General Tofiq Ağahüseynovun prezidentə MÜRACİƏTi niyə cavabsız qalıb?

  • 03 fev 2021, 21:23
Respublika Veteranlar Təşkilatının sədri, tanınmış general-polkovnik Tofiq Ağahüseynovun ölkə başçısı, prezident cənab İlham Əliyevə ünvanladığı 03 sentyabr 2020-ci il tarixli müraciəti cavabsız qalıb.
"Demokratik.Az"-ın məlumatına görə, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri öz müraciət məktubunda Gəncə Veteranlar təşkilatının sədri, sabiq polis rəisi və polis polkovniki Yusif Məmmədovun dövlət səviyyəsində mükafatlandırılmasını xahiş edib.
General öz vəsatətində 1990-cı ilin məlum 20 yanvar qırğınını xatırladaraq adıkeçən polkovnikin Bakıdan sonra Gəncədə də təkrarlanmaması üçün öz həyatını risqə atdığını, həmin günlərdə Dövlət Dəmiryolu Kürdəmir və Ucar stansiyalarında Gəncəyə doğru hərəkət edən rus hərbi eşalonlarının qabağını kəsdiyini qeyd edib. Tanınmış general deyilənlərin mötəbər mənbələrlə və Respublika veteranlar təşkilatına yazılan bir sıra məktublarla da əsaslandırmağa çalışıb.
Müraciət müəllifi Yusif Həsənqulu oğlu Məmmədovu ehtiyyatda olan vətənpərvər zabit kimi, hərbi vətənpərvərlik istiqamətində aparılan təbliğat işlərində fəal iştirakçı, Gəncənin ictimai-siyasi həyatında və veteran hərəkatında fəallığı ilə seçilən ağsaqqal kimi də xarakterizə edib. Və ötən il Y. Məmmədovun 70 yaşının tamam olmasına da diqqət çəkib.
Təşkilat sədri təşəbbüs məktubunda Gəncədə fəaliyyət göstərən bir neçə ictimai xadimin müraciətlərinə də istinad edib.
General vəsatət məktubunun sonunda ölkə başçısının daxili və xarici siyasətini daim dəstəkləyən Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədovu göstərdiyi xidmətləri nəzərə alınaraq prezident tərəfindən mükafatlandırılması məsələsinə baxılmasını xahiş edib.
Yusif Məmmədovun özünün 21 dekabr 2020-ci il tarixli məktubundan isə aydın olur ki, general-polkovnik Tofiq Ağahüseynovun adından Prezident Administrasiyasına daxil olmuş məktuba hələlik heç bir cavab verilməyib.
İnanırıq ki, 90-cı illərdə Gəncədə Azərbaycançılıq naminə misilsiz xidmətlər göstərmiş polis polkovniki Yusif Məmmədovun mükafatlandırılması üçün general Tofiq Ağahüseynovun prezidentə müraciəti PA-da cavabsız qalmaz, məktubun mövcudluğu barədə şəxsən prezidentə məlumat verilər.


Cənab İlham Əliyevin özünün də dediyi kimi, axı prezident Administrasiyasındakı yeni komanda da məktubların gizlədilməsində maraqlı deyil?!
Demokratik.Az
Oxşar xəbərlər