Gəncənin Heydər Əliyev park-kompleksində "şəhid bulağı" tikildi - Fotofakt

  • 19 dek 2020, 19:28
Gəncədə ümummilli liderimiz mərhum Heydər Əliyevin adını daşıyan istirahət parkında "şəhid bulağı" inşa edilib. Şəhid Nadir Elçin oğlu Abbasquliyevin adını daşıyan "xatirə kompleksi" təkcə Qafqazın deyil, eləcə də dünyanın ən böyük parkları sırasında yeri olan möhtəşəm parkın ərazisində, velosiped yolunun üstündə salınıb. 
"Demokratik.Az"-ın məlumatına görə, adıçəkilən parkın təyinatına uyğun olmayan bulaq onu görənlər tərəfindən heç də razılıqla və birmənalı qarşılanmır. Bəziləri Qarabağın azadlığı uğrunda canını fəda etmiş bir şəhidin adının əbədiləşdirilməsində adıkeçən parkın seçilməsini qınayırsa, bir çoxları da istirahət parkında şəhid adına bulaqların inşa edilməsini doğru hesab etmir. İddia etmək olar ki, şəhidin adına və parkın özünün aurasına uyğun olmayan tikili mövcud norma və standartlara da cavab vermək iqtidarında deyil. 
Bu cür həssas bir işin məsuliyyəti təbii ki, həm park rəhbərliyinin, eləcə də birbaşa şəhər İcra Hakimiyyətinin, şəhərin arxitektura və şəhərsalma komitəsinin regional şöbəsinin, şəhər ziyalılarının üzərinə düşür. 
Mövzu ətrafında yayılan məlumatlara görə, bulaq yalnız parkın kollektivinin fövqəladə qərarı ilə reallaşdırılıb. Vaxtilə pakda çalışmış və 44 günlük "II Qarabağ" - Vətən savaşında şəhid olmuş N.Abbasquliyevin (ruhu şad olsun) şərəfinə inşa edilmiş primitiv bulaq barədə park rəhbəri İlyas Məmmədovun fərdi razılığı və ideyasının nəzərə alındığı iddia edilir. Və beləcə, baş verənlərdən aydın olur ki, Heydər Əliyev parkının rəhbərliyi əslində özfəaliyyətə yol verib. Yoxsa, heç bir xüsusi razılıq və ya rəyə ehtiyac duyulmadan Heydər parkının ərazisində bir şəhidin şəkli və adı olan "ehsan bulağı"nı inşa edənlər, bizlər də deməsək bu olub bitəni sakitcə seyr edənlər yəqin əksini düşünür?
Xatırladaq ki, Heydər Əliyev park-kompleksinin təməli 1979-cu ildə mərhum Heydər Əliyev tərəfindən qoyulub, 2012-ci ildə prezident İlham Əliyevin xüsusi göstərişinə əsasən hazırki müasir istirahət kompleksinə çevrilib. Park xarici qonaqların və yerli insanların mədəni və əyləncəli istirahətləri üçün zəruri infrastruktura sahibdir. Ümumi sahəsi 450 hektar olan park-kompleksinin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılıb. Parkın girişində "Zəfər tağı"- 15 iyun - "Azərbaycan xalqının milli qurtuluş günü"nün rəmzi olaraq ucaldılıb . Park-Kompleksinin açılışı 2014-cü ilin yanvarın 21-də ölkə başçısının iştirakı ilə baş tutub. 
Bunları qeyd etməklə diqqətə çatdırırıq ki, bu parkın təyinatı şəhidlərin adının əbədiləşdirilməsi üçün nəzərdə tutulmayıb. Və sözügedən bulağın konkret bir şəhidin adına inşası tamamilə yolverilməzdir.
Xüsusilə onu da yada salaq ki, hazırda ölkə ərazisində bütün şəhidlərə dövlətin ən ali şəxsləri səviyyəsində sayğı və rəğbət var. Onların hər birinin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, şəhər və rayonlarımızda bir sıra küçə və prospektlərə şəhidlərimizin adı verilir, ehsan bulaqlarının və büstlərinin ucaldılmasına müvafiq yerlər ayrılır. Əgər qanun yol verirsə, çox yaxşı olardı ki, bu parkda Azərbaycan şəhidlərinin adına daha möhtəşəm bir tarixi memarlıq abidəsinin qoyulması məsələsinə baxılardı. Ya da, Gəncə şəhərinin uyğun bir yerində yerli şəhidlərin adlarının əbədiləşdirilməsi üçün "Gəncə şəhidləri parkı"nın və ya "şəhidlər muzeyi"nin yaradılması ideyası reallaşardı. Yoxsa kimlərinsə nə şəhid adını, nə də Heydər Əliyev adına park-kompleksini belə bayağı özfəaliyyətlərlə ucuzlaşdırmağa mənəvi haqları yoxdur!
Ümid edək ki, sözügedən məsələdən xəbərsiz olan Gəncə şəhərinin passiv icra başçısı Niyazi Bayramov bari bircə dəfə Heydər Əliyev park-kompleksinə gedib sələfi Elmar Vəliyevin kadrı İlyas Məmmədovun özbaşınalıqlarını sorğu-sual edəcək...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər