Alimpaşa Məmmədov nədə ittiham edilir?

  • 29 apr 2021, 13:35

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun həbs edilməsiylə bağlı məlumat yayıb.

Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.

"Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir",- DTX-nın məlumatında deyilir.


DTX bildirir ki, Alimpaşa Məmmədovun Şəmkir ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa onun Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına dair şübhələr müəyyən edilib.

"Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir", - məlumatda deyilir.

DTX bildirir ki, Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir, DTX bildirir.

Alimpaşa Məmmədovun təqdim olunan ittihamlara münasibəti barədə məlumat verilməyib.

Aprelin 28-də Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısının işinə baxan Səbail Rayon Məhkəməsi onun barəsində 4 ayılıq həbs qətimkan tədbirini seçib.

Alimpaşa Məmmədov rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

Oxşar xəbərlər