Demokratik TV
Fevral ayında məktəb və universitetlər açıla bilər
Kamran Əsədov: “Dünyanın 65 ölkəsində ənənəvi dərslər bərpa olunub”
“Fevral ayından Azərbaycanda da məktəb və universitetlər açıla bilər”.Bu sözləri təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, məktəb və universitetlərin uzun müddət distant təhsilə keçməsi tədris prosesinə mənfi təsir göstərib:“2020-ci ilin mart ayından etibarən tədris prosesinin dəyişməsi şagirdlərimizin bilik əldə etməsinə ciddi şəkildə təsir göstərdi. Belə ki, həmişə auditoriyada, siniflərdə keçirilən dərslərin onlaynla tətbiq edilməsi həm müəllimlər, həm də şagirdlər üçün olduqca çətindir. Çünki bizim bütün dərsliklərimiz ənənəvi dərslər üçün hazırlanmışdı və şagirdlər məsafədən təhsildə bu bacarıqlara yiyələnə bilmirdilər. Ona görə də orta təhsil müəssisələrindəki şagirdlərimiz heç bir halda bu qədər informasiyanı onlayn qaydada mənimsəyə bilmədilər. Həqiqətən də dekabrın 19-da aparılan milli qiymətləndirmədən də müşahidə etdik ki, şagirdlərimiz tam şəkildə xüsusən də texniki fənləri öyrənə bilməyiblər. Yanvarın 22-də təhsil naziri tədris prosesinin müqəddəratı ilə bağlı brifinq keçirəcək. Brifinqdə birmənalı şəkildə təhsilin gələcək taleyi öz həllini tapacaq. Bu bir faktdır ki, artıq orta və ali məktəblərdə ənənəvi dərslər bərpa olunmalıdır. Ona görə ki, əksəriyyət şagird və tələbələrimizin interneti, avadanlıqları yoxdur ki, tam şəkildə proqramı mənimsəsinlər. Elektron resursların ciddi şəkildə çatışmazlıqları var. Bu gün elektron resuslar vasitəsilə qiymətləndirmənin tam şəkildə həyata keçirilməsi mümkün deyil. Onlayn təhsil təkcə şagird və tələbələrimizin bilik əldə etməsinə mane olmur, həm də onların ünsiyyətinin, fiziki hazırlığını çox aşağı səviyyəyə salıb. Belə ki, bu gün onlayn qaydada dərs keçən şagirdlərin onurğa sistemində, görmə qabiliyyətində və psixoloji durumlarında problemlər müşahidə olunur. Eyni zamanda bütün günü ev şəraitində olduqlarından ünsiyyət bacarıqları yox dərəcəsinə enib. Tələbələrə gəldikdə isə xüsusən texniki fənlərdə təhsil alan tələbələrimiz laboratoriya və digər praktiki təcrübələr aparmaqdan kənarda qalıblar. Beləliklə, tələbələr təhsil haqlarını ödəyib, amma heç bir bilik almayıblar”.
Kamran Əsədov qeyd edib ki, artıq dünyanın 65 ölkəsində ənənəvi dərslər bərpa olunub: “Məlum olduğu kimi, dünyanın artıq 65 ölkəsində ənənəvi dərslər bərpa olunub. Ona görə ki, orada alətlər sistemində, o cümlədən yoxlamanın ölçmə prosesini həyata keçirməkdə ciddi nöqsanlar var. Azərbaycanda da onlayn qaydada qiymətləndirməni həyata keçirməkdə nöqsanlar var. Bu səbəbdən mütləq orta və ali məktəblərimiz artıq açılmalıdır. İnanıram ki, fevral ayından etibarən digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tədris prosesi əvvəlki qaydada bərpa ediləcək”.
Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Qardaş Türkiyədə isə yaxın günlərdə təhsilin hibrid formada bərpası nəzərdə tutulur.