Demokratik TV
Əhmədzadənin işçiləri şərləməyə keçdi - Bələdiyyə sədri cərimələndi
Göygöl rayon Suvarma Sistemləri idarəsinin rəisi hücuma və şərə keçdi; Kəndin bələdiyyə sədrinin üzünə durdular; Ötən gün rayonun Pənahlılar kənd sakinlərinin narazılıqları məhkəmə sədri, hakim Qələmdar Abbasov tərəfindən xuliqanlıq kimi qiymət aldı; Əhmədzadəni aldadan SSİ rəisi Osman Nərimanoğlunu da söyür;
Dünən günorta saatlarında Pənahlılar kənd bələdiyyəsinin sədri Ələkbərov Abil İdris oğlu Göygöl SSİ-nin rəis müavini, baş mühəndis kimi maaş alan Natiq Məmmədovun və digərlərinin saxta akt və şikayətləri əsasında polisə gətirilərək barəsində "xuliqanlıq" ittihamı ilə protokol tərtib olunub. Ardınca da Göygöl məhkəməsinin sədri Qələmdar Abbasovun qərarı ilə İXM-nin müvafiq maddəsi əsas gətirilməklə 100 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb."Demokratik.Az"-a bu barədə bələdiyyə sədrinin özü məlumat verib. O, bildirib ki, saxlanılmasına səbəb ötən gün Pənahlılar kəndi ərazisində vətəndaşların pay torpaqlarını icazəsiz qazmaqla, camaatı susuz qoymaqla məşğul olan Göygöl suvarma sistemləri idarəsinə haqlı narazılıq bildirməsi olub.
Məhkəmə iclasında xuliqanlıq etmədiyini bildirən A.Ələkbərov SSİ-nin kənd ərazisində nə iş gördüklərinin aydınlaşdırılmasını, ittihamların isbat olunmasını tələb edib. Eləcə də qanunsuz işlər görən melioratorlardan sakinlərin pay torpaqlarını niyə və hansı layihə əsasında icazəsiz qazmalarının, məlum boru su xəttinin Çaylıya çəkildiyinin izahatını soruşub. Təəssüf ki, hakim hansısa maddi maraqlara sığınaraq şərlənən bələdiyyə sədrinin qanunla müəyyən olunmuş müdafiə və bərabərlik hüququnu pozub.
Bələdiyyə sədri məhkəmədə yalnız onu aydın edib ki, ona qarşı yalançı şikayətçilərdən biri sakinlərin indiyədək üzünü belə görmədikləri hansısa formal "su birliyi" rəhbəri Rəşid Veliyevdir.
Bələdiyyə sədri saytımıza deyib ki, illərdir seçicilərinin suvarma üçün ödəməli olduqları rüsumu qeyri-rəsmi qaydada onun yalandan üzünə duran Natiq Məmmədova əlbəəl veriblər. Göygöl SSİ-nin baş mühəndisi təkcə ötən il Pənahlılar kəndinin suvarılması adı ilə sakinlərdən 2000 (iki min) manat vəsait yığaraq mənimsəyib. Əvəzində də onların əkin sahələri susuz qalıb.
Bələdiyyə sədri xatırladıb ki, idarə rəsmisinin öz səlahiyyətlərini unudaraq ondan əlbəəl aldığı pulların rüşvət olduğunu məhkəmədə tam aydınlaşdırıb. İndiyədək kənd camaatının tanımadığı və səsvermə olmadan hansısa "su birliyi"nə rəhbər təyin edilən Rəşid Veliyevin pul yığımında deyil, SSİ-nin başqa işlərində rol oynadığını hakimə bildirib. Rəşiddən yalançılıqla üzə durmaqdansa, Pənahlılar kənd torpaqları üçün üzərinə düşən məsuliyyəti dərk etməyi tələb edib.
Bələdiyyə sədri hesab edir ki, "Su birliyi" rəhbəri də, hər il ondan hektarına 20 manat olmaqla rüşvət alıb mənimsəyən baş mühəndis Natiq Məmmədov özləri məsuliyyətə cəlb edilməlidir.
Bələdiyyə sədri barəsindəki ədalətsiz qərarın ləğvi üçün Apelyasiya şikayəti verəcəyini də bildirib.
**********
Maraqlıdır ki, məhkəmə prosesində jurnalist Osman Nərimanoğlunun da ünvanına hədələyici mesajlar səsləndirilib. İlqar Məhərrəmovun buyuruq qulları baş redaktorun qanuni peşə fəaliyyətinin dayandırılması tələbilə məhkəməyə absurd mülahizələr irəli sürüblər.
"Demokratik.Az" saytının rəhbəri baş verənləri şərh edərkən qısaca bildirib ki, belə şər-böhtan kampaniyası ilə Pənahlılar kəndinin şikayətini həll etmək olmaz. Eləcə də nöqsanların ifşasını dayandırmaq, məsuliyyətdən yayınmaq olmaz. Pənahlılar kəndinin sakinlərinin öz torpaq sahələrində gedən işlərə narazılıqlarında isə heç bir qarşıdurmaya, xuliqanlığa, söyüş-təhqirə yol verilməyib. Jurnalist bu hala şahid olmayıb.
Jurnalist arxasınca danışılan nalayiq sözlərə görə deyib ki, bundan narahatlıq keçirmir. Çünki, İlqar Məhərrəmov kimi yarıtmaz məmura şikayətçilərin ünvanladığı qarğışların, söyüşlərin həcmi heç bir ölçüyə sığışmır. Belə söyülənin söyüşü olmaz!
"Bir cuvar ki, torpaqları qəsdən susuz qoyarkən ona "yezid" deyələr, mənim barəmdə beləsinin istənilən ağır ifadələri işlətməsi bumeranq effektilə ancaq özünə qayıdar.."-deyə Osman Nərimanoğlu bildirib.
**********
Onu da xatırladaq ki, ötən ilin aprelində də İlqar Məhərrəmovun şikayəti əsasında SSİ-nin özbaşınalığını ifşa edən Hacımılik kənd sakini, sahibkar Tağıyev Mahir Ağəli oğlu 5 sutkalıq həbs edilmişdi. Ona qarşı da xuliqanlıq maddəsi tətbiq edilmişdi.
Belə çıxmırmı ki, İlqar Məhərrəmov özünü təkcə korrupsuoner kimi deyil, həm də məhkəmə və yerli hüquq mühafizə orqanlarına göstəriş verə bilən varlı oliqarx kimi aparır?
Yazılanlarla əlaqədar qarşı tərəflə dəfələrlə telefon əlaqəsi qurmağa çalışsaq da cəhdlərimiz fayda vermədi.
Qarşı tərəfin mövqeyi əslində əməllərilə zatən ortadadır...
Demokratik.Az