2 FEVRAL – Azərbaycan gəncləri günüdür

  • 02 fev 2021, 10:49

2 fevral – Azərbaycan Gəncləri günüdür.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi.
Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.
O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülmüşdür. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan vermişdir.
Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir.
Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir. II Forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.
Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir. Hazırda öz sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir.
Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri, ilk növbədə vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Bütün bunlar onu bir daha sübut edir ki, dövlət gənclərə diqqət və qayğısını əsirgəməyəcək, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Bu, böyük xoşbəxtlik, böyük səadətdir ki, indiki gənclər müstəqillik dövründə formalaşırlar. Bəzi hallarda indiki gənclərin təsəvvürlərinə belə gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuşdur, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz bizim hamımız, o cümlədən gənclərimiz üçün ən böyük xoşbəxtlikdir. Eyni zamanda, müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur.
Bu gün ölkəmiz öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi ardıcıl səylər, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına etibarlı zəmin yaratmışdır. Bununla belə, müstəqilliyimizin dönməz xarakter alması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür.
Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.
Oxşar xəbərlər