Göygöl İHB təkzib edir - "Qonaq Evi"ndən çıxarılanlar "Azəristiliktəchizat" ASC-nin öz mülkiyyətidir"

  • 19 sen 2020, 14:46
Ötən gün Göygöl rayonunda yerləşən "Qonaq Evi" barədə yayımladığımız xəbərə rayon icra hakimiyyəti tərəfindən reaksiya verilib.
"Demokratik.Az"ın yaydığı məlum yazıya cavabında İHB söylənənləri təkzib edərək yalanlamağa çalışır...

Göygöl rayon İcra Hakimiyyətinin "Demokratik.Az"-a bildirdiyinə görə, yazılanların heç bir əsası yoxdur. Belə ki, məlum çəkilişdə göstərildiyi kimi, 11 sentyabr 2020-ci il tarixdə bir kranın köməyilə "Qonaq evi"nin qənşərində yerləşən obyektdən, yəni, Göygöl şəhərindəki 25/4 saylı qazanxanadan 1 ədəd irihəcmli mazut çəni, eləcə də 1 ədəd suqızdırıcı qazan, 1 ədəd qaz sayğacı, uzunluğu 4 metr olan diametri 78 mm-lik dəmir boru və uzunluğu 1,20 metr olan 3 ədəd şveller Azəristiliktəchizat ASC-nin tabeliyindəki Gəncə İSİS-nin (İstilik Sistemlərinin İstismarı Sahəsi-red) rəisi Araz Məmmədov tərəfindən çıxarılaraq aparılmışdır. Bu iş həyata keçirilərkən yerli məmurların da iştirakı ilə müvafiq AKT tərtib edilmiş, Nazirlər Kabinetinin 177 saylı 06 noyabr 2004-c il tarixli qərarı və Əsas vəsaitlərin silinməsi ilə bağlı “Daimi fəaliyyət göstərən komissiyanın yaradılması” haqqında “Azəristiliktəhcizat” ASC-nin 193 saylı 20 may 2008-ci il tarixi əmrinə istinadən “Azəristiliktəhcizat” ASC-nin sədri Yaşar Həsənovun 2012-ci ildə verdiyi əmr əsas kimi diqqətə alınmışdır.
İcra Hakimiyyətinin saytımıza cavabına görə, sözügedən hadisənin Göygöl İHB-yə və uzun müddətdir fəaliyyəti sıradan çıxarılmış qazanxana sisteminin qonşuluğundakı "Qonaq Evi"nə ümumiyyətlə heç bir aidiyyatı yoxdur. 
Xəbərdə "Qonaq evi"nin satılmasına dair iddiaları da yalan adlandıran qurum israrlı şəkildə belə bir niyyətin planlaşdırılmadığını da qeyd edir. 
"Demokratik.Az" saytı Göygöl İHB-nin rəsmi mövqeyinə sayğısını ifadə edir. Çəkilişdə daşınar əmlakın doğrudan da "Qonaq Evi"nin özündən deyil, yaxınlıqdakı qazanxana ərazisindən çıxarıldığını biz də söyləyə bilərik.  Lakin, qurumun redaksiyamıza təqdim etdiyi sözügedən sənədlərin mahiyyətilə gecikmiş icra mexanizmi arasında ziddiyyətlərin, hansısa fərdi maraqların və ya obyektiv problemlərin olduğu da aşikar ortadadır.
 
Nimdaş hala düşmüş bir əmrdən oxuyuruq ki, Göygöl rayon İstilik Sistemlərinin İstismarı Sahəsinin balansında olan su qızıdırıcı qazan F-30, irihəcmli bir mazut çəni və qaz sayğacının balansdan çıxarılması, eləcə də yararlı materiallarından istifadə edilməsi üçün anbara təhvil verilməsi vəzifə olaraq Göygöl rayon İSİS-nin rəisi Fikrət Hüseynova həvalə edilmişdir.
Lakin, göründüyü kimi, sözügedən əmrin icrası düz 10 il yubadılmışdır, yalnız bir neçə gün əvvəl icra edilmişdir.
Məsələ ilə əlaqədar "Azəristiliktəchizat" ASC ilə də əlaqə saxladıq. ASC rəsmisi də eyni mövqe ilə çıxış edərək bildirdi ki, xəbərdə yer alan və Göygöl rayonunun "Qonaq Evi" ərazisindən çıxarılmış köhnə istilik avadanlıqları "Azəristilik" ASC-nin mülkiyyətidir və sözügedən mal varlığının Göygöl icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur. ASC sadəcə olaraq özünə məxsus əmlakına sahib çıxaraq aidiyyatı üzrə mal varlığını öz anbarına daşıyıb.
Sözügedən xəbərin linkini də təqdim edirik:
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir? - Videoçəkiliş 
Demokratik.Az
Oxşar xəbərlər