Kəlbəcərdə - Ermənistanla sərhəddə nə baş verib?

  • 03 iyun 2021, 10:54

Ermənistan ordusunun 40-a yaxın şəxsi heyəti təxribat məqsədilə Kəlbəcər istiqamətindən Azərbaycan ərazisinə girib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Ermənistan ordusunun 40-a yaxın şəxsi heyətinin Kəlbəcər istiqamətindən ölkə ərazisinə girdiyi bildirilib.

Ermənistan rəsmiləri isə həmişə olduğu həyasızlıqla, məlumatı "dezinformasiya" adlandırıb.

Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayıb ki, iyunun 1-i axşam saatlarında "Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə" Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində "400 metr Azərbaycan ərazisinə daxil olub".


Müdafiə Nazirliyi həmçinin buna dair coğrafi koordinatları da paylaşıb.

Azərbaycan MN dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin ölkə ərazisindən çıxarıldığını bildirib.

Qurum əlavə edib ki, bu zaman silahdan istifadə olunmayıb.

Azərbaycan MN bunu "növbəti təxribat" sayır və hesab edir ki, sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı Azərbaycanın çağırışlarına zidd olaraq Ermənistan "iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".


Azərbaycan XİN Ermənistanı "təxribatlara son qoymağa" çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi "40-a yaxın erməni hərbçisinin ölkə ərazisinə girməsini" "davamlı təxribatlara əl atmaq və məqsədyölü şəkildə vəziyyəti gərginləşdirmək" addımı kimi qiymətləndirib.

"Bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu həllinin vacibliyini vurğulayırıq", - Azərbaycan XİN yaydığı bəyanatda bildirib.

Nazirlik elan edib ki, Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Qurum Ermənistana çağırış edib və sərhəd məntəqələrində "təxribatlara son qoymağa" dəvət edib.


Oxşar xəbərlər