Gəncədə hüquq adına rəzalət! 32 hakimin 103 qərar və qətnaməsi faydasızdır - ŞİKAYƏT

  • 04 may 2021, 11:19

Gəncədə icra məmurlarının vətəndaşa qarşı özbaşınalığı və süründürməçiliyi davam edir.
Vətəndaş Əliyeva Kifayət İsbar qızı uzun illərdir ki, qanuni məhkəmə qətnaməsinin icrasına nail ola bilmir, icra məmurları yeni bəhanə və hallarla tələbkara qarşı haqsızlıqlar edir.

İcra özbaşınalığından təngə gələn şikayətçi yenidən ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət edib.
Şikayətçi "Demokratik.Az"-a müraciət edərək probleminin ictimailəşdirilməsini, haqq səsinin yuxarı dövlət orqanlarına açıq məktubla da çatdırılmasını xahiş edib.

Şikayətçi son müraciətində aşağıdakıları yazır:

"Hörmətli Redaksiya!

Azərbaycan Konstitusiyasının qərarlarını kobudcasına rüşvət bahasına pozan “Hakimlərin” və  “Yerli məmurlar”ın  ucbatından ailəmlə bərabər qanunları pul ilə alqı-satqı edən hakimlər və məmurlar tərəfindən həm təhqirə məruz qalmışıq, həm də Azərbaycan vətəndaşı kimi hüquqlarımız kobudcasına pozulub və pozulmaqda da davam edir. 


Dəfələrlə Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin müddəaları kobud surətdə pozularaq, qanunla qorunan mənzil hüquqlarımız korrupsion məmur və hakimlər tərəfindən öz şəxsi mənafeləri hesabına qərəzli surətdə, şəxsi maraqlarına görə bu günə kimi pozulmaqdadır.


Gəncə şəhər Nizami rayon Məhkəməsi ilə Gəncə Apellyasiya Məhkəməsi arasında sanki bir oyun gedir. Hakimlər toxunulmazlıq statusundan sui-istifadə etməklə, öz aralarında “ötürhaötür” oyunu oynayırlar. 

“Hakiməm, müstəqiləm” deyərək xalqı əzən, incidən hakim andını pozan cinayətkar, ədalətsiz, korrupsioner hakimlər nə vaxt və kim tərəfindən cəzalanacaqlar?


Azərbaycanda atadan miras qalmış, sahəsi 3 sot olan Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk övladlar: oğul Ələkbərov Sabir Tahir oğlu və qız Quliyeva Sayidə Tahir qızı arasında bölünmə prosesi üçün 2007-ci ildən başlayaraq Azərbaycan Respublikasının 32 (otuz iki) adda hakimi tərəfindən 103 (yüz üç) sayda Qərar və Qətnamələr çıxarılmışdır. 

Və hələ də bu günə kimi məhkəmə prosesləri davam etdirilir.

Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimov Məhkəmə qərarlarını icra etmək əvəzinə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin korrupsioner rəisi Abdulla Abdullayevlə “müştərək iş” quraraq mübahisəli mülk üzərində həbs qərarının olmasına baxmayaraq, DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin öncəki rəislərinin edə bilmədiyi, özünün dediyi kimi “arxası möhkəm olan” məmur Abdulla Abdullayev “işin tamamlanmasını” öz üzərinə götürərək mübahisəli mülkün satılması üçün 5 saylı Notariat Kontora saxta sənəd təqdim etmiş və Bakı şəhər sakini Məmmədova Sevda Hidayət qızına nömrəsiz, müdriyyətin imzası və möhürü olmadan çıxarış vermişdir. Göstərilən çıxarışı vətəndaş Məmmədova Sevda Hidayət qızı Məhkəmə və Polis orqanlarına təqdim edir.

Bu gün biz həm ata ocağımızdan məhrum olunmuşuq, həm də Məhkəmə tərəfindən 29860 (iyirmi doqquz min səkkiz yüz altmış) manat dəyərində qiymətləndirilmiş ailəmizə məxsus 156 adda ev əşyalarımızı geri ala bilmirik.

 DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk üzərində aparılan əməliyyatların qanunsuzluğu barədə illərdir şikayət edirəm:

- Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarında mübahisəli mülkün    22 m2 sahəsindən bəhs olunduğu halda, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-in Gəncə şəhər 3 saylı Ərazi İdarəsindən mülkü hansı əsaslarla 100 m2 sahəyə: A və B hissələrə ayrılması barədə açıqlama verilmir.


- Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2019-cu il tarixli 26263 saylı ekspert Rəyində Gəncə şəhəri Bakı küçəsi 70 saylı ünvanda yerləşən torpaq sahəsinin 32,6 m2 və yaşayış evindən bir giriş-çıxış yolunun olduğu müəyyən edildiyi göstərilmişdir.

Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-in Gəncə şəhər 3 saylı Ərazi İdarəsinin rəisi Abdulla Abdullayev qanunvericiliyin tələblərinə məhəl qoymayaraq, korrupsiya əməlləri ilə məşğul olması barədə dəfələrlə ünvanladığım məktublara doğru - düzgün cavab ala bilmirəm. Hər dəfəsində şablon, təkrar tipli məktublar göndərilərək, korrupsiya əməllərinə sanki dəstək olurlar. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri və məsləhətçiləri arasında oynanılan “Biznes oyunu” bitmək bilmir, şikayət ərizələrimiz üzərində “ötürhaötür” oyunu oynanılır.

Sizdən bir Qarabağ müharibəsi veteranının anası kimi Xahiş edirəm, mənə köməklik edəsiniz.

Ümid edirəm və inanıram ki, Sizin köməkliyinizlə mətbuatda növbəti dəfə işıqlandırmaqla neçə illərdən bəri pozulan hüquqlarımız bərpa olunar və haqq-ədalət öz yerini tapar". 


Demokratik.Az şikayətlə bağlı adıkeçən qurum və şəxslərin söz haqqını da tanıyır

Oxşar xəbərlər