Əsgər komandirindən nazirə ŞİKAYƏT yazdı - MƏTN

  • 26 fev 2021, 11:23

Gəncədəki "N" saylı Hərbi Hissənin adının çəkilməsini istəməyən əsgəri "Demokratik.Az"-a müraciət edərək onun Azərbaycan Müdafiə naziri cənab Zakir Həsənova ünvanladıqları şikayət məktubunun surətini ictimailəşdirməyi xahiş etmişdir.

HH komandirindən narazı olan əsgər öz məktubunda yazıb:

"Cənab Nazir, mən əsgərəm. Gəncədəki "N" saylı hərbi hissədə xidmət edirəm. Hərbi hissəmizin komandiri polkovnik Şahin Qəhrəmanovdur. Bizim hərbi hissədə hərc-mərclikdir. Müharibə  dövründə  əsgərlərə ərzaqla yanaşı verilən siqaret belə əsgərlərə verilmir. Bu siqaretlər hərbi hissənin həyətində həyətə daxil olan mülki maşınların baqajına doldurulub aparılır və kənar yerlərdə satılır. Halbuki, neçə illərlə xidmət göstərən rütbəli zabitlərin maşınları hərbi hissənin həyətinə buraxılmır. 

Hörmətli Nazir, Ali Baş Komandanımız İLHAM ƏLİYEVİN rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qələbəni, hünəri heç kim dana bilməz. Ancaq bu adamın - Şahin Qəhrəmanovun  hərəkətlərindən heç nə başa düşmək olmur. Bir amalı var, nə olur olsun, ancaq pul olsun. Əsgərlərə isə kölə kimi baxır. Hərbi hissədə əsgərlər ağır söyüşlərlə təhqir olunur. Səhərə yaxın saat 4 radələrində əsgərləri qaldırıb işgəncə verirlər. Əgər ad-familiyası azərbaycanlı soyadına uyğun olmasa bu polkovniin azərbaycanlı olduğunu düşünmək belə olmaz. Nə qədər öz millətinə düşmən kimi baxmaq olar? Hərbi hissədə çoxlu sayda əsgərlər və zabitlər yetərincə layiqli xidmət göstərmiş, hətta neçə nəfər şəhid olmuşdur. 

Cənab Nazir, bu məsələni mən qısaca qeyd etdim. Çox xahiş edirəm ki, bu hərbi hissəni bu şəxsin əlindən qurtarasınız. 

Əminəm ki, bununla bağlı lazımi ölçü götürəcəksiniz.

Xahiş edirəm ki, mənim ad-familiyamı gizli saxlayasınız.
Əks halda hərbi hissədə məni nə gözləyir,onu bir Allah bilir".

"Demokratik.Az" saytı əsgər müraciətinə həssas yanaşır və lazımi tədbirlərin görülməsi və araşdırma aparılması üçün dərcindən dərhal sonra aidiyyatı üzrə Azərbaycan Müdafiə Nazirliyinə göndərir.
Demokratik.Az
Oxşar xəbərlər