Müdafiə Nazirliyi YENİLƏNİR - İki yeni nazir müavini gətirildi

  • 25 iyul 2021, 12:02
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin ediliblər:
general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;
general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı;
general-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;
general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.
Müdafiə nazirinin müavinin təyin olunan general Nizam Osmanov 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.

1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.
2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.
2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Qarabağ” ordeni ilə təltif olunub. Bundan başqa, N.Osmanov Laçının və Kəlbəcərin azad olunmasına görə medalları ilə də təltif olunub.

"AzPolitika.info"nun məlumatına görə,Prezident İlham Əliyevin sərəncamına əsasən Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin olunan general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub.
1983-cü ildə il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşdur. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat almışdır. 
1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999-2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Akademiyasını (Kara Harp Okulu) bitirmişdir.
1987-1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 
1989-1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir.
Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.
2000-2003-cü illərdə birləşmə komandiri, 2003-2005-ci illərdə Şəmkir Korpusu komandirinin Maddi-Texniki Təminat üzrə müavini, 2005-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində rəis müavini, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri, 2013-2015-ci illərdə Bərdə Korpusunun Qərargah rəisi vəzifələrində xidmət etmişdir.
2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra 24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.
2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş hazırlığı və hərbi təhsil Baş İdarəsində döyüş hazırlığı rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ilin iyun ayından sentyabr ayına qədər Döyüş hazırlığı və hərbi təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.
İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun 6-cı (ehtiyat) korpusunun komandiri kimi döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülmüşdür. /azpolitika.info/
Oxşar xəbərlər