Deyirlər ki, toy olacaq... - restoranlar və insanlar hazırlaşırmı?

  • 20 may 2021, 10:08

Açıq havada toy məclislərinin keçirilməsinə icazə veriləcəyinə dair xəbərlər yayılıb, amma...

Son günlər koronavirusa yoluxma sayı azalır, yoluxanların da əksəriyyəti xəstəliyi yüngül keçirir. Yazını hazırladığımız zamana qədərki statistikada qeyd olunur ki, COVİD-19-dan daha 1024 nəfər müalicə olunaraq sağalıb, 432 yeni yoluxma faktı qeydə alınıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Həm vaksinasiyanın  uğurlu şəkildə aparılması, həm də yoluxma sayının aşağı düşməsi bir çox sualları ortaya çıxarıb. Metro, şadlıq sarayları və idman zalları açılacaqmı? Yeri gəlmişkən, yaxın günlərdə açıq havada toyların keçirilməsi ilə bağlı qərarın veriləcəyi barədə xəbərlər də yayılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov açıqlamasında bildirib ki, açıq havada toy mərasimlərinin keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində, 100-150 nəfərlik insanla epidemioloji vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsi ilə əlaqədar qərarlar da verilə bilər”.
Şadlıq saraylarının artıq hazırlıq işlərinə başladığı haqda məlumatlar da yayılmaqdadır. Bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq mövcud vəziyyəti öyrənməyə çalışdıq.
“Oazis” restoranından “Yeni Müsavat”a  bildirildi ki, hər hansı hazırlıq işləri aparılmır: "İcazə vermirlər, hazırlaşmağın da  mənası yoxdur. Bəli, həyətimiz, şəraitimiz var. Əvvəllər də biz açıq havada toy etmişik. Amma indi heç nəyi quraşdırmamışıq. Qərarı gözləyirik".
“Muğam ocağı” restoranından da buna oxşar cavab aldıq: “Hamı deyir toy olacaq, hətta  zəng vurub soruşurlar.  Amma rəsmi bir xəbər yoxdur. Yalnız rəsmi qərardan sonra biz hazırlıq işlərinə başlaya bilərik. O ki qaldı neçə nəfər üçün mümkün olmasına, açıq havada 200 nəfərlik deyil, 70-80 nəfər üçün toy təşkil etmək olar”.
“Aura” şadlıq sarayından da bildirildi ki, hazırda hökumətin qərarına uyğun olaraq fəaliyyət göstərirlər: “Hələ ki bizə məlumat verilməyib, ona görə hazırlaşmırıq. Bizə xəbər veriləndən dərhal sonra işə başlayacağıq”.
Toylar kimi, bir ildən çox müddətdir ki, metro da fəaliyyətini dayandırıb. Görəsən, metronun açılması ilə bağlı yenilik varmı?
Bəxtiyar Məmmədov: “Metronun “Nəriman Nərimanov” stansiyasında sərgi  keçiriləcək”
 Bəxtiyar Məmmədov
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da “Yeni Müsavat”a  metronun açılacağı ilə bağlı qərarın olmadığını deyib: “Son qərarı verəcək səlahiyyətli qurum Operativ Qərargahdır. Bizə hər hansı bir şifahi,  yazılı tapşırıq  və ya qərar gəlməyib. Ona görə də yaxın müddətdə metronun açılıb-açılmaması ilə bağlı bir fikir deyə bilmərəm. Operativ Qərargah nə vaxt qərar verəcək, ona  uyğun olaraq işimizi tənzimləyəcəyik. Metro gündəlik iş rejimi şəraitində bütün infrastrukturunu hazır vəziyyətdə saxlayıb”.
Qeyd edək ki, suallarımızla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan da münasibət öyrəndik. O isə cavabında bununla bağlı hər hansı məlumatın olmadığını deyib.
Bundan başqa, bu barədə Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, bu barədə hansısa bir qərar olacaqsa, bunu Operativ Qərargah elan edəcək, ancaq ümumi olaraq yumşalma ilə bağlı meyillər hiss olunur: “Yumşalmalar o zaman olur ki, yoluxma halları getdikcə azalır və aşağı düşür, epidemioloji şərait yaxşılaşır və o zaman karantin rejimini müəyyən bölgələrdə, yaxud da bütün ölkədə yumşaltmaq olur. Hazırda bu meyillər hiss olunur. Ancaq biz daha geniş yumşalmalardan danışırıqsa, gərək vaksinasiyanı da sürətləndirək, peyvənd vurduran insanların sayı çoxalmalıdır ki, karantini aradan qaldırmaq mümkün olsun. Biz çox arzu edərik ki, yay mövsümündə yumşalmalar olsun, insanların istirahət etməsi, xüsusilə də D vitamini toplaması, immunitetin gücləndirilməsi üçün yay dövründə fəal həyat tərzi keçirmək olduqca vacibdir. Ancaq buna epidemioloji şərait nə qədər imkan verəcək və yumşalmalar hansı qaydada həyata keçiriləcək, bununla bağlı qərarı Operativ Qərargah verəcək”.
Komitə sədri qeyd etdi ki, gündəlik yoluxma sayı bir qədər də azalarsa, toylarla bağlı, həmçinin digər yumşalmalarla əlaqəli qərar verilə bilər: “Yoluxma üçrəqəmli həddədir. Lakin biz arzu edirik ki, gündəlik yoluxma sayı 200-300-dən aşağı olsun ki, o zaman yumşalmadan daha rahat danışaq. Amma vaksinasiyanın sürətləndirilməsi və genişləndirilməsi istiqamətində də həm Operativ Qərargah tərəfindən təşkilati tədbirlər həyata keçirilməlidir, həm də KİV maarifləndirmə və təbliğatı genişləndirməlidir”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vurğuladı ki, açıq havada 100-150 nəfərlə toy mərasimlərinin keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümündə bəlli insan sayı ilə karantin tədbirlərinə riayət etməklə, vəziyyətə uyğun olaraq məsafəni saxlamaqla restoranların bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik”.
Restoranların toylara hazırlaşdığı, kütləvi mərasimlərə qoyulan qadağanın götürüləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra isə insanların şadlıq evlərinə axın etdiyi ilə bağlı məlumatlar yayılıb.
Mayın 21-dən karantin rejiminin yumşaldılacağı, bəzi qadağaların götürüləcəyi ilə bağlı yayılanların nə qədər doğru olub-olmadığını öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu barədə hansısa bir qərar yoxdur.
Bəs restoranlar toy şənlikləri keçirməyə hazırlaşırmı?
Sualımıza cavab tapmaq üçün qapalı məkanla yanaşı, açıq havada da xidmət göstərən şadlıq saraylarının bir neçəsi ilə əlaqə saxladıq, toy şənlikləri ilə bağlı müraciət edənlərin olub-olmadığını öyrəndik. Ümumi olaraq bildirdilər ki, müştərilər axın etsələr də, rəsmi qərar olmadığı üçün sadəcə gün təyin edərək hansısa qərarın veriləcəyini gözləyirlər.
“Gilavar” şadlıq sarayından Publika.az-a bildirildi ki, hazırda toyla bağlı çoxsaylı müraciətlər var: “Ancaq rəsmi məlumat yoxdur. Biz də müştərilərə bildiririk ki, rəsmi şəkildə təsdiqlənərsə, o halda toylar təşkil oluna bilər. Müraciətlər indi də olur, keçən ildən qalanlar da var. Tarixi təxirə salırıq. Heç kəs toy etmir, hamı gözləyir. Yeni müraciətləri iyun və iyul aylarına qeyd edirik. Ümid edirik ki, icazə verərlər. Rəsmi olaraq təsdiqlənsə, bizim açıq hava məkanımız var, hazırıq ki, qərar verilən kimi, toyları keçirməyə başlayaq”.
“Golden Garden” şadlıq evindən də dedilər ki, müraciət edənlər çoxdur, lakin rəsmi məlumat olmadığına görə, restoran müştəriləri üçün dəqiq gün təyin edə bilmir: “Ancaq qərar təsdiqlənərsə, həmin gündən başlamağa hazırıq”.
Oxşar xəbərlər