Şəmkir sakini: " Ferma tikirdim deyə polislər bir quzumu aldı" - VİDEOŞİKAYƏT

  • 07 dek 2020, 10:03
Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Nəcəfov Qafqaz Akif oğlu rayon polislərinin fəaliyyətindən narazıdır. Adıçəkilən vətəndaşın iddiasına görə, bir neçə ay öncə rayonun Aşağı Seyfəli kəndində özünə məxsus torpaq sahəsində tövlə tikməyə qərar verib. Və bir neçə gün sonra, 31.07.2020-ci il tarixdə Çinarlı qəsəbəsi üzrə sahə müvəkkili, polis kapitanı Səbuhi Zeynalov oraya gələrək tikilinin dayandırılmasını tələb edib.
Nəticədə, öz aralarında razılaşaraq, polis vətəndaşı qorxudaraq onun 25 kiloluq erkək quzusunu əlindən almağa nail olub. Şikayətçinin iddiasına görə, Samir adlı polis əməkdaşı 31 iyul 2020-ci ildə onun yaşadığı və mal-qara saxladığı Aşağı Seyfəlidəki ünvana gələrək "Ford" markalı maşınla quzunu apararaq Səbuhiyə çatdırıb.Tövlə tikintisi də sonadək davam etdirilib və əsas işlər yekunlaşıb.
Lakin, vətəndaş prokurorluğa şikayət etməyə məcbur qalıb. Sahə müvəkkilinin ondan rüşvət kimi aldığı quzunu geri almağa girişib.
Şikayətçi buna səsəb kimi videoşikayətində bildirib ki, polislər onu aldadıblar, daha sonra 2000 (iki min) manat da tələb ediblər. İstədikləri alınmadıqda isə ona tikinti işlərinə görə İXM-nin tələbi üzrə cərimə protokolu tərtib edərək iş materiallarını məhkəməyə qaldırıblar. Məhkəmə də vətəndaşı 500 manat cərimələyib. Ona görə də Qafqaz düşünür ki, polislər aldıqları 300 manatlıq quzunu ona geri qaytarmalıdırlar.
"Demokratik.Az" bildirir ki, Qafqaz Nəcəfovun şikayəti əsasında Azərbaycan Respublikası DİN nazirliyində, Şəmkir RPŞ-də və Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb. Şəmkir prokurorluğu şikayətin yekunu olaraq cinayət işinin açılmasını rədd edib, vətəndaşa hüquq-vəzifələri izah edilib.
Buna baxmayaraq, vətəndaş sonuncu videomüraciətində ölkə başçısına müraciət edərək pozulmuş hüquqlarının bərpasına dair çağırış edir. O hesab edir ki, işi düzgün araşdırılmayıb.
"Demokratik.Az" Nəcəfov Qafqaz Akif oğlunun videomüraciətini təqdim edir:

Vətəndaşın ittihamları ilə əlaqədar öncədən DİN-in rəsmi mövqeyinə sayğımızı ifadə edir, müraciətin araşdırılmasını hüquq mühafizə orqanlarından xahiş edirik
Demokratik.Az
Oxşar xəbərlər