Gəncədə ÖZBAŞINALIQ! Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - ŞİKAYƏT

  • 27 noy 2020, 10:38
Gəncə şəhərində hüquqi müstəvidə maraqlı və analoqu olmayan biabırçı bir olay baş verib. Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin icra məmurlarının özəl sifarişi əsasında Gəncə şəhər sakini Məmmədova Mehriban Əli qızının əmlak hüquqları qeyri-qanuni əsaslarla təcavüzə məruz qalıb. Ən üzücü hal isə odur ki, şəhər mərkəzində bir obyektin dağıdılması və talanması ilə də müşaiyət edilən hadisə dövlətin vicdanı və ədaləti hesab edilən məhkəmə orqanları, respublika adından qərarlar qəbul edən bəzi hakimlərin iştirakı ilə ssenariləşdirilib. Sanki, “haqq var, divan yox!” prinsipi ortadadır. Özbaşınalığı durduracaq kimsələr də tapılmayıb, əksinə, neqativ nümunənin həcmi getdikcə daha da böyüdülüb, proseslər çox eybəcər yuridik şəkil alıb.
Bu barədə “Demokratik.Az”-a zərərçəkmişin özü danışıb. 
Mülkiyyət hüquqları pozulan şikayətçinin bildirdiyinə görə, 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamı əsasında şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə mülkiyyət hüququ əldə edib. Bu barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa və texniki pasporta da sahibdir. M.Məmmədova həmin mülkiyyətini “fincanların düzəldilməsi” emalatxanası kimi işlədib, sahibkar olaraq da dövlət büdcəsinə illərlə vergilər ödəyib. 
Mülkiyyətçi bildirir ki, cari ilin iyulun əvvəlində Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin əməkdaşları, icra məmuru Anar Hüseynov və Anar Cəfərov onun mülkiyyətinə özbaşına daxil olaraq obyektə girişin möhürlənməsini həyata keçiriblər. Və ardından, bir neçə gün sonra – 30 iyul 2020-ci il tarixində (özü də nədənsə Qurban bayramı günü - red) polislərin müşaiyyətilə obyektə gələn icra məmurları heç bir şikayətə məhəl qoymayaraq, məhkəmə qərarı olmadan sözügedən obyektin açarlarını da mülkiyyətçinin əlindən zorla alıblar. Özbaşınalıqlarına isə hakim Gündüz Şirinovu da vasitə ediblər. Beləcə, şikayətçinin bildirdiyinə görə, icra məmurları və məhkəmə orqanı onun konstitusion hüquqlarını da, mülkiyyət hüquqlarını da bilərəkdən pozublar. 
Şikayətçinin redaksiyamıza təqdim etdiyi fotoşəkillərdən və digər sübutlardan aydın olur ki, icra məmurları mülkiyyətin açarını (ixtiyarını-red) aldıqdan dərhal sonra eyni binanın zirzəmisini qanunsuz istifadə edən vətəndaş Hüseynov Sərxan Səlyan oğluna həvalə edib maddi zərərə də yol açıblar. Sərxan da öz növbəsində mülkə qanunsuz sahiblənərək oranın qapısını, içəridə quraşdırılan özgənin kamerasını sındırmış, emalatxanaya aid bir neçə adda əşyanı mənimsəmiş və talamış, obyektin beton döşəməsini isə dağıdıcı-deşici avadanlıqla yararsız hala salmışdır.
Təəccüblü səslənsə də, icra məmurları özbaşınalıqlarını Nizami rayon Məhkəməsinin 2004-cü ilə aid (2-124-/2004) qətnamə ilə izah etməyə çalışıblar. Guya, 16 ildir “icra edilməyən” qətnamənin icrasına başlayıblar. Lakin, məlum qətnaməyə və 01 iyun 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətovun imzaladığı “icra vərəqəsi”ni oxuduqda da aydın olur ki, qətnamədə zərərçəkmişlə və mülkiyyətlə əlaqədar bir söz də yer almayıb. Və icrasına zərurət olmayan, 16 il dondurulan qətnamədə sadəcə qeyd edilib ki, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu (pilləkən) açılmalıdır. Hansı ki, tələbkar həmin ildən bəri zirzəmiyə bir deyil, bir neçə giriş qapısı açmağa nail olub. 2004-cü il tarixli bir qətnamənin nə səbəbə 2020-ci ildə icraata yönəldilməsi məsələsi isə məhkəmədən fərqli olaraq şikayətçi üçün əsaslı sual olaraq qabarıb. 
Bu günlərdə şikayət əsasında baxış keçirən FHN-in Gəncə Regional İdarəsi və Gəncə İHB-nin memarlıq şöbəsi də rəyə gəliblər ki, zirzəmiyə prospekt tərəfdən hansısa pilləkənin açılması mümkünsüzdür. Xüsusilə də, şikayətçi Mehriban Məmmədova mülkiyyət hüquqlarını həmin qətnamənin qüvvəyə minməsindən təxminən 10 il sonra İHB-nin sərəncamı ilə əldə edib və mülkündən 7 ildir ki, qanuni əsaslarla istifadə edir. Həmin qətnamədən isə xəbəri belə olmayıb.
Gəncə İHB-nin birinci müavini Səməd Tomiyevin şikayətçiyə cavab mətnində də xatırladılıb ki, “2012-ci ildə 249 saylı yaşayış binasının fasadının yenidən qurulması zamanı binanın perimetri boyu fasadında dəmir-beton karkas quraşdırılmış və nəticədə yaranmış əlavə qeyri-yaşayış sahələrində zirzəmiyə qapı açılması konstruktiv baxımdan qeyri-mümkündür və tikinti normalarına uyğun deyildir.
Eləcə də, şəhərsalma və tikinti məcəlləsinin 77.1-ci maddəsinə əsasən tikintiyə icazənin verildiyi vaxtdan 3 (üç) il ərzində dayandırıldığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Beləliklə, İHB öz izahatının sonunda zirzəmiyə giriş qapısı açılmasına dair 2004-cü il tarixli qətnamə tələbinin qüvvədən düşdüyünü də bildirir.    
Mülkiyyət hüquqları qəsdən pozulmuş şikayətçi baş verənlərin əsas səbəbi barədə maraqlı iddia da irəli sürüb. O həmin qətnamədən indiyədək xəbərsiz olduğunu da bildirib.
M.Məmmədovanın dediyinə görə, əslində, ona qarşı baş verənlər obyektini ələ keçirib öz obyektinə birləşdirmək istəyən Sərxan Hüseynovla Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətov, eləcə də icra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ələmdar İbrahimov arasındakı maddi maraqlardan doğulub. Bu isə təəssüf ki, sonuncular üçün dövlət məmuru ərkanına, hakimlik andına yaraşmayan davranış olmaqla, şəxsi-maddi maraqları qanun aliliyindən üstün tutmaq mərəzidir. Onları etimad edib icra məmuru və hakim vəzifəsinə yüksəldən Ədliyyə nazirliyinə qarşı bir hörmətsizlikdir. 
Şikayətçi Mehriban Məmmədova öz ittihamlarını onunla da əsaslandırır ki, Ələmdar İbrahimov və həmin binanın yaxınlığında yaşayan hakim Zaur Hümmətov son iki ayda dəfələrlə Sərxan Hüseynova məsləhətlər vermək üçün obyektə də gəliblər. Sərxandan mülkiyyəti təcili dağınıq-yararsız vəziyyətə salınmasını təmin etməyi də istəyiblər. Bütün bunlar isə sübut edir ki, icra məmurları başda Ə.İbrahimov və 16 il əvvəlki qətnaməyə yenilənmiş “icra vərəqi” çıxaran hakim olmaqla, əslində onlar qətnamənin icrasında deyil, sözügedən mülkiyyətin qeyri-qanuni yolla Sərxanın istifadəsinə keçməkdə maraqlıdırlar. Yoxsa, bir düşünək, axı “icraat haqqında qanun”da haradasa yazılmayıb ki, qətnamənin icrasını tələbkar özü icra edə bilər? Hansı qanuna görə, mülkiyyətçinin açarı zorla əlindən alınıb özgə şəxsə təhvil verilə bilər? Axı, hansı qanun etibarsızlaşmış qətnamədə adı olmayan bir mülkiyyətçinin hüquqlarını pozmağa bunca səlahiyyətlər verib? Təəssüf ki, mülkiyyətçinin hüquqları dövlətin “ədalət carçıları” tərəfindən qəsdən pozulub. Bu cür mülki hallar qanuni əsaslara dayanmayanda isə məhz rüşvətə və ya şəxsi maddi maraqlara dayanır! deyə bilərik. Əgər bunlar savadsızlığa dayanıbsa, onda hüquq təhsilli baiskarların deyilən vəzifələrdə yer almalarına, qanun adına imza atmalarına əsl faciə kimi baxmaqda fayda var.
Şikayətçi onu da bildirir ki, iş üzrə 2004-cü ilə aid qətnaməyə, onun icra mümkünsüzlüyünə də məhkəmələr şərh verməkdən boyun qaçırıb. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Gündüz Şirinov 24 avqust 2020-ci il tarixli (8-(044)-115/2020) qərardadla qətnaməyə şərhi rədd edib. Nə hakimlər, nə də başbilən icraçılar hərəkət və ya hərəkətsizlik edərkən hüquqi halların dərindən araşdırılmasını düşünməyiblər. Nə şəhər icra hakimiyyətinin rəyinə əsaslanmağa, nə də zəruri ekspertizanın aparılmasına maraqlı olmayıblar. Çünki öz maraqları olub.
Tələbkar Sərxan Hüseynovun özü isə Apellyasiya Məhkəməsində bildirib ki, əslində həmin qətnamə icra edilib. Bu daha dəhşətli suallar yaradır, əgər qətnamə icra edilmişdirsə, onda şikayətçinin mülkiyyət hüquqları hansı əsaslarla pozulur və niyə sözügedən obyekt vandalizmə məruz qalmaqdadır?
Yuxarıda qeyd olunan hallardan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi arayışdan bəlli olur ki, əslində tələbkar Sərxan Hüseynovun Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə dair qanuni mülkiyyətçilik hüquqları hazırda ümumiyyətlə mövcud deyil. 
Həmin rəsmi sənəddə isə qeyd edilir ki, S.Hüseynov həmin zirzəmini (100kv-m hissəsində) 16.09.2009-cu il tarixli GV-0022 saylı ipoteka müqaviləsilə “Rabitəbank ASC”-nin Gəncə filialına təslim edərək 5 il müddətə (16.09.2009-16.09.2014) 320 min manat kredit götürmüşdür. Nəticədə ödəniş etməmiş, mülk 24.07.2014-cü il tarixli 1514010588 qeydiyyat nömrəli çıxarışla “Rabitəbank ASC”nin mülkiyyətinə keçmişdir. Məktuba əsasən, S.Hüseynovun sözügedən 249 saylı binanın zirzəmisinin digər hissələrində də faktik olaraq mülkiyyətçilik, sahiblik hüquqları mövcud deyildir. Belə olan halda da şikayətçinin mülkiyyət hüquqlarının qeyri-qanuni əsaslarla tapdandığını başqa motivlərlə isbata artıq ehtiyac qalmır. Bununla da anlaşılandır ki, həm məhkəmə, eləcə də icra şöbəsi qətnamənin icrası bəhanəsilə heç bir mülkiyyət hüququ olmayan bir tələbkarın qeyri-qanuni tələblərinə öz maraqları naminə boyun əymişlər. 
Hazırda şikayətçinin məhkəməyə müraciətləri əsasında bir neçə hal üzrə iddialarına baxılır. Şikayətçi hər şeyə rəğmən ümidini itirmir, mülkiyyət hüquqlarının tezliklə bərpa ediləcəyinə, qarşılaşdığı məmur özbaşınalığının cəzasız qalmayacağına inanır.
“Demokratik.Az” olaraq biz də hesab edirik ki, uzun illərdir öz vəzifəsini ləyaqətlə və şərəflə icra edən Ədliyyə naziri cənab Fikrət Məmmədov vətəndaşın mülkiyyət hüquqlarının ələ salınmasına diqqət edəcək və ölkədə aparılan məhkəmə islahatları çərçivəsində özbaşınalıqda adıkeçən hakimləri və icra məmurlarını sərt şəkildə cəzalandıracaq.
Osman Nərimanoğlu
Demokratik.Az

Oxşar xəbərlər