Əhəd Abıyev Dəmiryolu xəttinin asfaltlanması ilə bağlı açıqlama verdi - yalan danışdı

  • 18 iyul 2021, 22:20
Sosial şəbəkələrdə Daşkəsən rayonunda dəmiryolu xəttinin asfaltlandığını əks etdirən görüntülər paylaşılıb və geniş müzakirələrə səbəb olub. Videokadrdan aydın olur ki, Daşkəsən Rayon İcra Hakimiyyəti səhvən və ya qəsdən rayonun Bayan kəndi ərazisindən keçən tarixi dəmiryolu xəttini heçə sayaraq asfaltlayıb və qatarların hərəkətini tamamilə məhdudlaşdırıb.

Demokratik.Az bildirir ki, olaya Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natəvan Bayramova münasibət bildirib və məsələnin araşdırılacağını qeyd edib.
Sözügedən məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə “Qafqazinfo”ya açıqlamasında iddiaları əsassız adlandıraraq maraqlı açıqlama verib:
Sitat: “Həmin dəmiryolu sovetlər dövründə filiz kombinatına aparırdı. İndi həmin kombinat ləğv olunub, işləmir. Dəmiryolundan da istifadə olunmur, qatarlar keçmir. Onun heç bir magistral yola aidiyyəti yoxdur".

İcra başçısı əlavə edib ki, orada “yama” yaranıbmış, avtomobillər dayanıb keçməyə məcbur olurmuş. Ona görə həmin ərazi də asfaltlanıb. İş zamanı da relslərin ön və arxa hissələri çıxarılıb, təkcə o hissəsi saxlanılıb.

Demokratik.Az saytı olaraq bildiririk ki, Əhəd Abıyevin açıqlamasında ziddiyyətli məqamlar yer alıb. Belə ki, sakinlərin də bildirdiyinə görə, icra başçısı yalan danışıb, çünki sözügedən dəmiryolu xətti işləkdir. Elə videosüjetdə də göründüyü kimi, həmin dəmiryolu xətti Dəmir Yolları QSC-nin işçiləri tərəfindən gecə-gündüz mühafizə olunur, ayrıca post da mövcuddur. Son günlərə qədər isə yolda şlaqbaum olub. Ən əsası, sözügedən yol Daşkəsənlə Gəncəni birləşdirən yeganə dəmiryolu xəttidir ki, relsin bu cür plansız şəkildə bağlanması Daşkəsən rayonunun gələcək dəmiryolu perspektivi üçün süni əngəldən, Əhəd Abıyevin də yarıtmazlığından başqa bir şey deyil.
Demokratik.Az
Oxşar xəbərlər