Gəncədə bir sahibkar bütün küçəyə əzab verir - VİDEOŞİKAYƏT

  • 20 fev 2021, 20:34
Gəncə şəhəri Kəpəz rayonu, Həsən bəy Zərdabi küçəsi-"5" ünvanında fəaliyyət göstərən iri sahibkarlıq obyekti yaxınlıqda yaşayan sakinlərin hüzurunu pozur. Faiq Şərif oğlu Şərifov adlı iş adamının şəxsi biznes maraqları adıkeçən küçənin sakinlərinin maraqlarına toxunur.
Şikayətçilər bu barədə baş verənləri "Demokratik.Az"-a danışıb.
Şikayətdən aydın olur ki, biznesmen Şərifov Şah İsmayıl Xətai prospektində, "Kür-Xəzər" Şadlıq sarayı ilə üzbəüz obyektinin arxa hissəsində yeni tikililər həyata keçirərək oranı irihəcmli topdansatış məntəqəsinə çevirib. Sakinlərin şikayətlərini qulaqardı edərək küçəni özü üçün əsl avtodayanacağa çevirib. Sakinlərin sözlərinə görə, Faiq Şərifov eni cəmi 7 metrlik olan küçəyə günün istənilən vaxtında iritonnajlı yük maşınlarının gəlişini təmin edir, hətta şəhərə daxil olması qanunla qadağan edilən furaları küçənin tən ortasında saxlatdırmaqla yük doldurub boşaltdırır, işçilərinin səs-küyünə şərait yaradır, çoxsaylı QAZEL və FORD markalı avtomaşınların icazəsiz olaraq saatlarla evlərin qarşısında park edilməsini adi hal sayır. Təbii ki, bu da küçə sakinlərinin bir çoxunun haqlı narazılığına səbəb olur, maşınların küçənin girişində şütüməsi uşaqlara təhlükələr yaradır.
Bu barədə aidiyyatı ünvanlara müraciətlərinin cavabsız qaldığını deyən sakinlər sahibkarın əvvəldən onlara yalan danışdığını da bildiriblər. Belə ki, sahibkar əvvəlcə həyətdə özünə ev tikdiyini desə də, sonradan oranı ticarət bazasına, qazanc mənbəyinə çevirib.
Onu da bildirək ki, bir müddət əvvəl sakinlərin öz şəxsi vəsaitləri hesabına küçənin girişində dəmir borudan maneə quraşdırılsa da, polisin müdaxiləsilə maneə sökülməklə sahibkarın özfəaliyyətinə yenidən şərait yaradılıb. Bundan başqa, şikayətçilər qeyd edib ki, əslində obyektin digər tərəfdən olan alternativ giriş yolu da var, lakin Faiq Şərifov həmin rahat yoldan istifadə etmir.
Görünür ki, Həsən bəy Zərdabi küçəsinin sakinləri doğru deyirlər - adıçəkilən Gəncə sakini öz pulunun, biznesinin gücünü şikayətçilərə göstərmək üçün əməlli-başlı ədavət aparır...
Demokratik.Az xəbərdə adıkeçən iş adamının mövqeyinə sayğımızı da ifadə edirik.
Oxşar xəbərlər