Rövşən Əkbərovun həbs səbəbi: qətl, yoxsa Vətənə xəyanət? – İLGİNC

  • 21 mart 2021, 16:15
General-leytenant Rövşən Əkbərovun həbsi olduqca ciddi hadisə olmaqla bərabər, özündə kifayət qədər müəmmaları da əks etdirir.
Rəsmi versiya R.Əkbərovun 2001-ci ildə Kiyevdə qətl hadisəsi törətməsi ilə bağlıdır. R.Əkbərovun törətdiyi qətldən 20 il sonra saxlanılması ciddi müzakirə doğurub. Çünki bu müddət ərzində Ukrayna Prokurorluğu qətl hadisəsi ilə bağlı ciddi dəlilləri üzə çıxararaq, onları Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim edib. Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında aparılan istintaq hərəkətləri isə “arqument azlığı” bəhanəsi ilə dayandırılıb. Başqa sözlə desək, R.Əkbərovun bu qətlə görə həbsi məqsədəuyğun olmayıb.
Hətta 2014-cü ildə Avropa məhkəməsi belə R.Əkbərovun məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarıb – yenə də Azərbaycan hüquq-mühafizə orqanları üçün bu qərar keçərli olmayıb. Bəs, nə baş verdi ki, birdən-birə R.Əkbərov barəsində Ukrayna Prokurorluğunun 2003-cü ildə tamamlayıb Azərbaycana göndərdiyi cinayət işi aktuallaşdı?
Rövşən Əkbərov şəxsiyyəti: o, kimdir?
1965-ci il təvəllüdlü Rövşən Əkbərov 14 yaşından hərbi təhsilə başlayıb: 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə, bunun ardınca Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub.
R.Əkbərov 22 yaşında (1987-ci ildə) artıq Əfqanıstanda vuruşurdu.
24 yaşında Zaqafqaziya Hərbi Dairəsində bölük komandiri olub, daha sonra xidmətini Azərbaycan Ordusunda davam etdirib. Birinci Qarabağ savaşında döyüşüb.
1993-cü ilin 14 dekabrında “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Bu, həmin vaxt idi ki, ermənilər Rusiya lideri Boris Yeltsinin təkidi ilə Azərbaycanın neft-qaz kəmərlərinin keçəcəyi əraziləri – Mingəçevir-Gəncə istiqaməti – işğal etmək istəyirdilər və bütün qüvvələri ilə hücuma keçmişdilər. Həmin vaxt az qala Azərbaycanın taleyi həll edilirdi və Heydər Əliyev yenicə yaradılmasına başlanan və çox ciddi çatışmazlığı olan ordu ilə Rusiya hərbçilərinin birbaşa iştirak etdiyi və üstün silahlarla silahlanmış erməni silahlı birləşmələrinin total hücumuna qarşı inanılmaz müqavimət qurmağı bacardı.
Heydər Əliyevin həmin vaxt hansı müstəsna hərbi əməliyyat həyata keçirdiyi və hücum edən qüvvələri necə darmadağın etdiyi hələ də detallarına qədər açıqlanmasa da, bu barədə həmin dövrdə dövlət müşaviri olan rəhmətlik Vəfa Quluzadə (20 ildən sonra, 2014-cü ildə, üzərindən məxfilik qrifi qaldırılandan sonra) və Prezidentin köməkçisi olan Eldar Namazov (2019-cu ildə) geniş açıqlama veriblər. Həmin hərbi əməliyyatlarda nəinki bir qarış torpaq işğal edilmiş, əksinə, bir çox ərazi azad edilmiş və ermənilər çox ciddi itkilərə məruz qalmışdılar. 1994-cü ilin yazına qədər davam edən döyüşlər nəhayət, ermənilərin tam gücdən düşməsi və atəşkəs imzalanması ilə nəticələnmişdi.
Məhz bu əməliyyatlarda Rövşən Əkbərovun “Azərbaycan bayrağı” ordenini alması sıradan hadisə deyil.
Bundan bir neçə ay sonra – 1994-cü ilin 5 oktyabrında isə R.Əkbərov “Milli Qəhrəman” adına layiq görülmüşdü.
R.Əkbərova həmin vaxt niyə Milli Qəhrəman adı verildiyi haqda açıq mənbələrdə demək olar ki, məlumat tapmaq olmur. Ancaq 4 oktyabrda Surət Hüseynovun “ikinci qiyama” başladığını və dərhal da məğlub olduğunu, həmin vaxt R.Əkbərovun Gəncə ərazisində olan məşhur 777-ci hərbi hissədə xidmət etdiyini nəzərə alsaq, düşünə bilərik ki, R.Əkbərovun Milli Qəhrəman olmasına səbəb qiyamçılara qarşı mübarizədə hərbi rəhbərliyin əmrlərini qeyd-şərtsiz icra etməsi olub.
Rövşən Cavadovla qarşıdurma!
R.Əkbərovu Azərbaycan ictimaiyyətində məşhur şəxsə çevirən fakt isə 1995-ci il 13 martda Rövşən Cavadovun qiyamı idi. Həmin günlərdə 8-ci kilometr ərazisindəki OMON qərargahını mühasirəyə alanlardan biri də Rövşən Əkbərov idi.
Rövşən Cavadovla Rövşən Əkbərovun normal münasibətlərinin olduğu və bir-birinə hörmət etdiyi haqda da məlumatlar gəzirdi. R.Cavadovun qiyamının yatırılmasında R.Əkbərov və Fəxrəddin Cəbrayılov (F.Cəbrayılov da bu əməliyyata görə Milli Qəhrəman adını almış, sonradan Qaradağ rayon hərbi komissarı təyin edilmiş, daha sonra orduda xidmətə başlayaraq, general rütbəsinə qalxmışdı. Ancaq qısa müddətdən sonra yeyintiyə görə ordudan kənarlaşdırıldı. O da peşəkar zabitdir) xüsusi xidmət göstərmişdilər.
Rövşən Əkbərovla Rövşən Cavadovun həmin vaxt ratsiya ilə danışdıqları haqda da qeyri-rəsmi məlumat yayılmışdı. İddiaya görə, Rövşən Cavadov Rövşən Əkbərovdan çəkilməyi, prosesə müdaxilə etməməyi tələb etmişdi. Rövşən Əkbərov isə bildirmişdi ki, sən hərbçi deyilsən və hərbi qaydalardan xəbərsizsən, mən isə peşəkar zabitəm, mənə əmr verilib, səni ya ölü, ya da diri ələ keçirəcəyəm, yaxşısı budur, təslim ol!
Bu cür dialoqun olması haqda iddia həmin vaxt cəmiyyətdə geniş müzakirə edilirdi və etiraf edək ki, Rövşən Cavadovun ölümünə görə təəssüf edənlər belə Rövşən Əkbərovun mövqeyinə haqq qazandırırdılar. Çünki R.Əkbərov qanuni hakimiyyətin əsgəri kimi davranmışdı!
Rövşən Əkbərovun karyera yüksəlişi
Qarabağ savaşında, 1994 və 1995-ci il qiyamlarında oynadığı rol Rövşən Əkbərovun karyerasında da özünü göstərib. Yüksək ali hərbi zabit rütbəsi üçün təhsilini davam etdirən R.Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasını bitirib. general-leytenant rütbəsinə qədər ucalıb, Azərbaycanın ən mühüm korpuslarından birinnə komandir təyin edilib.
2000-ci illərin əvvəllərində Azərbaycanın müdafiə naziri vəzifəsinə ən şanslı namizədlərdən biri sayılırdı Rövşən Əkbərov.
Rövşən Əkbərov üçün sonun başlanğıcı
Belə demək mümkünsə, Rövşən Əkbərov üçün “sonun başlanğıcı” 2014-cü il avqust toqquşması oldu. Həmin vaxt gözlənilmədən hücum edən erməni qüvvələri hazırlıqsız yaxalanan Ordumuzun müəyyən itki verməsinə səbəb olmuşdu. Doğrudur, qısa müddət sonra dərhal cavab zərbəsi endirildi və üstünlük ələ alındı. Ancaq ilk itkilərimiz çox ciddi müzakirələr doğurdu.
Növbəti – Aprel savaşında isə Birinci Qarabağ müharibəsinin öndəgedən zabiti kölgədə qaldı. Dördgünlük müharibənin qəhrəmanları da, komandanları da tamamilə fərqli şəxslər idi və R.Əkbərov bu sınaqdan da üzüqara çıxdı.
Nə baş verirdi?
Detallar heç kəsə bəlli deyil – əlbəttə ki, hərbi cameədən başqa. Hərbi mənbələrdən sızan məlumatlarda isə bildirilirdi ki, Rövşən Əkbərov ciddi korrupsiya ilə məşğuldur, əsgərləri ilə arasında uçurum yaranıb: hərbi əks-kəşfiyyat “sıfır”, korpusda nizam-intizam pula bağlı… General-leytenant faktiki olaraq böyük sərvət sahibi olan “oliqarxa” çevrilib.
R.Əkbərovun karyerasında ən biabırçı fakt isə mülki və yaxud hərbi casus olduğu mübahisəsi uzun müddət davam edən erməni əsiri “qarşılaması” idi. Sözügedən erməni əsiri Rövşən Əkbərov iki xüsusi təyinatlının başıaşağı vəziyyətdə otağında “qəbul etməsi” və bu fotoları çəkərək yayması oldu.
Bu, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi erməni komandirlər tərəfindən “qəbul edilməsinə” guya cavab xarakteri daşıyırdı. Ancaq cəmi iki gündən sonra sözügedən erməni əsir öldü.
O əsiri kim və necə öldürdü? Ona işgəncəmi verdilər, yoxsa bu, düşünülmüş xəyanət idi?
Bu barədə heç bir səhih bilgi olmasa da, fakt odur ki, onun ölümünün məsuliyyəti Rövşən Əkbərovun üzərində, daha doğrusu, onun məsuliyyətsizliyi və peşəkar zabit adına yaraşmayan davranışında axtarılmalıdır.
Və son: Vətən müharibəsi
Yuxarıda dedik – Rövşən Əkbərov 14 yaşından hərbçi ömrü seçib və Əfqanıstandan üzü belə, çoxsaylı savaşlarda iştirak edib. R.Əkbərov Azərbaycanın həmin dövr üçün peşəkar zabitlərindən (kadr-zabit) biridr.
Ancaq 27 sentyabr 2020-ci ildə, Vətən müharibəsi başlayan ilk gündəcə Rövşən Əkbərov və onun korpusu kənarda qaldı və Rövşən Əkbərovun vəzifədən uzaqlaşdırıldığı haqda məlumat yayıldı, bir müddətdən sonra bu məlumat rəsmi təsdiqini tapdı.
Rövşən Əkbərov kimi müharibə görmüş peşəkarın Vətən müharibəsi başlayan andaca prosesdən kənarlaşması və vəzifədən uzaqlaşdırılması o qədər böyük hadisədir ki, bunu heç Baş Qərargah rəisi Nəcməddin Sadıqovun kənarlaşdırılması ilə də müqayisə etmək olmaz.
R.Əkbərovdan Azərbaycan hərbi-siyasi rəhbərliyi müharibədə niyə istifadə etmədi?
Bu sualın bircə məntiqi cavabı var: nə qədər böyük xəyanət etməlisən ki, müharibə başlayan kimi Əfqanıstan və Birinci Qarabağ savaşı veteranı – yəni həm peşəkar müharibə, həm də Qarabağ təcrübən olduğun halda səni hərbi proseslərdən dərhal kənarlaşdırsınlar.
Bu isə yalnız Vətənə xəyanət ola bilər!
Rövşən Əkbərov hansı əməli törədib, hansı məlumatı sızdırıb, onun komandirlik etdiyi korpus şimal cəbhəsindən niyə hərəkətə keçmədi? Halbuki ən uğurlu əməliyyatı Rövşən Əkbərovun korpusunun həyata keçirəcəyi gözlənilirdi. Niyə nəinki korpus komandirliyindən uzaqlaşdırıldı, hətta 20 ilin öncəki qətl “yada düşdü” və onun həbsi vacib oldu?
Əlbəttə, bütün sadalananlar R.Əkbərovun 2001-ci ildə cinayət törətmədiyi anlamına gəlmir. Məsələ cinayətin “yada düşməsindən” gedir.
Yəqin ki, ictimaiyyət əsl həqiqətləri bu proseslərin üzərindən məxfilik qrifi götürüləndən sonra biləcək.
Ümid edək ki, bu məxfilik qrifi 20 ildən daha tez qaldırılacaq…
Axar.az
Oxşar xəbərlər