompaniyası aparmağa cəhd edən Teymur Kərimova XƏBƏRDARLIQ edirik ki, öz davranışlarında və sözlərində etik normalar çərçivəsində nəzakətli davransın, əks halda bizə yönələn xoşagəlməz davranışlara münasibətimiz adekvat olacaq!..

Demokratik.Az
Oxşar xəbərlər