"Gəncə olayı"nda şəhid olan polkovnikin qardaşından prezidentə MÜRACİƏT - "Bu ağır yükü çəkə bilmirəm!"

  • 24 iyul 2021, 15:15
2018-ci il iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsindən 3 il ötdü. Eləcə də həmin olaydan cəmi bir neçə gün sonra, yəni iyulun 10-da Gəncə şəhərinin mərkəzi Meydanında baş verən, terror hadisəsi kimi də xarakterizə edilən qanlı ixtişaşda şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun dəfnindən 3 il ötür. Hadisələrdən zərər görmüş digər ailələr kimi, məhz adıçəkilən polis zabitlərinin ailələri və yaxınları hələ də baş verənlərin mənəvi-psixoloji ağırlığından xilas ola bilməyiblər. Ümumiyyətlə cəmiyyət və dövlət məlum "Gəncə olayı"nın oduna-alovuna birdəfəlik su səpə, "cinayət işi" üzrə bütün detalları qapada bilməyib. Cəmiyyətdə qanlı olaya münasibət isə birmənalı deyil, kimisi olayda dini radikalizmi axtarsa da bir çoxları günahı elə sui-qəsdə uğrayan sabiq icra başçısı Elmar Vəliyevin naxoş davranışlarında, şəhər sakinlərinə qarşı xoşagəlməz əməllərində görür.  
"Demokratik.Az" saytı bildirir ki, bu əsnada mərhum polkovnik Səməd Abbasovun qardaşı, tanınmış din xadimi Hacı Tahir Abbasovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin mətni ürəkağrıdıcıdır. 

"Demokratik.Az" mərhum polis zabitinin ailəsinin və doğmalarının maddi-mənəvi sarsıntılarını əks etdirən müraciətin mətnini təqdim edir:

"Hörmətli Prezident! 

Mən, Hacı Tahir Abbaszadə Gəncə şəhərində şəhid olan polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə şəhər İmamzadə ziyarətgahının ruhanisiyəm. 1990-cı il Qanlı Yanvar hadisələrindən sonra Lefortova həbsxanasında saqlamlığımı itirmişəm.

İmamzadə ziyarətgahında hər il on minlərlə insanın qarşısında Sizə, xalqımıza və Ulu öndərin ruhuna dualar oxuyan biriyəm. İkinci Qarabağ müharibəsində insanları cənab Ali Baş Komandanın ətrafında sıx birləşməyə, Müzəffər ordumuza dəstək verməyə səsləmişəm, xütbələr oxumuşam. Hər şəhid dəfnində öndə dayanıb insanlara vətənpərvərlik ruhu aşılamışam, islamda Şəhidliyin fəzilətin izah etmişəm.

Cənab Prezident! 

Qardaşımın şəhid olması ailəmizdə böyuk problemlər yaradıb. Övladı Huseyn Abbasovun psixi problemi yaranıb. Psixi sarsıntı səbəbindən əsgərliyə yararsız olub.

Qardaşımın həyat yoldaşı Abbasova Leyli  infarkt kecirib. Psixoloji sarsıntıya məruz qalıb.

Böyuk qardaşım ağlamaqdan gözlərini itirib. Ayağı şəkərdən kəsilib. Demək olar ki, qardaş faciəsi ailəmizi çətin problemlə üzləşdirib! 

Cənab Prezident! 

Mən bu ağır yükü çəkə bilmirəm, üzləşdiyim problemin həllində acizəm. Ümidim yalnız Sizədir. Əminəm ki, səsimə səs verəcəksiniz.

Dərin hörmət və ehtiramla, Hacı Tahir Abbaszadə"
Məlumat üçün onu da bildirək ki, sui-qəsdə məruz qalmış sabiq icra başçısı hazırda sağ-salamatdır və normal həyat yaşayır. Ona silahlı hücum edən Yunis Səfərovu isə ömürlük həbs cəzası gözləyir. Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində müəyyən hökmlər elan edilib.
Qəribə səslənsə də, Elmar Vəliyev baş verən qanlı olay üzrə hələ də Məhkəmə qaydasında dindirilməyib, sadəcə onun anlaqsız olması barədə şəxsən özündən vəkalətnamə almış vəkili tərəfindən qeyri-inandırıcı iddialar səsləndirilib... 

Demokratik.Az
Oxşar xəbərlər