Gəncədə qəza törədən MAXE paqonlu Atakişiyevlərin şantajına məruz qalır - DYP özbaşınalıq edir

  • 11 dek 2020, 23:33
Bir neçə gün əvvəl Gəncə şəhərində hərbi qulluqçuya qarşı  xoşagəlməz hadisə  yaşanıb. Təsadüfi baş verən yol nəqiliyyat hadisəsi zəminində polis kapitanı Samir və Göygöl rayon Məhkəməsində hakim köməkçisi işləyən Sadir Atakişiyev qardaşları 44 günlük vətən savaşının fəal iştirakçısı olan müddətdən artıq hərbi qulluqçu Məmmədov Arif Səfər oğluna qarşı kobud davaranaq sonuncunun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişlər, özlərinin vəzifə və şəxsi nüfuzlarından sui istifadə edərək qarşı tərəfi qorxutmağa çalışmışlar. Bundan başqa, hadisənin araşdırılması üçün olay yerinə gələn DYP əməkdaşları adıkeçən polislə həmrəy olaraq ictimaiyyət arasında MAXE sürücünün yekəxana qardaşlar tərəfindən alçaldılmasına şərait yaratmışlar.  
Şəkildə - S.Atakişiyevin avtomaşınıdır!
“Demokratik.Az”-ın məlumatına görə, hərbçi dekabrın 6-da saat 16-17:00 radələrində mülkiyətində olan VAZ-21015 markalı “AZ 90-OT-629” dövlət nişanlı avtomobillə Gəncə şəhəri Dədə Qorqud küçəsində, köhnə Yevlax avtovağzalının “Aptek”inin qarşısında hərəkətdə olarkən əks istiqamətdən gələn “CHEVROLET-Niva” markalı “AZ 20-DN-220” dövlət nişanlı avtomobillə toqquşub. Maşınların çarpışması nəticəsində hər iki maşında yüngül zədələnmə müşahidə olunsa da, “NİVA”nın sürücüsü Sadir Atakişiyev maşından düşərək digər maşının sürücüsünə hücum çəkib. Özünü əvvəlcə polis kapitanı kimi, sonradan da hakim köməkçisi kimi təqdim edərək mübahisəyə girişib. Açıq təhqir və təhdidlərlə Arif Məmmədovdan 1000 manat öz maşınının təmiri üçün, 200 manat da sığorta üçün pul verməyi tələb edib. Qarşısındakının müddətdən artıq hərbçi olduğunu bildikdə isə, Azərbaycan əsgərinin adına və hərbi anda yaraşmayan vulqar ifadələrlə onu təhqir edib. 
Çağırışa əsasən, hadisə yerinə DYP-nin və sığortanın yerli əməkdaşları da gəlib. Eləcə də, Sadir zəng edərək qardaşı Samir Atakişiyevi, hərbçi isə atası Səfər Məmmədovu hadisə yerinə çağırıb. Bununla da mübahisə növbəti biabırçı mərhələyə yan alıb. Qardaşının köməyinə gələn polis kapitanı Samir Atakişiyev də MAXE sürücüyə qarşı qardaşı kimi aqressivlik edərək hədə və təhdidə, təhqirə üstünlük verib.  Polis olduğunu deməklə həm də Gəncə DYP-nin Rəşad adlı kapitan əməkdaşına qanundankənar tapşırıqlar verə bilib. Tapşırığı da icra edilib, olayın texniki sxemi və zəruri protokol tərtibi Atakişiyevlərin xeyrinə həllini tapıb. Maşınlar da tamamilə sərbəst buraxılıb, “20-DN-220” dövlət nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsini müvafiq sığorta şirkəti öz öhdəsinə götürüb. Lakin, bir gün keçməmiş Sadir Atakişiyev yenidən qarşı tərəfə zəng edərək ondan 1000 (bir min) manat pul tələbini davam etdirib. Hərbçiyə qarşı şantaj və təhdidini davam etdirib. Özü barədə hansısa ilkin tibbi arayış yazdıraraq Gəncə DYP-nin icraatında olan iş materiallarını Gəncə Baş Polis İdarəsinin təhqiqat bölməsinə keçirilməsini təşkil edib. Hazırda Göygöl rayon məhkəməsində sədrin köməkçi işləyən Sadir Atakişiyev gah burnunun sındığını, gah da daban sümüyünün çatladığını iddia edərək MAXE-yə qarşı “cinayət işi” açılmasını istəyir. Hazırda iş üzrə Gəncə BPİ-nin təhqiqat qrupunda araşdırmaya da başlanılıb.
Avtoqəzanın detalları barədə “Demokratik.Az”-a qısaca danışan müddətdən artıq hərbi qulluqçu Məmmədov Arif Səfər oğlu özü bildirib ki, baş verənlər onun üçün gözlənilməz və üzücüdür. O, da öz növbəsində Gəncə şəhər prokurorluğuna şikayət etdiyini, Atakişiyev qardaşları tərəfindən şərə və təhqirlərə məruz qaldığını deyərək qarşı tərəfin əməllərinin nəzarətə götürülərək sonda iş üzrə ədalətli qərar çıxarılacağına əmin olduğunu bildirib.
Hadisənin şahidi, hərbçi atası Səfər Məmmədov isə “Demokratik.Az”-a bildirib ki, hər gün ölkədə avtomobil qəzaları olur və bunu normal qarşılayır. Lakin, evinin tək oğluna qarşı bir polis kapitanının və məhkəmə işçisinin təhqiredici sözlərini, hədələrini, şərri-böhtanı bağışlamaq fikrində deyil. 
Səfər Məmmədov deyir ki, qardaşlar vaxtilə polis orqanlarında çalışmış ataları, polis mayoru Rafayıl Atakişiyevin hesabına vəzifələr tutublar. Şikayətçi ata onların dikbaşlıqlarını atalarının himayədarlığı ilə izah edir. 
“Təsəvvür edin ki, Atakişiyevlər oğluma deyiblər ki; “44 günlük döyüşdə niyə sənin yanına snaryad düşüb öldürməyib, bizə görə vuruşmamısan ki? Çıxart 1000 (bir min) manat pul ver, yoxsa sənin cibinə nəşə salıb səni tutduracağıq..!-deyə şikayətçi bildirir. 
Bundan başqa, Səfər Məmmədov sözlərinə əlavə edib ki, hadisə yerində hər şeyin qanunla həll ediləcəyini tələb etdikdə, Atakişiyevlər bildirib ki, “polislər bizə neyləyə bilər, maşınımızın 370 manat borcuna görə QAİ-də həbs qərarı var, amma kimsə də bu maşınımızı tuta bilmir. İndi sizə görə QAİ bizə qanun tətbiq edəcək ki ?,,Sizi qapımızda süründürəcəyik”.
Onun sözlərinə görə, həqiqətən də Gəncənin DYP əməkdaşları Sadir Atakişiyevin həbs qərarı ola-ola idarə etdiyi avtomaşını cərimə meydançasına aparmağa cürət etməyib. Hətta, S. Məmmədov bilib ki, Atakişiyevə görə Gəncə DYP-nin rəisi Rəhim Zalov da canfəşanlıq edərək özəl tapşırıq verib, birbaşa onun toxunulmazlığını özü təmin edib. 
Hadisədə avtomobillərdə sürət həddinin çox aşağı olduğunu və heç bir halda sürücünün xəsarət almasının mümkün olmadığına da toxunan şikayətçi Sadir Atakişiyevin utanmadan onun oğluna şər-böhtan atdığını, olayda guya hansısa bədən xəsarətləri aldığı barədə ağ yalanlar uydurduğunu, nəticədə vətən yolunda canını qoyan bir hərbçiyə hörmət qoyulmadığını dilə gətirib. Ata bildirib ki, Atakişiyev ağ rəngli sözügedən "NİVA"nı Gəncədə "Şəms" şadlıq sarayının arxasındakı dayanacağa gizlədib və maşına dair də (370 manata görə) həbs qərarı icra edilməlidir ki, qanunun aliliyini hamı görsün. Şikayətçi ədalətli polis araşdırmasının tərəfdarıdır və inanır ki, bir polis kapitanının və bir məhkəmə işçisinin qardaşlığı qanun aliliyindən əsla yüksəkdə dayanmayacaq.
P.S – Bizlər də hesab edirik ki, qeyd edilənlər dərindən araşdırılacaq, adi avtomobil qəzasına görə sıravi bir hərbçiyə qarşı hücuma keçən Atakişiyev qardaşlarının özləri və əməllərinə düzgün hüquqi qiymət veriləcək. Axı, bir polisin şərəf, bir hakim köməkçisinin də ədalət andı elə onların özlərindən başlamalı deyilmi!!!
Qarşı tərəfin də söz haqqına sayqılarla...
Demokratik.Az
Oxşar xəbərlər