Göygöldə şagird inhisarçılığı! Kəlbəcər rayonu 111 saylı tam orta məktəbi bağlana bilər

  • 15 may 2021, 23:13
Göygöl rayonunda yerləşən Kəlbəcər rayonu 111 saylı tam orta məktəb bağlanma təhlükəsi ilə üz-üzə qalıb. 1993-cü ildən etibarən ermənlərin Dağlıq Qarabağa və ətraf rayonlarına hərbi təcavüzü nəticəsində Göygöl rayonuna pənah gətirmiş təhsil ocağı şagird qıtlığı yaşayır...
"Demokratik.Az"-ın məlumatına görə, məcburi köçkün məktəbi ötən müddət ərzində 100-lərlə ailənin məskunlaşdığı ərazidə yerləşməklə Göygöl rayonunun 2 saylı tam orta məktəbinin binasında yerləşdirilib. Məktəbdə əvvəllər 100-lərlə şagird təhsil alsa da, artıq bu say 50-yə qədər azalıb və ümumilikdə bir neçə sinif olmaqla fəaliyyətini güclə davam etdirir.
Saytımıza verilən məlumata görə, qəribə səslənsə də sözügedən məktəbdə oxumalı olan bütün şagird kontingenti, paralel olaraq da müəllim və texniki işçi heyəti məqsədli olaraq Göygöl rayonu 2 saylı tam orta məktəbinə köçürülüb. Belə ki, məcburi köçkün məktəbinin öz binasının olmaması, inventarizasiya qıtlığı və bu kimi amillər yerli məktəbin direktorunun işinə yarayıb. "Bacarıqlı" direktor Şəmistan Məmmədov məlum boşluqlardan istifadə edərək Kəlbəcər RTŞ-nin 111 saylı tam orta məktəbinin bütün potensialını, şagird bazasını mənimsəyib.

Məlumata görə, Təhsil nazirliyi tərəfindən sıradan araşdırma aparılarsa məlum olar ki, əslində sözügedən məcburi köçkün məktəbi olmasa idi biz indi Göygöl rayon 2 saylı tam orta məktəbinin bağlanacağını yazmalı olardıq. Çünki uzun illərdir yerli məktəbdəki şagirdlərin böyük əksəriyyəti yalnız sözügedən məcburi köçkün məktəbinin transferləri hesabına formalaşdırılıb.

Baş verənlər haqlı olaraq Kəlbəcər RTŞ-nin 111 saylı tam orta məktəbinin direktorunu və bütün müəllim kollektivini narahat edir. 

Məlumat olaraq xatırladaq ki, şagirdlərin bir məktəbdən başqasına köçürülməsi TN-in təsdiq etdiyi "Təhsil müəssisələrini dəyişmək qaydaları" əsasında həyata keçirilir. Həmin qaydanın 2.5-ci bəndinə görə isə: "Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir". Belə olan halda, Göygöl TŞ-nin və Göygöl 2 saylı tam orta məktəbinin direktorunun hansı hüquqi əsaslarla məcburi köçkün şagirdlərini özlərinə köçürmə etmələri sual doğurur. Belə çıxır ki, yerli məktəb qeyri-qanuni əsaslarla məcburi köçkün məktəbini inhisarına alaraq özbaşınalıq edib.
(mövzu diqqətimizdədir)
Demokratik.Az
Oxşar xəbərlər