DÖVLƏTİN O MİLYARDLARA EHTİYACI VAR! - Oliqarx-talançılarla hesablaşmada son mərhələ...

  • 08 fev 2021, 09:22
Korrupsioner məmurların bir-brinin ardınca həbs olunması cəmiyyətdə təqdir olunsa da, ortaya çıxan sualların sayı da az deyil. Çünki indi həbsxanaya göndərilən şəxslər vaxtilə hakimiyyət komandasında təmil olunaraq yüksək vəzifələr tutublar. Onların sırasında ölkənin mühüm sahələrinə uzun illər rəhbərlik etmiş şəxslər də var.
Məsələn, suallardan biri budur ki, həmin şəxslərin uzun illər öz cinayətkar fəaliyyətlərini davam etdirə və bu zaman məsuliyyətdən yayına bilmələrinə səbəb nə olub? Dövlət vəsaitlərini talan edərək hüdudsuz sərvət qazanmış oliqarxların hamısına güzəştsiz münasibət olacaqmı? Keçmiş çinovniklərin qandallanması ölkədə nəyi dəyişəcək? Bu və ya başqa suallar cəmiyyətdə geniş müzakirə olunur.
Azərbaycanda oliqarxların siyasi hakimiyyətdən kənarlaşdırılmasına əsasən 2013-cü ilin prezident seçkilərindən sonra start verilib. Əlbəttə, bundan əvvəl də hakimiyyətdən "vurulanlar" olub. Amma bu hadisələr başqa motivli olduğundan onları sözgedən prosesin tərkib hissəsi hesab etmək doğru olmaz.
Üçüncü dəfə Prezident seçilən ölkə başçısı İlham Əliyev oliqarxların bəzilərini komandasında görmək istəmədi. Onların rəhbərlik etdikləri sahələrdə struktur və kadr dəyişiklikləri aparıldı. 2014-2015-ci illərdə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərləri vəzifələrindən kənarlaşdırıldılar. 

Bundan sonrakı dövr hakimiyyət daxilində dinamik dəyişikliklər mərhələsi adlandırıla bilər. Çünki 2018-ci ilin prezident seçkilərinə qədər yüksək dövlət postları tutmuş bir çox məmurlarla vidalaşıldı.
Seçkidən sonra Prezident İlham Əliyevin formalaşdırdığı komandada tamamilə fərqli isimlər yer aldı. Hüquq-mühafizə orqanlarına, gömrük, vergi, və kənd təsərrüfatı sahələrinə yeni şəxslər təyin edildi.
Bir il sonra cəmiyyətin əsas gözləntiləri özünü doğrultdu. Korrupsioner sistemə rəhbərlik edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev siyasi postundan uzaqlaşdırılaraq AMEA-ya göndərildi, ardınca onun komandasının da vurulması prosesi başladı.
Daha sonra dövlətin media siyasətini "çirkləndirən", mətbuata ayrılan pulları bir dəstə əqidə alverçisi, "5-ci kolon" xidmətçisi ilə birlikdə korrupsiyanın yeminə çevirənlər vəzifələrindən uzaqlaşdırıldı. Prezidentin köməkçisi Əli Həsənov da istefaya göndərildi. 

 Növbəti mərhələdə əsasən R.Mehdiyevin təsiri altında olan icra başçıları DTX tərəfindən nümayişkəranə şəkildə həbs edildi. Proses korrupsiya yuvasına çevrilmiş Mədəniyyət və Turizm Nazirliyini, Xarici İşlər Nazirliyini də əhatə etdi. Hər iki qurumun rəhbərləri dəyişdirildi, onların tabeliyində olan kadrların bəziləri həbsxanaya göndərildi.
Baş Prokurorluqda aparılan yeniləmələri də bu tədbirlərin sırasına əlavə etmək olar. Zakir Qaralov - Rüstəm Usubov cütlüyünün nəzarət və istintaq orqanı rəhbərliyindən uzaqlaşdırılması cəmiyyətə dərin nəfəs aldırdı.

Yanvarın əvvəlindən başlayan yeni həbs dalğası, Prezidentin Şuşaya "hücum çəkmək" istəyən məmurları tənqid etməsi isə növbəti bir mərhələnin başlanğıcıdır...
Təqdim olunan mənzərə ondan xəbər verir ki, Azərbaycan hakimiyyətində uzun illər şəbəkələşmiş, nəhəng maliyyə imkanlarına malik olmuş oliqarxlar hökmranlıq edib. Onlar neft gəlirlərinin pik dövründə büdcədən aldıqları milyardlarla dollarlıq layihələri mənimsəyərək qısa müddətdə iri maliyyə imkanlarına yiyələniblər.
Bununla yanaşı onlar banklara, şirkətlərə, ölkədə və xaricdə nəhəng biznesə, bahalı əmlaklara sahib olublar. Ancaq bütün bunlarla kifayətlənməyiblər...
Azərbaycanda istehsala, idxala da nəzarəti ələ keçirən bu qrupların əldə etdikləri sərvətə təminat yaratmaq üçün siyasi gücə çevrilmək haqqında düşündükləri şübhə doğurmur. Məhz bu məqsədlə media holdinqlər, telekanallar yaradıblar, saxta mandat verdirərək parlamentdə deputat qrupları formalaşdırıblar, siyasi partiya adlanan dərnəkləri bəsləyiblər, müxalifətlə gizli əlaqələr qurublar və s. Bir sözlə, ölkənin siyasi həyatını da çirkləndiriblər.
Bu talançı məmur şəbəkəsinin özlərini qorumaq, möhkənlənmək üçün istifadə etdiyi başqa bir yol isə bir-birləri ilə qohum olmaqdı. Hakimiyyətdən "vurulan" oliqarxların əksəriyyətinin qohumluq münasibətlərində olması bunun təsdiqidir.
Belə qohum məmurlardan keçmiş Nəqliyyat naziri Ziya Məmmədov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov həmişə vahid mövqedən çıxış edib, rəqiblərinə qarşı birgə müqavimət göstəriblər. Yayılan məlumatlara görə, bu qruplaşma hətta Artur Rəsizadədən sonra Səlim Müslümovun Baş nazir təyin olunmasına nail olmaq istiqamətində də var gücü ilə çalışıb...
Əlbəttə, hakimiyyətdə nəhəng maliyyə və siyasi imkanlara malik olan bir neçə qruplaşmanın mövcud olması kənar maraqlı güclər üçün cəlbedici faktdır. Bu qüvvələr öz maraqlarını diqtə etmək üçün belə oliqarxlarla gizli əməkdaşlığa gedir və onlardan siyasi hakimiyyətə təzyiq üçün istifadə edirlər.
Bu cür əlaqələr oliqarxlar üçün də vazkeçilməzdir. Çünki onlar da əldə etdikləri sərvəti qorumaq üçün kənardan daha böyük hami axtarışında olurlar.
Bu isə ölkənin milli təhlükəsizliyi üçün olduqca ciddi təhlükədir və müəyyən fəsadlara yol açır. Buna Ukraynda baş verənləri misal çəkmək olar. 2014-cü ildə Ukraynada oliqarx qruplaşmaları Rusiya və Qərb arasında bölündülər və nəticədə Krım yarımadası, ölkənin Şərq vilayətləri itirildi.
Mübağiləsiz demək olar ki, Azərbaycanda 2018-ci ildən başlayaraq bəzi yüksək çinli məmurların mühüm siyasi postlardan kənara atılması ölkəni böyük təhlükələrdən sığortalayıb. Onların mövcudluğu şəraitində Ermənistan ordusunu qısa müddətdə işğal etdiyi torpaqların böyük hissəsindən qovub çıxarmaq çətin olardı. Bu qələbə həm də ona görə mümkün oldu ki, işğalçının müttəfiqi Azərbaycanın daxilindəki bir çox rıçaqlardan məhrum olmuşdu...
Ötən onillikdə ölkədə cərəyan edən hadisələri daha detallı təsvir etmək olardı. Sadəcə real qüvvələri və onlara qarşı mübarizə tendensiyasını göstərmək kifayət edir ki, bunun olduqca çətin, təhlükəli bir proses olduğunu görə bilək. Ağrılı olsa da, böyük bir məsafə qət edilib, əsas dağıdıcı güclər hakimiyyətdən uzaqlaşdırılıb. Amma bu rahat olmağa heç də əsas vermir. Cəmiyyətin sorğuladığı problemləri həll etmək, onların səbəbləri və çıxış yolları ilə bağlı aydın izahat vermək lazımdır.
Məsələn, yuxarıda sabiq məmurların niyə vəzifədə olarkən həbs edilmədikləri barədə izahat var: onları tutmaq sadəcə mümkün deyildi. Əllərində böyük imkanlar olan, daxildə və xaricdə müxtəlif güclərdən dəstək alan bu şəbəkələr hakimiyyətə böyük problemlər yarada bilərdi. Ancaq indi bunun üçün şərait yaranıb.
Əvvəla indi onlar çökdürülüb, əlaqələri qırılıb və siyasi gücdən məhrum ediliblər.
İkincisi, oliqarxların hansı maliyyə imkanlarına malik olduğu dəqiq müəyyən edilib və bunun dövlətə qaytarılması istiqamətləri dəqiqləşib.
Qeyd edək ki, bu gün oliqarxiyanın əldə etdiyi hüdudsuz sərvətə dövlətin ehtiyacı var. Son bir ildə həm pandemiya ilə mübarizə aparan, həm də böyük bir müharibəni qələbə ilə başa çatdıran Azərbaycan dövlətinin oliqarxların əlində cəmləşən pullara bu gün həmişə olduğundan daha çox ehtiyacı var.
Ancaq təbii ki, oliqarxlar özləri bu vəsaitləri dövlətə qaytarmaq niyyətində deyillər. Bunu pandemiya və müharibə zamanı yaradılan fondlara onlara məxsus şirkətlər tərəfindən köçürülən ianələrin məbləğinə baxdıqda aydın görmək mümkündür. Ölkəni çapıb-talamış oliqarxların və onlara məxsus şirkətlərin bu fondlara ianələri gülünc sayıla biləcək rəqəmlərlə ifadə olunurdu.
Məsələn, nazir olduğu müddətdə 27 milyard manatlıq yol layihələri icra etmiş Ziya Məmmədovun həm özü, həm də Trampın qızına milyonluq hədiyyələr bağışlayan, Londonda yaşayan oğlu Anar Məmmədov Koronavirusa qarşı Mübarizə Fonduna 2 min manat ianə köçürmüşdü. Digərlərinin ödədiyi vəsait də təxminən bu məbləğə yaxındı.
Məmur kimi oliqarxa çevrilənlərin içərisində ən "səxavətlisi" 37 min manat ianə etmiş Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbov sayılırdı.
Nəvəsinin milyonluq maşın kolleksiyası olan baş nazirin sabiq müavini Əli Həsənov isə yalnız Rusiyanın maraqlarını müdafiə etmək lazım olanda ortaya çıxır...
Sabiqlərin müharibə dövründə döyüşən orduya yardım edib-etmədiklərinə dair isə ümumiyyətlə məlumat yoxdur. Hər halda nəzərəçarpan məbləğ olsaydı, ictimai diqqətdən kənarda qalmazdı. Deməli, dövlətə kömək etməkdə maraqlı deyillər...
Ancaq bu gün, yuxarıda da qeyd etdiyimiz kimi, onların əlində cəmlənmiş nəhəng vəsaitlərə dövlətin ehtiyacı var. Bunun üçün ya maliyyə amnistiyası verilərək, keçmiş məmurların vəsaitlərini ölkə iqtisadiyyatına yatırmalarını təmin etmək lazımdır, ya da bu şəxləri cinayət məsuliyyətinə cəlb etməklə büdcədən oğurladıqları, rüşvətlə, kriminal yollarla topladıqları sərvət əllərindən alınmalıdır. Birinci variant Azərbaycan reallığında keçərli deyil, oliqarxlar heç bir halda Azərbaycan iqtisadiyyatına böyük vəsaitlər yatırmayacaqlar.
Ona görə də ikinci yolun seçilməsi vacibdir. Proseslərin gedişi, daxil olan məlumatlar da bundan xəbər verir...
Ancaq yenə ortaya sual çıxır ki, bu halda bütün korrupsionerlər məsuliyyətə cəlb ediləcəkmi?
Hər halda ümid edirik ki, heç kimə güzəşt olmayacaq. Düzdür, onların içərisində yenidən vəzifə əldə edənlər də var. Məsələn, keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov. İqtidarda olduqları müddətdə Ziya Məmmədovla quda olan Əsədov bir müddət işsiz qalsa da, sonradan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
Ancaq onun Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etdiyi 2013-2018 -ci illər aqrar sektorda böyük korrupsiya dövrü kimi yadda qalıb. Bu sahədə yüz milyonlarla dollarlıq mənimsəmələr baş verib. Xüsusən, "Aqrolizinq" ASC-də dövlətin külli miqdarda vəsaiti talan edilib. 
Hələ İsmət Abbasovun zamanından bu qurum vasitəsilə hər il fermerlərə ayrılan dövlət subsidiyalarının başına hansı oyunlar gətirildiyi isə yaddan çıxmayıb. Nazirliyin yeni rəhbərliyi İ.Abbasov və H.Əsədov dövründən qalan problemlərdən hələ də yaxa qurtara bilmir...

Bu cür nümunələr, o cümlədən hakimiyyətdən uzaqlaşdırılsa da, nəhəng sərvətləri əlində saxlamış keçmiş nazirlərin sərbəst gəzib-dolaşması cəmiyyətdə narazılıqla qarşılanır... Ona görə də, işğaldan azad edilmiş rayonları qısa müddətdə bərpa etmək, böyük quruculuq işləri həyata keçirmək üçün sabiq korrupsioner məmurların xalqdan və dövlətdən oğurladıqları milyardlar geri alınmalıdır.
2021-ci ilin büdcəsindən Qarabağa cəmi 2,2 milyard manat ayrılması nəzərdə tutulub. Bu vəsait heç ərazilərin kommunal xətlərini çəkməyə kifayət eləməz. Bölgəni əvvəlki hala gətirmək üçün on milyardlarla dollara ehtiyac var. Pandemiyanın zəiflətdiyi iş adamlarının "Qarabağ Dirçəliş Fondu"na ianələri hesabına bu həcmdə vəsaiti toplamaq mümkün deyil. Ona görə də, sabiq və indiki məmurların, dövləti talayaraq oliqarx olanların taladıqları vəsaitlərə "əl qoymağın" vaxtıdır...
Rasim ƏLİYEV
"AzPolitika.info"
Oxşar xəbərlər