Demokratik TV
Prezidenti aldadan "Qaçqınkom" və "Azərsu" Gəncədəki məcburi köçkün ailələrinə niyə texniki su içirdir?
Gəncə şəhəri ərazisində yerləşən, 600 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə içməli su problemi yaşayır. 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin və sabiq qaçqınkom rəhbəri Əli Həsənovun da iştirakıyla sakinlərin istifadəsinə verilən 2-ci məcburi köçkün qəsəbəsində bütün evlərə "Azərsu" ASC tərəfindən içməli su adı altında texniki su satılır.

Qəsəbə sakinlərinin şikayətindən belə aydın olur ki, "Azərsu" rəhbərliyi başda olmaqla, qəsəbəyə cavabdehlik daşıyan bəzi şəxslər sözügedən nöqsanın varlığından sui-istifadə edərək yalnız şəxsi məqsədləri naminə əlbir olaraq qeyri yollarla özlərinə karlı pullar qazanırlar. Belə ki, içməli suyun keyfiyyətli olmasına illərdir ki, səy göstərməyən, mühitin əsas sağlamlıq göstəricilərini tam unudan, insanların içməli su təhlükəsizliyinin tam təminatına laqeyid olan adamlar qəsəbədən ayda orta hesabla 10-12 000 (on - on iki min) manat, il ərzində isə 120-150 000 ( bir yüz iyirmi - bir yüz əlli min) manat civarında supulu ödənişi qismində küllü miqdarda pul vəsaiti toplayıblar ki, bu tendensiya illərdir davam etməkdədir.

Tonu 0,60 AZN olmaqla və adambaşına 5 kubmetr norma həddilə hər ay yığılan pulların büdcəyəmi, yoxsa "Azərsu" hesabına və ya konkret hansı ciblərə ötürülməsi, necə xərclənməsi özlüyündə ayrıca bir müəmmadır. Bu halın cinayət işi açılmaqla araşdırılmasına, korrupsioner sabotajçıların ifşasına və cəzalandırılmasına kəsin ehtiyac var. Bundan başqa, sözügedən sudan illərdir ki, içməyən bütün qəsəbəyə başbilən işbazlar tərəfindən müasir 3 tonluq çəndaşıyan maşın vasitəsilə də günaşırı ağ su satılır.

Şikayətçi sakinlərin sözlərinə görə, qəsəbədə bu problemə ilk gündən rəvac verənlər maşınlarda onlara su satmaqla həm də özlərinin nöqsanlarını ört-bas etməyə çalışırlar və bu yolla maraqlı şəxslər illərdir kütləvi şikayətin oyanışının qarşısını almağı bacarırlar. Ən dəhşətlisi, məcburi köçkünlər hesab edir ki, onları su ilə sınağa çəkənlər öz əməllərilə təkcə onları deyil, xüsusi qayğısı və diqqəti sayəsində qəsəbənin 2014-cü ildən tikilib istifadəyə verilməsinə töhvə verən dövlət başçısının bilavasitə özünü aldadıblar. Qəsəbə istismara verilərkən paylanan evlərdə adi hamam şəraitinin və kanalizasiya sisteminin olmamasının prezidentdən gizlədilməsi də məsələnin ciddiliyinə əsas verir.



Şikayət ətrafında qısa araşdırma sayəsində müəyyən etdik ki, "Azərsu" rəhbərliyi Ekologiya Nazirliyinin müvafiq laboratoriyası tərəfindən sözügedən artezian suyunun içməyə 90-95% yararlılığı barədə sənəd ala bilib. Şikayətçilər də alınan rəyləri saxta hesab edir. "Azərsu"-yun regional nümayəndələri suyun keyfiyyətinə dair ayda bir neçə dəfə nümunələr götürərək sözügedən artezian suyuna "ƏLA!" qiymətlər yazdıra bilirlər. Bütün baş verənlər isə sadəcə rəzalətdir və vətəndaşlarımıza qarşı yolverilməz maxinasiyadır.

İnanaq və ümid edək ki, hökumət təcili olaraq sözügedən qəsəbədə insanların sağlamlığına ciddi təhlükə olan su təchizatını araşdıracaq, illərdir "Azərsu" sədri Qorxmaz Hüseynova qədər uzanan məlum "SU MAFİYASI" barədə ciddi tədbirlər görəcək...
Osman Nərimanoğlu
Demokratik.Az-dan: "Qaldırılan köklü problemin həlli əslində çox asandır. "Azərsu" yaxşı olardı ki, artezian suyunun anbara verilişini dayandırıb qəsəbənin 1 kilometrliyindən keçən Göygöl magistral su xəttindən qəsəbəyə içməli su verilişini təmin etsin. Ya da insafa gəlib texniki suyu vətəndaşlara 60 qəpiyə deyil, öz qiymətinə - 30 qəpikdən satsın!
Demokratik.Az
