Demokratik.Az-a qarşı plagiatlıq edib ADAU rektoruna hücum çəkən "reket"lər kimlərdir?

  • 24 yan 2022, 10:50
Kompüter əsri gəlişdikcə, rəqəmsal dünya öz hədsiz-hüdudsuz imkanlarını hər kəsin üzünə açdıqca yeni və ciddi problemlər meydana gəlir. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də sosial şəbəkələrin bəzi istifadəçiləri, eləcə də elektron KİV nümayəndələri tərəfindən qanunlar pozulur, internetdən istifadə vasitələri bəziləri üçün kriminal-şantaj alətinə çevrilir, informasiya təhlükəsizliyinin müəyyən komponentləri zədələnir.

Virtual məkan bataqlığında bəzi fərdi davranışlar istisna edilərsə, indi bu aləmdə maarifləndirmə və ictimai nəzarət həyata keçirməli olan KİV-lər də xeyli aşınmaya - çirklənməyə məruz qalıb. Bəlkə də indi bu platformanın cəmiyyətimizə faydalılıq əmsalını qorumağın tək yolu elektron KİV-lərin sağlamlaşdırılmasına dövlət nəzarətini daha da gücləndirmək, neqativlərin üzərinə getmək, müxtəlif adda domenlər və sosial şəbəkələr üzərindən yayılan məlumatların sağlamlaşdırılmasına çalışmaq, bir sıra rəsmi senzuralar belə tətbiq etmək hər şeydən vacib görünür.
"Demokratik.Az" saytı olaraq mövzunu son aylarda məhz özümüzə qarşı rastlaşdığımız plagiatlıq-şantaj planlamasının ifşası üzərindən araşdıracağıq. Eləcə də, mediaya vəzifəli şəxslərdən pul qamarlamaq üçün sivişmiş, illərini bu istiqamətdə bada verərək 2016-cı ildə "reket" jurnalistlər kimi məhkum edilmiş şəxslərin hazırki xoşagəlməz oyunlarına qısa diqqət ayıracağıq. Söhbət, vəsiqə verdiyi qadınları əvvəlcədən hədəf seçdikləri şəxslərlə görüşdürərək seksual xarakterli anıları gizli videolentə alıb insanları şantaj etmiş, eləcə də hədə-qorxu ilə məmurlardan pul tələb etmədə ittiham edilərək DTX tərəfindən 2016-cı ilin dekabrında həbs edilmiş Surxay Əliyev və Hikmət Nəcəflidən gedir.

Adıçəkilən "reket" jurnalistlər hazırda azadlıqdadırlar, nə yazıqlar ki, vaxtından əvvəl bayıra buraxılıblar. "Aktualxeber.az" və digər adda natamam rekvizitli yeni onlayn media platforması yaradan bu "qələmkeş"lər köhnə əməllərini davam etdirirlər. Məhkumluqları ödənməyən "reket cütlük" yəqin ki, yenidən dəmir barmaqlıqların soyuq həzzini yaşamağa, oralardan boylanmağa can atırlar.

Hazırda sözügedən saytın gündəlik yayımlarında işıq üzü görən yazıların ab-havasından, Surxay-Hİkmət cütlüyünün arzuedilməz davranışlarından da bu sezilir. Nə "Bizim dövr" adlı qaralama qəzetlərində, nə də "aktualxəbər" adlandırdıqları saytlarında bircə dənə olsun faydalı məqalələri dərc edilməmiş bu adamlar nəinki publisistikanın nə olduğunu bilmirlər, eləcə də adi plagiatlıq halları, vulqar ifadələrlə dolu xəbərlər tirajlayaraq Azərbaycan Jurnalistlərinin peşə davranışı kodeksinə də çirmələnib tüpürürlər.
İslah edilmədiklərini biruzə edən bu "reketyor" şəbəkə hazırda Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun-red) rektoru İbrahim Cəfərova qarşı çizdikləri şantaj planına uyğun hərəkətdədirlər. Digər media orqanları kimi bəlkə işlərinə qarışmaya bilərdik, amma, binəvalar hədlərini o dərəcədə aşıblar ki, öz çirkin niyyətlərini reallaşdırmaq üçün məhz demokratik.az saytına qarşı primitiv plagiatlıqdan, istinad mədəniyyətsizliyindən də aktiv istifadə edirlər. Bu isə təkcə media mədəniyyətsizliyi və adi "reketlik" də deyil. Bu bir saytın cildində bizə qarşı söz və əqli mülkiyyət oğurluğundan doğan cinayət, bizim qərəzsiz və obyektiv yaradıcılıq nümunələrimizə qarşı oxucumuzda mənfi rəyi yaradan və rektoru şantaja yönələn əcaib hadisədir. Buna isə susqun qalıb hansısa məmuru şantajda yazılarımızın bu cür istifadəsinə imkan vermək fikrində deyilik. Gərəkirsə polis, gərəkirsə DTX, gərəkirsə məhkəmə müstəvisində oyunbazlardan etdiklərinin hesabını soracağıq!

Təsəvvür edin ki, yalnız ötən il üçün aktual olan, hər cümləsi bəndəniz Osman Nərimanoğlunun zehni zəhməti hesabına hazırlanmış məqalələr sərlövhəsi dəyişdirilərək silsilə şəkildə indi aktualxeber.az-ın özəl yazısı kimi oxucuya sırınır. Həmin yazılardakı faktların əksərinin indi qüvvədən düşdüyü, əksər nöqsanların da aradan qalxdığı şərt ikən, "reket" cütlüyün nə etmək istədikləri, rektor İbrahim Cəfərovu niyə və necə belə bayağı üsulla hədəfə aldıqları əslində gün kimi aydındır. Amma, bizim "qucağımızda" asanlıqla cənnətə düşməyi arzu edənlər belə bədəməl yürüşlərini dayandırmadıqca, münasib yerlərindən ağrı çəkəcəkləri qaçılmazdır.

Ziyalı dostlarımızın biri belə yerdə deyərdi ki: "özünüzü nə it, nə at, nə qaz, nə də ki, mal-qara oğrusundan qorumayın - özünüzü söz oğrularından, plagiat yaramazlardan, "şərxata-reket" jurnalistlərdən qoruyun..!".

Əfsuslar ki, tanıdığımız bir çox elektron KİV-lər də sözünü etdiyimiz məsələdə diqqətsiz davranaraq plagiator "reket"lərin ADAU-ya yönəlik yazıları yayırlar. Nəticədə, oxucu zövqü korlayan, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinə ciddi təhdid yağdıranların şantajcı eşqini bilərəkdən və ya bilməyərəkdən artırırlar. Qadın-kişi demədən qarşısına keçənləri illərlə şantaj etməyi "kişilik", jurnalistlik hesab edənlərə ADAU rəhbərliyi tərəfindən zəruri cavabların, rəsmi açıqlamaların operativ verilməməsi də suyu daha çox bulandırır.
Hazırda ADAU-ya qarşı qərəzlə və belə dəlicəsinə təşkil edilmiş media hücumlarının təşkilində universitetin bir neçə saxta professorunun, dekan və müəllimlərinin əlinin olduğunu da bilirik. Onlardan eləsini də tanıyırıq ki, "daş-qalaq" edib acılamağa çalışdıqları rektor İbrahim Cəfərovun sayəsində qızı kafedra müdiri, özü isə dekan seçilib. Biri də var ki, Bakıda qarnını qabağa uzada-uzada keçəl başını qaşıyıb rektor olmaq arzusu ilə sağa-sola, hətta ADAU-nun uğursuz məzununa da həqiqətə uyğun olmayan danoslar ötürür. Qoy, bu da ayrıca müzakirə mövzumuz olsun, açıqlamağa tələsməyək.

Oxucularımız yaxşı bilir ki, əslində biz həmişə sağlam tənqiddən yana olmuşuq. Lakin, dediyimiz kimi, ADAU-ya qarşı adıkeçən "reket"lərin başlatdığı süni proses qeyri-sağlam mühitin ortaya gəlməsinə, cəmiyyət-məmur-jurnalist münasibətlərində şantaj elementlərinin hələ də varlığına zəmin yaradır. "Surxay-Hikmət" redaksiyasının həbsdən sonra da Azərbaycan Nəşriyyatındakı köhnə otaqlarında lövbər salmaları onlara dövlət nəzarətinin əslində o qədər də güclü olmadığını düşünməyə əsas verir. Həm də maraqlıdır; Cinayətin törədildiyi ünvanlar residivist cinayətkarları həmişə özünə tərəf çəkər, yəqin indi də belədir!..

ADAU-nun mətbaut xidmətinə də sorğu ünvanlamışıq, bir sıra vacib detallara aydınlıq gətirib oxuculara təqdim etməyə çalışacağıq!

Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər