Gəncənin icra başçısı kommunalın işçilərini niyə motosikletdə daşıtdırır ?

  • 23 avq 2020, 18:07
Gəncədə Kommunal Təsərrüfat İstehsalat Birliyinin başbilənləri təmizlik işçilərini iş başına motosikletlə daşımağa üstünlük verirlər. Dəfələrlə bu barədə tənqidlər səslənsə də, narazılıqlar baş qaldırsa da özbaşınalıq öz yerində sayır...
"Demokratik.Az"-a verilən məlumata görə, bugün şəhərin Şah İsmayıl Xətai ilə Dədə Qurqud prospektlərinin kəsişməsində "Yol hərəkəti" haqqında qanunun tələblərinə və karantin qaydalarına riayət etməyən növbəti motosiklet sakinlərin diqqətini çəkib. Ağ rəngli motosiklet tərkinə 6-7 nəfər qadın təmizlik işçisini mindirərək yolun əks istiqamətinə doğru hərəkət edib. MKTİB-in işçiləri və "tır-tır" sürücüsü kənardan deyilən haqlı iradları qulaqardına vurublar və öz yollarına davam ediblər.
Heç bir sosial məsafə gözləmədən, adam daşınması qadağan edilən bir nəqliyyat vasitəsində maskasız və əlcəksiz şəkildə şəhəri dövr edən işçilərə belə bir şəraitin kim tərəfindən yaradıldığı, özbaşınalığa kimin rəvac verməsi isə olduqca maraqlıdır. 
"Demokratik.Az"-a Gəncə MKTİB-in adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən verilən məlumata görə, fəhlələrin bu şəkildə kütləvi daşınmasını birbaşa Gəncə İHB-nin başçısı Niyazi Bayramov fikirləşib. Belə ki, təyinatından sonra, öz dost-tanışlarını sözügedən idarəyə rəhbər gətirən icra başçısı "Gəncə Avtomobil Zavodu"nun istehsalı olan bir neçə yeni motosikletini fəhlələrin daşınması üçün səfərbərə aldırıb. İcra başçısı bu cür qanunsuz və fəhlələrin həyatı üçün olduqca təhlükəli yolla daşınmasını əmr edərək, şəhər ərazisində operativ təmizləmə mexanizmi kəşf edib. Məlumata görə, Niyazi Bayramov bu metodu özü ilə Mingəçevirdən gətirib, başçı o rayonda da kommunalın yazıq fəhlələrini motosikletlərdə daşıtdırıb. İddianın doğruluğunu isə deyə bilmərik.
Onu da bildirək ki, şəhər ərazisində Kommunal Təsərrüfatı İstehsalat Birliyinin öz fəhlələrini iş yerinə daşımaları üçün heç bir vəsait və ya zəruri nəqliyyat vasitəsi ayrılmır. Buna baxmayaraq, problemin motosikletlə həlli nəinki çıxış yolu deyil, əksinə rəzillik yaradan kobud qanun pozuntusudur.
Gəncə İcra Hakimiyyətinin və tabeliyindəki MKTİB-in qarşı tərəf kimi mövqeyi, özəl açıqlamaları da maraqlı olardı...
Demokratik.Az
Oxşar xəbərlər