"DONUZ SÖHBƏTİ" - Çaykəndin bələdiyyə sədri Ekologiya Nazirliyini niyə aldatdı?

  • 25 sen 2020, 11:59
17 sentyabr 2020-ci il tarixdə "Demokratik.Az" saytında yayımlanan Sayın Muxtar Babayevə! "Müsəlmansınızsa, Göygöl Milli Parkını murdarlayan donuzları RƏDD EDİN!" sərlövhəli xəbərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi açıqlama verilib. Bəzi elektron kütləvi informasiya vasitələrində başlığı dəyişdirilərək "Göygöl Milli Parkında donuzçuluq təsərrüfatını kimlər yaradıb?" kimi tirajlanan həmin yazı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin, Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Çaykənd bələdiyyəsinin sədrinin iştirakı ilə sözügedən əraziyə baxış keçirilib. Nəticədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən baxış və aparılan araşdırma zamanı ərazinin Göygöl Milli Parkına və meşə fondu torpağına aid olmadığı, Çaykənd bələdiyyəsinin mülkiyyətində olduğu məlum olub. Eləcə də, nazirlik nədənsə ərazidə yalnız və yalnız 38 donuzun olduğunu müşahidə etdiklərini bildirib.
Nazirliyin rəsmi açıqlamasında o da qeyd edilir ki:
“Donuz saxlayanın Kəlbəcər rayonundan olan, hazırda Çaykənd kəndində məskunlaşan Səməndər Məmmədov olduğu, bir müddət yerli meşə idarəsində meşə gözətçisi vəzifəsində çalışdığı, lakin 5 ay əvvəl tutduğu vəzifədən azad edildiyi məlum olub. Vətəndaş verdiyi yazılı izahatda donuzları əvvəl kənddə saxladığını, kənd əhalisinə narahatlıq yaratmamaq məqsədilə sonradan onları kənddən çıxarıb "köhnə mədən" adlanan yerdə saxlamaq qərarına gəldiyini bildirib. Həmin ərazinin kimə məxsus olduğunu bilmədiyini, heç kimdən icazə almadığını və 20 gün ərzində donuzları satacağını izahatında qeyd edib”.
Xidmət rəisi onu da bildirib ki, Çaykənd bələdiyyəsinin sədrinə donuzların ərazidən çıxarılmasını nəzarətdə saxlamaq və qanunsuz otarma ilə bağlı tədbir görmək barədə göstəriş - tövsiyə də verilib.
Nazirliyin 21 sentyabrda sosial şəbəkə vasitəsilə yaydığı və nümayiş etdirdiyi bu mövqe açıqlamasında həqiqətlər yer alsa da, "Demokratik.Az" saytı bir sıra informasiyaların, müəyyən həqiqətlərin nazirlik əməkdaşlarından planlı şəkildə gizlədildiyini də söyləməyi faydalı hesab edir. 
İlk ona toxunaq ki, açıqlamada donuzçuluq təsərrüfatının Göygöl Milli Parkının ərazisində yer almadığını oxumaq sevindirici haldır, təbiəti qoruyanların donuz saxlayan fiziki şəxsi dərhal cəzalandırmamaları və ya ona hansısa cəza verə biləcəklərini izah etməmələri isə təəssüf doğurur. Bu tipli açqlamalarda maarifləndirmə də vacibdir. Çünki, bu kimi hallarda cəzasızlığın digər meşələrdə, kəndlərdə də mənfi presedentə yol açacağını nazirlik də çox güman, yaxşı bilir. Əgər, bununla bağlı 10 saylı regional ekologiya və təbii sərvətlər şöbəsində araşdırmalar belə aparılırsa, bu da ictimaiyyətə tam açıq həyata keçirilməlidir. Amma, ekologiya nazirliyi üçün bundan da ciddi yalan-yanlışlar var.

Donuzçuluq təsərrüfatını təşkil edən Səməndər Məmmədov əslində əzbərlədiklərini danışıb...
Əldə etdiyimiz məlumata görə, əraziyə baxışda iştirak edən Çaykənd bələdiyyəsinin sədri donuz saxlayan kənd sakini, sabiq meşə gözətçisi Səməndər Məmmədovu ekologiya mühafizəçilərindən qorumaq üçün bəzi sənədləşmələri gizlədib, eləcə də S.Məmmədovun nə danışacağı, hansı izahatı verəcəyi barədə öncədən təlimatlandırılıb. Eləcə də, 10 hektarlarla bələdiyyə mülkiyyəti deyilən meşəlik ərazini çəpərləyərək təbiətə qəsd edən şəxsin 100-dən artıq donuzu "köhnə mədən" ərazisindən əvvəlcədən çıxartmasını təmin edib.
Belə ki, məlum açıqlamadan da göründüyü kimi, guya baxış zamanı 38 donuz aktlaşdırılıb ki, bu ağ yalandır. Səməndər Məmmədovun və kənd sakinlərinin bir neçə gün öncə dediklərinə görə, ərazidə 200-dən artıq donuz saxlanılıb və onların əksəri də damazlıq olub. Say məsələsində ekologiya əməkdaşlarının aldadıldığını bildiririk. Donuzların əsas qisminin ətrafda bir yerdə gizlədildiyini də düşünmək olar.
Digər bir məlumata görə isə, donuz təsərrüfatının "yaradıcısı"nın Çaykənd bələdiyyə sədri arasında həmin ərazidən uzunmüddətli istifadəyə dair icarə müqaviləsi mövcuddur. Yəni, S. Məmmədov ərazidə donuz saxlaması üçün bələdiyyəyə pul ödəyib, məqsədini əvvəlcədən gizlətməyib. Bu halda da, bələdiyyə mülkiyyətində yer alan ərazidə donuz saxlanmasına şərait yaratdığına görə, elə kənd bələdiyyəsinin özünə cərimə tətbiq edilməli deyilmi?
Həmin ərazinin bələdiyyəyə aid olduğunu yaxşı bilən tərəflərə ekoloji humanizmin tətbiqini qəbul etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə daha diqqətli yanaşma sərgiləyəcəyinə ümid edirik...
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun tələblərini pozmuş Çaykənd bələdiyyə sədri Vaqif Sadıqov barədə isə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, birbaşa Ədliyyə Nazirliyi yanında "Bələdiyyələrlə İş Mərkəzi", Gəncə Regional Ədliyyə Şöbəsi də məşğul olub xüsusi araşdırmalar aparmalıdır. Elə kəndin məlumatsız seçiciləri də ərazidə nəyin necə baş verdiyini V.Sadıqovdan öyrənməyə, ondan halallıq tələb etməyə haqqları var... Baxmayaraq ki, bütün kənd camaatı yaxşı bilirdi ki, o meşə zolağında kim nə qədər donuz saxlayır... 
(mövzu diqqətimizdədir)
Demokratik.Az

Sayın Muxtar Babayevə! "Müsəlmansınızsa, Göygöl Milli Parkını murdarlayan donuzları RƏDD EDİN!"



Oxşar xəbərlər