Qaxda ov edən ərəblərin barıt qoxusu Əhmədzadəyə də uzanır - Şəkiliyev durdurulmalıdır!

  • 27 mart 2021, 16:30
Bir müddətdir Qaxda ov edən ərəblərin ictimai qınağa tuş gəlməsi, pandemiya dönəmində əcnəbilərin necə və hansı asan yolla Azərbaycan gələ bilə bilməsi sualları gündəmin əsas müzakirə mövzusu olub. 
Demokratik.Az xatırladır ki, faktın varlığını ictimaiyyətə reportaj halında ekoaktivist Cavid Qara təqdim edib. Və mövzunun videotəqdimatı əsnasında ərəblərin tərcüməçisinin "bunlar Kəmaləddin müəllimin qonaqlarıdır" deməsi də maraq doğurub. Bununla da ərəblərin fövqəlnazirin qonağı olmaları, onların Qaxa gəlmələrini məhz Kəmaləddin Heydərovun təşkil etməsi də iddia edilib.
Lakin, ötən gün fövqəlnazir bildirib: “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.
Bəs, əgər belədirsə, ərəbləri Qaxda yerbəyer edən, onlara ov seyrəngahı düzənləyən mötəbər əslində kimdir?
Demokratik.Az sual ətrafında kiçik məntiqi araşdırma aparıb. Və Kəmaləddin müəllimin imtina etdiyi "ərəb kələfi"nin ucu, atdıqları güllələrin barıt qoxusu bizi "Meliorasiya və Su Təsərrüfatı ASC"-nin qocaman rəhbəri Əhməd Əhmədzadə adının da lap yaxınına aparır.
Real faktlar göstərir ki, Qax rayonu orada doğulub boya-başa çatmış baş melioratorun müstəsna kurasiyasındadır. Rayonda xüsusi nəzarətə və bütün işlərə "icazə yetkisi"nə sahib olan Əhməd Əhmədzadədən xəbərsiz ərəblərin rayona gəlib ov etmələri belə asan görünməsin. Rayonun icra başçısı Musa Şəkiliyevin özü də karyerasını məhz Əhmədzadəyə borcludur ki, bütün addımlarında sonuncu ilə məsləhətləşməyə məhkumdur.
Az qala bütün ölkə ictimaiyyəti bilir ki, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında ən mötəbər vəzifələri, yararlı torpaq sahələrini, iri ticarət obyektlərini də Əhmədzadələrdən soruşurlar.
Təsadüfi deyil ki, Əhməd müəllimin qardaşı Mübariz Əhmədzadə 2007-2009-cu illər ərzində Qax rayonunun, hazırki günədək də Zaqatala rayonunun icra hakimiyyətinin başçısı postunu tutur. Adıkeçən rayonlarda rəhbər vəzifələrdə də Əhmədzadələrin və yaxın qohumlarının toplaşması da təsadüfə oxşamır. Amma, yalnız bu faktlarla ərəb ovçularının Əhmədzadənin qonaqları olduğunu da iddia etmək bizim üçün sadəlövhlük olardı.
Bildiyiniz kimi, ərəblərin göyərçinlərlə rəhimsiz rəftar edib qiymətli çöl quşlarımızı ovlamaları və digər həngamələri Qax rayonunun Acınohur ərazisində qeydə alınıb. Məsələnin böyüməsindən sonra isə özbaşınalığa cavabdehlik daşıyan və ekotəcavüz faktına illərdir göz yuman Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. 
ETSN-in tez-tələsik və özünümüdafiə məqsədli açıqlamadan aydın olur ki, ərəblər dövlət əmlakında deyil, öz ov seyrəngahlarını hansısa adı açıqlanmayan Qax rayon sakininin torpaq sahəsində qurublar.
Demokratik.Az Qax rayonunda olan mötəbər mənbənin köməkliyilə icarədarın kimliyini öyrənməyə çalışıb. Və ilkin bilgilərlə aydın edib ki, ETSN-in adını çəkmədiyi yerli sakin Əhməd Əhmədzadənin qohumudur və qoruq ərazisində 372 ha torpaq sahəsinin vətəndaşa icarəyə verilməsində Əhmədzadənin vasitəçiliyi olub. İllərdir ki, həmin ərazidə ov seyrəngahlarının təşkilində də baş melioratorun xeyir-duasının olduğu aldığımız xəbərlər sırasındadır. Əslində isə həmin torpaq sahəsini sahiblənən şəxs turizm fəaliyyətilə deyil, maldarlıq təsərrüfatı ilə məşğul olmalıdır.
Yerli sakinin kimliyi və Qaxda ona yaradılan digər əlahiddə səlahiyyətlər barədə yaxın günlərdə daha ətraflı və detallı məlumatlar da verməyə çalışacağıq. Hələlik o məqamı bildirək ki, ETSN-in adını çəkmədiyi şəxsin də adı Kəmaləddindir və ərəblərin Kəmaləddin Heydərovun qonağı olması iddiası elə bu faktla da ortaya çıxa bilər. Lakin, deyilən hal Kəmaləddin Heydərovun özünün ərəblərlə dostluğuna və fövqəlnazirin özünün təkzib etdiyi məlumata kölgə salmır.
Qeyd etmək lazımdır ki, "Qanunvericiliyə əsasən, dövlət təbiət yasaqlıqlarının mülkiyyətiçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil". Yəni, həmin torpaqlar dövlət fond torpaqları kateqoriyasına daxildir ki, Acınohur yasaqlığı ərazisində torpaqların icarəyə verilməsini yerli İHB-nin müvafiq sərəncamı əsasında əldə etmək olur. Bu hal da Qax icra başçısına şərait yaradır ki, O, Əhmədzadənin hansısa yaxınına istədiyi qədər torpağı icarəyə verə bilərdi. 
Onu da bildirək ki, Acınohur yasaqlığının sahib olduğu torpaqların ayrı-ayrı şəxslərə icarəyə verilməsi halı son illərdə kütləviləşib. Düzənliyin təkcə 14000 hektarlıq hissəsindən 7500 ha Qax İHB-nin sərəncamı ilə 2017-ci ildən “Aqroinkişaf - 2017” MMC-yə 15 illik əkinçilik məqsədilə verilmişsə, eləcə də 100 hektarlarla örüş-otlaq ərazi mal-qara saxlamaq adı ilə müxtəlif yerli sakinlərin icarəsinə verilib.
Həmin ərazilərdə daha kimlərə və nə qədər torpaq sahəsinin icarəyə verilməsi dərindən araşdırılmalı, ümumiyyətlə həmin ərazilərdə əkin və digər məqsədlərlə istifadənin qarşısı alınmalı, yerli İHB-nin payladığı əsassız sərəncamlar bütövlükdə ləğv edilməlidir. Dövlət fond torpaqlarına İHB-nin kütləvi halda payladığı sərəncamların nə dərəcədə qanunauyğun olması, niyə bu işin Əmlak Məsələləri Dövlət xidməti tərəfindən deyil, icra başçısı tərəfindən həyata keçirilməsinə aydınlıq gətirilməlidir. Yoxsa, ərəbsayağı işbazlar tezliklə sözügedən ərazilərdə fauna-floranın, heyvanat aləminin axırına çıxacaqlar. Kimin qonağı olmasından asılı olmayaraq, ərəblər də tez-tez ova gəlib gedəcəklərsə, xeyiri ancaq Kəmaləddinlərə, zərəri də beləcə yenə vətənimizə olacaq!
Axı, 10 ildir Azərbaycanda ov edən ərəblərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ov icazəsi üçün adambaşına qamarladığı 2500 dollar pul da, şərq şahinlərin ölkəyə girişinə görə də hər quş üçün yığılan 500 dollarlar ortada olan maddi-mənəvi ziyanın heç bircə damlası da deyil...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər