Azərbaycanın bəzi rayonlarına sel gəldi - fəsadlar törətdi, can aldı

  • 08 iyun 2021, 10:37
Güclü külək və leysan Şəkidə fəsadlar törədib, bir nəfərin ölümünə səbəb olub.
Demokratik.Az-ın məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşayiət edilən qısamüddətli leysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Güclü külək bir sıra ərazilərdə ağacları qırıb.
Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəfər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 1996-cı il təvəllüdlü Şamil Əhmədov atdan yıxılaraq çaya düşüb. Suyun çox olması səbəbindən Azər Əhmədov boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 25 yaşlı Azər Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.
Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağacların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Bədiyevə məxsus fərdi yaşayış evində də dağıntılar törədib. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.
Fəsadların aradan qaldırılması və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki Rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qurumlara məlumat verilib.
Oxşar xəbərlər