Demokratik TV
"Prokuror dostumdur, Osman nə yazır yazsın.." - Goranboya transfer edilən korrupsioner dincəlmir
"Göygöl rayon prokuroru mənim yaxın dostumdur. Mənə heç kim cinayət işi aça bilməz. Osman kimdir? Ölkədə jurnalist sayan var, nə yazır yazsın. Əcəb etmişəm varlanmışam, kimə nə dəxli necə varlanmışam. Pulları rəhbərim ayırıb, ASC göstəriş verib, mən də lazımi qədərini özüm yeyib yuxarıları da naümid qoymamışam. İşləri də sənədləşmələrdə yerbəyer etmişəm. Goranboya göndərdilər ki, yazı-pozulardan bir az başımız dincəlsin, həm də iz azdıraq. Mənim "tərəqqi" medalım da var..."

"Demokratik.Az" bildirir ki, son illərdə İlqar Məhərrəmovun özü və rəhbərlik etdiyi Göygöl Suvarma Sistemləri İdarəsindəki çeşidli özbaşınalıqlar barədə jurnalist Osman Nərimanoğlunun imzası ilə dərc edilən 10-larla tənqidi yazılar həm baş prokurorluq, eləcə də aidiyyatı digər qurumların marağına səbəb olmayıb. Bütün müraciətlər araşdırılmadan cavabsız qalıb. Əksinə, İlqar Məhərrəmova "gücləri çatmayan" bəzi çinlilər üçün yazılan acı həqiqətlər, Göygöl SSİ-də illərlə yürüdülən talan mexanizminin ifşası adıçəkilən yarıtmaz məmura qarşı media qərəzi kimi görünüb. Nəticədə, ölkədəki mövcud vəziyyətə adekvat olaraq, daha bir jurnalist və daha bir müstəqil media orqanı Göygöl kimi bir rayonun meliorativ tədbirlərini tormozlayan, rayonun torpaqlarının suvarılmasına yalnız öz gəlir mənbəyi kimi baxan bir korrupsionerin qarşısında aciz duruma düşürülüb. Bu hal isə heç bir ədalətə, qanun aliliyinə, prezident İlham Əliyevin çağırışına şəstlə cavab verən ictimai nəzarətçilik missiyası ilə bir araya sığışmır. Bu hal sadəcə ölkədə antikorrupsiya tədbirlərinə savaş açan sabotajcılara , prezident və dövlət düşmənlərinə sərf edir.
"Demokratik.Az"-ın rəhbəri, jurnalist Osman Nərimanoğlu mövzuya qısa aydınlıq gətirib. Jurnalist bildirib ki, İlqar Məhərrəmov ölkənin korrupsiya bataqlığında və cəzasızlıq mühitində yetişib ortaya çıxmış, hakimiyyət üçün ən dəyərsiz, bəlkə də ən yazıq və mistik obrazlı məmurlardan biridir.
"Hazırda Göygöl rayon prokurorluğunda İlqar Məhərrəmovun nadürüst əməli fəaliyyəti və korrupsioner davranışları barədə yazdığım sonuncu məqalə (Göygöl SSİ TENDER kələyində də boğulur - "EMV GROUP"u Rafiq Aslanovla nə bağlayır?) üzrə detallar araşdırılır. Məqalədə qeyd edilən faktların araşdırılması Göygöl rayon prokurorunun böyük köməkçisi Nicat Hüseynliyə həvalə edilib. Bildiyiniz kimi, avqustun 5-də izahat verdim, ümidvaram ki, sonda adıçəkilən məmura cinayət işi açılacaq, Göygöl SSİ-də talama və mənimsəmə halları dərindən araşdırılacaq. Axı, bu idarədə hər imkan düşdükcə 10-100 minlərlə manat pul vəsaiti müxtəlif bəhanələrlə havaya sovrulub. Xərclərin şəffaflığını isə təmin edən qurum yoxdur. Dövlət büdcəsi xalqın namusudur, gələcəyidir, bunu birdəfəlik anlamalıyıq. İllərdir ki, maddi namusumuza naxələflik edərək özünə Xoşbulaqda villa tikən, Gəncədə və Bakıda evlər alan, oğluna təmtəraqlı təqdimatla paytaxtda mağazalar şəbəkəsi quran, sonu "007" ilə bitən nömrələri bahalı avtomobillərinə bağlayıb dikbaşlıq etməyi bacaran İlqarkimilərin qazancı niyə araşdırılmamalıdır ki, hansı "halallıq"lardan yoğrulub ki, xəbərsizik? Beləsini müdafiə etməyin, daha da varlanmasına şərait yaratmağın bəraəti yoxdur. Amma, Meliorasiya ASC-nin yeni rəhbəri desə inanaram, bəlkə o bir korrupsiya şəbəkəsinin adi əsgəridir, ona görə deyir ki, "yaxşı edib büdcə pulunu talayıram". Bu qədəri olmaz axı, yazırıq, deyirik və hər dəfəsində "məmuru təəssübkeşlik" vərdişi jurnalist peşə fəaliyyətimizi üstələyib həqiqətləri kilidləyir." - deyə Osman Nərimanoğlu bildirib.


Demokratik.Az
