ŞİKAYƏT! "Məharət Mustafayev torpağımızı və dalanı rüşvətlə özgəyə satıb"

  • 08 sen 2020, 10:28
Törətdiyi məlum cinayət əməllərinə, korrupsiya faktlarına və sənəd saxtakarlığına görə hazırda həbsdə olan sabiq icra başçısı Məharət Mustafayevdən yeni şikayət var.
M.Mustafayevin əməlindən əziyyət çəkdiyini deyən şikayətçilərdən biri də Gəncə şəhər sakini Qurbanova Xanım Əhməd qızıdır.
Şikayətçinin "Demokratik.Az"-a bildirdiyinə görə, Bağmanlar qəsəbəsi Kirov adına kolxozun arxiv fondunda saxlanılan protokol kitabından da aydındır ki, kolxoz üzvlərinin 12 aprel 1957-ci ildə müvafriq saylı ümumi yığıncağının qərarına əsasən, mərhum qardaşı Əliyev Ələkbər Əhməd oğluna sovxozun həyətyanı torpaq fondundan 0,08 ha torpaq sahəsi ayrılmışdır. 1983-cü ildə isə həmin torpaq sahəsi sahibinin istəyi əsasında öz bacısına - şikayətçinin ailəsinə bağışlanmışdır. Və həmin torpaq sahəsində Qurbanov Nürəddin Qurban oğlu tərəfindən ev tikilmişdir.
Adıçəkilən şikayətçi öz ailəsilə birlikdə həmin evdə bugünədək yaşamışlar. 
2014-cü ilin əvvəllərində isə sabiq icra başçısının maxinasiyası nəticəsində Zaur Bayramov adlı şəxs qanunsuz yolla mülkiyyətin 2 sotuna müdaxilə edərək qanunsuz yolla Azər və Zaur adlı şəxslərə satmışlar.
Şikayətçi bildirir ki, Məharət Mustafayevin özü və şəhərin baş memarı Əli Rüstəmli mülkiyyət hüquqlarına sayğısızlıq edərək adıçəkilənlərdən aldıqları rüşvət müqabilində (sotu 5000 manat olmaqla) torpaqlarını satdıqdan sonra, tikintiyə dair digər saxta sənədləşmələr də həyata keçirmişlər. Nəticədə, Məharət Mustafayev və baş memarın əməlləri sayəsində mülkiyyətçinin sahib olduğu 2 sot torpaq sahəsində qanunsuz evin tikilməsinə şərait yaratmışlar.
Bundan başqa, evə əsas giriş yolu - 40 il dalan kimi ümumi istifadədə olan ərazi də Məharət Mustafayevin gəlir yeri kimi əsassız sərəncamla vətəndaş Quliyev Arzu Ədil oğluna satılmış, sonuncu da zəbt etdiyi yerdə mağaza və ev tikdirmişdir. Bu özbaşınalığın sayəsində isə digər evin qanuni pəncərələri qəsb edilmiş, mülkiyyət hüquqları ilə yanaşı şəhərsalma və arxitektura normaları zorlanmışdır.
Şikayətçinin "Demokratik.Az"-a dediyinə görə, İHB-nin sabiq əməkdaşlarının ağlasığmaz fəaliyyətlərindən irəli gələn halları hazırki icra başçısı Niyazi Bayramov da yaxşı bilir. Lakin, yeni icra başçısı problemin həllində acizliyini, pullu-hallı şəxslərin qarşısında zəifliyini gizlətmir.
Hər halda inanaq ki, şikayətçinindedikləri araşdırılacaq, M.Mustafayevin geridə buraxdığı nöqsanları aradan qaldırılacaq.
Xatırladaq ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq icra başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi davam etdirilir.
İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Əli Rüstəmov və Məharət Mustafayev barəsində Binəqədi rayon Məhkəməsində istintaq orqanının təqdimatlarına baxılıb.
Rəsmi məlumatlara görə, hakimlər Fərid Əmirəliyev və Vüqar Məmmədovun sədrlikləri ilə keçirilən proseslərdə istintaq orqanının təqdimatı təmin edilib.
Cari ilin avqustun sonunda Məhkəmə tərəfindən hər iki şəxs barəsində 1 ay 21 gün həbs qətimkan tədbiri seçilib.
Çoxsaylı faktlar və Gəncədəki mövcud durum sabiq icra başçısına və sabiq baş memara qarşı yuxarıda sadalanan ittihamları öz-özlüyündə də tam isbat edir.
Hazırda həbsdə olan şəxslərin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə yaxın dost olması, məhz E.Vəliyev tərəfindən də ölkənin ikinci böyük şəhərində aparıcı vəzifələrə irəli çəkilmələri reallığı da ortadadır.
Demokratik.Az


Oxşar xəbərlər