Kəmaləddin Heydərov Qaxda ərəb qonaqları üçün "ov seyrəngahı" qurdurub - VİDEOREPORTAJ

  • 21 mart 2021, 17:39
Qax Dövlət Yasaqlığında - "Acınohur" deyilən ərazidə ərəb turistlərin ov düşərgəsi fəaliyyət göstərir. Ərəb turistlər tərəfindən təşkil edilmiş və Azərbaycan qanunvericiliyinin bir sıra tələblərini pozan ov düşərgəsində cəmləşən şəxslərin təbiətə, heyvanat aləminə ciddi ziyan vurduqları iddia edilir. 
"Demokratik.Az" bildirir ki, bu barədə məlumatı ötən gün "ekofront" QHT (Cavid Qara) ictimailəşdirib. 
Yerli ekoaktivistlərin ov düşərgəsindən çəkdikləri videomateriallardan aydın olur ki, ərəblər karantin qaydalarını belə heçə sayaraq özlərilə gətirdikləri göyərçinlərə və şahinlərə müxtəlif üsullarla işgəncələr verərək feyziyab olurlar. 
Ərəblərin Ekologiya nazirliyinin yerli əməkdaşlarının gözləri qarşısında böyük bir ərazidə "at oynatdıqları" yalnız təəssüf doğurur. Eləcə də ərəb turistlərin karantin qaydalarına uyğun olaraq Azərbaycana gəlmək üçün turizm vizasının verilmədiyi bir vaxtda ölkəmizə necə və hansı yolla gələ bilmələri maraq doğurur. 
Çəkilişi həyata keçirib faktları dilə gətirən ekoaktivist Cavid Qaranın dediyinə görə, ekologiya əməkdaşları olay yerinə gəlib ərəblərə sorğu-sual etməkdən, özbaşınalığı durdurmaqdan belə qorxurlar. Əksinə, aidiyyatı nazirliyin işçiləri ərəblərə qulluq edirlər. Qeyri-ov mövsümündə və bayram günlərində "Acınohur"da ərəblərin meydan açmalarına yaxşı ad tapıb qoymaq doğrudan da çətin və müşküldür.
Ekoaktivistin tərcüməçi ilə söhbəti zamanı ərəblərin Kəmaləddin (Heydərovun) müəllimin qonaqları olması iddia edilir. Əgər belədirsə, deməli "Acınohur"-da ərəblərin belə özbaşına şəkildə "ov düşərgəsi" salmalarının arxasında Azərbaycan Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov durur. Bu isə bir nazirimizin əli ilə həm təbiətə, eləcə də karantin dövründə qüvvədə olan bir sıra qanunvericiliyin tələblərinə aşkar təcavüz faktıdır.
Xatırladaq ki, fövqəlnazir Kəmaləddin Heydərovun ərəb şeyxlərilə yaxın dostluğu barədə dəfələrlə yazılıb.
İnanırıq ki, faktlar aidiyyatı qurumlar tərəfindən dərindən araşdırılacaq, ərəblər və onların himayədarları sərt cəzalandırılacaq! 
Demokratik.Az  
Oxşar xəbərlər