Gəncə Polisindən XOŞ ADDIM - General göstəriş verdi, ağaclar qurumaqdan xilas oldu

  • 25 may 2021, 22:36
Gəncə şəhər Baş Polis İdarəsi şəhərin Abbas Səhhət qəsəbəsində susuzluqla sınağa çəkilməkdə olan şam ağaclarının taleyinə biganə qala bilməyib. Bugün günorta saatlarında Gəncə şəhər BPİ-nin rəisi, General-mayor Teymur Hacıyevin şəxsi müdaxiləsi, aidiyyatı qurumlara müraciəti sayəsində ərazidə olan ağacların su şırnağı vasitəsilə suvarılması tam təmin edilib.
Bu barədə "Demokratik.Az"-a qəsəbə sakinləri özləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, bugün "Demokratik.Az"-da yayımlanan Gəncədə Abbas Səhhət qəsəbəsində şam ağaclarını qurudub ərazini satmaq istəyirlər başlıqlı xəbərdən və sakinlər tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılmış məlum videosüjetdən dərhal sonra Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları rəisin xüsusi tapşırığı ilə sözügedən əraziyə baş çəkiblər. Polis heyəti ərazidə ağacların həqiqətən uzun müddət sulanmadığını müəyyən edərək rəhbərliyə məlumat veriblər.
Ardından, Gəncə BPİ rəhbərliyi şəhər təsərrüfatına məsul olan qurumlar qarşısında problemi qaldıraraq ağacların mütamadi qaydada suvarılması və qulluq edilməsi barədə öz irad və təkliflərini bildiriblər. Ərazidə sıradan çıxmış su krantlarının təcili bərpası üçün hər cür maddi dəstəyə hazır olduqlarını bildiriblər.
Gəncə BPİ-dən isə saytımızın suallarına cavab olaraq bildirilib ki, ağaclara qulluq polisin işinə aid olmasa da, başda General Teymur Hacıyev olmaqla Gəncə polisləri də şəhərimizin yaşıllığının qorunub saxlanmasını özlərinə vətəndaşlıq və insanlıq vəzifəsi bilir. 
Belə həssas yanaşma sərgilədiyinə, şam ağaclarını susuzluqdan xilas edilməsi üçün atdıqları insani addıma görə sakinlər adından dəyərli General Teymur Hacıyevə və tabeliyindəki bütün Gəncə polislərinə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Doğrudan da sevindiricidir! Axı, susuz ağacların halına yanmaq da, onlara qulluq və sayğı da özü-özlüyündə polis adına nəzakət və mərhəmətin simgəsidir !!! Yaşa Gəncə polisi!
Demokratik.Az
Oxşar xəbərlər