Rauf Arifoğlu ŞUŞADA Şuşadan yazdı: "Hərəmiz bir parça Şuşa..."

  • 13 may 2021, 10:36

Şuşanın içində ərimişik. Hərəmiz bir parça Şuşa olmuşuq. İndi burada olan hər kəs sanki Şuşanın yeni salınan küçəsidir. Əfsanə şəhərimizə qarışaraq, içimizdəki qüruru bu cür böyüdürük. Və 29 ildir yığılıb qalan QƏHƏRİ göz və söz yaşlarımıza qarışdırıb, ruhumuzdakı Şuşanın dağıdılmış küçələrini ‘’asfaltlayırıq’’.
İçimiz abadlaşır...
****
Biz Şuşaya qarışmışkən, bayram da bayrama qarışıb.
İndi əslində Azərbaycanın ən böyük bayramının adı Şuşadı.
Şəhərlər Sultanı.
Və 11 ayın Sultanı Ramazan da bizimlədi, Şuşadadı...
Yuxarı Gövhər ağa məscidi tam təmir olunub və Bayram namazı orada qılınacaq.
Son 29 ildə ilk dəfə.
****
Şuşa fatehi və bütün bunların ssenarisini yazan lider ‘’Xarıbülbül’’ musiqi festivalındakı çıxışında dedi ki, bu tədbirləri bilincli və planlı şəkildə özü tərtib edir, bayram və festivalın bir yerə salınaması da planlıdır.
İlham Əliyev Şuşanı ölkəsinin də, dost-düşmənin də 1 saylı məsələsinə çevirib.
Azərbaycanın gələcək daha böyük hədəfləri üçün, Qarabağ, Xankəndi, Xocalı, Ağdərə, ...Zəngəzur naminə, sülhməramlıların qısa ömrü üçün Şuşa ən mühüm amildir.
Onun abad, güclü, daha gözəl olması o hədəflərin hamısının açarıdır.
Şuşa demək – arana, dağa bölünmədən bütöv, təhlükəsiz Qarabağ deməkdir. Xankəndinin gələcəyinə böyük təməl atılmasıdır.
****
Bizi isə özü dəvət edibmiş.
Düşməni kimi, dostlarını da yaxşı tanıyır...
Sınadı, gördü, inandı...
Müharibə dövründəki fəaliyyətimizi təqdir etdi.
Eynulla ilə zarafatlaşdı.
Mir Şahinə ‘’dostum’’ deyib, əlini sıxdı.
Reza Deqati ondan, o da ünlü fotoqrafın son çəkdiklərindən danışdı.
Aynurun, Vüsalənin təklif və düşüncələrini dinlədi.
Nuranini xüsusi olaraq təriflədi.
BBC müxbirinə xatırlatdı...
‘’Oxuyuram, hər kəsin yazdığını izləyirəm’’...
Yerli mediaya müsahibə verəcəyini anons etdi.
Dedi-güldü.
Sonra foto çəkdirdi.

Elə həmin yerdə baş verirdi bunlar; Paşinyanın yallı getdiyi, çaxır içib, Anna ilə məsti-xumar uzandığı məkanın 5-6 addım solunda.
Ötən ilin bu zamanlarını və həmin olanları xatırlatdı...
****
Siz də xatırladınızmı?
Vur-ha-vuru...
Paşinyanın o hərəkətinə görə milləti ayağa qaldırmaq cəhdlərini, ‘’Şuşanı vur’’ həşirini...
O zamanı və o hərəkəti yapanları unutmayın.
Haqlı deyildilər.
Şuşa deyildilər - Şuşaya qarışmağı yox, Şuşa ilə ölkəni qarışdırmağı hədəfləmişdilər.
Cəmi 1 il öncə idi...
Prezident jurnalistlərlə tədbir sonrası ayaqüstə etdiyi söhbətdə həmin günləri xatırlatdı.
Obrazlı danışdı. Dedi, bir il bundan əvvəl burada başqa musiqi səslənirdi...
Düşmənin səsini də, nəfəsini də, musiqisini də kəsmək...
Və demək: “Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək...”
Festivalın mahiyyəti də, məzmunu da budur.
İlham Əliyev dünyaya Azərbaycanın gerçək mahiyyətini nümayiş etdirir. Və bunu da Şuşada həyata keçirdir. Özü də açıq deyir. ‘’Dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk’’.
Çoxkonfessiyalı ölkə olduğumuz düşmənlə aramızdakı ən mühüm fərqlərdən biridir.
Prezident bunu çox ağıllı şəkildə, sözün bütün mənalarında, mədəniyyət dili ilə dünyaya nümayiş etdirir.
Həm də gələcəkdə erməni vətəndaşları(mız)a dair olan və ola biləcək sualara cavabdır bu konsepsiya...
****
Paşinyanın yallı getdiyi nöqtəni bilənlərdən tam dəqiqləşdirib, o nöqtədən başlayıb, qəhrəman ordumuzun Şuşaya girdiyi sıldırımlara qədər uzanan bir video-reportaj etdim. Ağlımdan keçəni söyləməklə - ötən il bu zaman kim düşünə bilərdi ki, Şuşanı qondarma və cinayətkar qurumlarına paytaxt etmək kimi avantürist və axmaq addımlar atan Paşinyan, bu qurumun rəhbəri Araik Aryutyunyan, cəmi ermənilər bunca bərbad gündə olacaqlar.
Festivalın təşkilatçısı olan Heydər Əliyev Fondunun təmsilçiləri bizə şəhəri gəzdirdi...
Araikin dizini qatlayıb, şam yandırıb dünya ermənizminə yalvardığı məşhur kilsəyə getdik. Əsaslı təmir olunurdu.
Sonra məşhir Şuşa qalasına getdik. Restavrasiya olunmaqdadır. Çox maraqlı fotolar çəkdirdik.
Oradan da Yuxarı Gövhərağa məscidinə getdik.

Şuşa Cümə məscidi təmirdən tam çıxıb, sabahkı Bayram namazına hazırlanıb.
‘’Xarıbülbül’’ otelinə gəldik, yenicə açılıb, Prezident bizdən bir gün öncə lentini kəsib, xeyir-duasını verib.
Bir az yemək yedik. 9 radələrində bizi Şuşa atəşfəşanlığını izləmək üçün uyğun bir yerə dəvət etdilər. Prezidentin köməkçisi Anar Ələkbərov, Polad Bülbüloğlu, yazıçı Anar, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov...
Murad Dadaşov, Balakişi Qasımov, Qulu Məhərrəmli, Elçin Şıxlı, Elbrus Ərud, Eynulla Fətullayev, İlqar Hüseynov, Aynur Camal, sənətçilər, gənclər, yaşlılar...
Elə bil hamı göyə atılan fişəngləri öz içindən atəşləyib, buraxırdı!
O fişənglərin hədəfi Xankəndi erməniləri idi.
Sadəcə, göyə atılırdı.
Amma əminəm ki, hədəflərə dəyirdi, dəydi.
Dəqiqələrcə bu təəssüratla izlədim, atəşfəşanlığı.
Həm də çəkdim.
Mən bu sətirləri Şuşada, ‘’Xarıbülbül’’ otelində yazanda, həmin lentə artıq 40 min azərbaycanlı baxmış, 360 seyrçi şərh yazılmışdı.


***
Şuşadan yazı yazmadım.
Şuşada bir yazı yazdım.
Həyatımda bir ilk oldu.
Sanki bir şəhərdə yox, başqa bir dünyadayam.
Buranın ziyarətgah atmosferi varmış.
Havası dəyən kimi, hamı təmizlənir, mehribanlaşır, həmrəy olur...
****
Şuşanın qayıtmasının özü Azərbaycana bir bayramdır - hər il 8 noyabrda qutlayacağıq bu tarixi hadisəni.
O baxımdan, ikiqat bayramın mübarək, ölkəm!
 

Rauf ARİFOĞLU
Oxşar xəbərlər