Demokratik TV
DTX və Baş prokurorluq araşdırsın! ADAU-da məmurlara maaş necə yazılıb və ayrılan pullar hansı cibə girib?
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.

ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Hazırda ADAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını aydın etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin baş prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) "qara maskalıları"nın təcili olaraq hərəkətə keçməsinə real əsaslar var.
"Demokratik.Az"-a daxil olan növbəti məlumatlar onu deməyə əsas verir ki, danışanda özünü şəffaf və təmiz kimi tanıdan plagiat rektor İbrahim Cəfərov və tabeli yandaşları vəzifə səlahiyyətlərindən özlərinin varlanmaları üçün istifadə edərək küllü miqdarda dövlət vəsaitinin şəffaf xərcləndiyinə dair əsaslı şübhələr oyada biliblər. Rektorun son illərdə sahib olduğu villalar, ev-eşik, eyşi-işrət həvəskarlığı, "333"-lə başlayan bahalı avtomaşınlar da şübhələri gücləndirir.
Bu linkdən tanış olun! - ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Aşağıdakı ittihamların kifayət qədər ciddi olduğunu nəzərə alaraq, yazılanların dərindən təftişi üçün aidiyyatı dövlət qurumlarına və hüquq mühafizə orqanlarına açıq çağırış edir, cinayət işi açılmaqla və rektorun həbs edilməklə cəzalandırılması üçün ADAU-da vüsət alan maddi maxinasiyaların çox cüzi hissəsini faktlarla geniş oxucu auditoriyasına təqdim etməyi vacib bilirik.
Beləliklə, bir müddət öncəki xəbər yazılarımızda da qeyd etdiyimiz kimi, ADAU-da tədris prosesini axsadan amillər daha çox şəxsi maraqlardan qaynaqlanır. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da "müəllim" adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib. Prosesin illərə dayandığını nəzərə alsaq, küllü miqdarda dövlət vəsaitinin düzgün təyinatla xərclənməməsi, bəlkə də məhz rektorun özü tərəfindən mənimsənilməsi iddiası yaranır.Əldə edə bildiyimiz bir sıra sənədlərdən və informasiyalardan aydın olur ki, Universitetin təkcə Aqronomluq fakultəsinin "Ekologiya və meşəçilik" kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr və dərs jurnalları illərlə saxtalaşdırılıb.
Məsələn, hazırda "Gəncə Det-Al Alüminium" Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər.




Qısaca onu da bildirək ki, M.Bayramov illər əvvəl rektorunun yolunu gedərək rus alimlərinin iki dərsliyini çalmaqla birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq "oğurladığı" məhsulu "Kənd Təsərrüfatı ekologiyasından praktikum" adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub.
M.Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına (AAK) da məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz i.Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Bu da onu göstərir ki, plagiat Cəfərov qrif paylayarkən də heç bir elmi-qanunvericilik təlimatlarını vecə almır, əksinə özü kimi plagiatların sayının artmasına "ləbbeyk" deyir. Ümidvarıq ki, sabiqdən fərqli, yeni təhsil naziri və AAK belə məsələlərə ciddi yanaşacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə, rektor və prorektorlar da ilk sırada olmaqla ADAU-dakı saxta elmi ad və dərəcələr geri oxunacaq. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.



Uzun illərdir Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru kimi çalışan, gününü rəhbərlik etdiyi təhsil ocağında, iş başında keçirən Natiq Cavadov da rektorla dostluq edən gizəmli ADAU müəllimlərindəndir. Bu şəxs də demək olar ki, tələbə qarşısına çıxmadan, universitetə ayaq basmadan 0,5 ştat vahidi maaş alan məmurlardandır. İllərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır.

Bunlardan başqa, ADAU-nun sabiq prorektoru, hazırda Bakıda yaşamaqla KT nazirliyi yanında Bitki Mühafizə Mərkəzinin direktoru olan Azad İbrahimov, Gəncə Gömrük İdarəsinin əməkdaşı İlyas Məmmədov, millətvəkili Eldar İbrahimov (məsləhətçi adı ilə), Gəncənin sabiq təhsil müdiri Zakir Hüseynov və bir çoxları universitet büdcəsindən sanki "sosial yardım" alan məşhurlardır.
Adıçəkilənlərin tədrisdə gündəlik iştirak etməməsini sübut üçün oxucuların sənədlərə, jurnallara baxması, dəqiqləşdirmələri rəsmiyyətdə axtarması qəliz görünə bilər. Amma sadə məntiq də dediyimizin isbatı ola bilər ki, post-pandemiya dönəmində rektorun öyündüyü onlayn distant dərslərdə (ADAUTV yayımlayıb) niyə bu şəxslər mühazirə söyləməyib? Bari, müştəbeh rektor reallıqda dərs keçməyənləri virtual mühazirələrə cəlb edəydi, daha telefonlarda qalıb sərt karantin dönəmində yaşı 65-i keçmişləri küllü miqdarda büdcə pulu xərclədiyi "ADAU-TV"-yə zorla gətirtməzdi!..
Əslində, ADAU-nun magistr şöbəsini qəsb edən məmurların simasında, universitetin tədrisinin hansı yarıtmaz keyfiyyətdə olduğunu digər fakültə və kafedralardakı özbaşına mühitdə də aydınlaşdırmaq olar. Məsələn, 2017-2018-ci tədris ilində Aqrobiznes və İdarəetmə fakültəsinin nəzdində "Aqrobiznesin təşkili və idarə edilməsi" kafedrası da maraqlı nöqsana yol verib. Kafedranın "Aqrobiznesin strateji idarəedilməsi" fənni müəllimlərin tədris yükündə olmasına baxmayaraq, Sara və Gülnarə adlı müəllimlər tələbələrə semestr ərzində mühazirə demədən, dərs keçmədən maaş alıblar. Daha dəhşətlisi, rektorluq keçirilməyən həmin fənn üzrə imtahanlar təşkil edib, daxili narazılıqları isə hədə-qorxularla yatırıb. Belə cinayət xarakterli faktlar isə digər kafedralarda da yetərincədir və tədris işləri üzrə prorektor, saxta dosent Anar Hətəmovun nəzarəti altında qaynamaqdadır.
**********
ADAU-ya ayrılan büdcə pullarının və daxili imkanlar hesabına formalaşdırılan maliyyə imkanlarının digər məqsədlər üçün xərclənməsində də qeyri-şəffaflıq mövcuddur. Belə ki, ötən illər ərzində universitetdə aparılmış cari və əsaslı təmir işlərinə nə qədər vəsaitin yönəldilməsi, rektorla isti münasibətlərdə olan Bəhruz adlı şəxsin sahib olduğu özəl şirkətə təmir adı altında hər il ard-arda nə qədər pul vəsaitinin köçürülməsi tam qaranlıqdır. Məsələn, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara, nəqliyyat vasitələrinə, kompüterlərə, adi kommunal-kommunikasiyaya, mətbəə işləri, redaksiya və Adau-TV-nin fəaliyyətinə, universitetin hər il podralanan əsas və digər tədris binalarına xərclənən maddi vəsait barədə məlumatlar gizlədilir. Sizcə niyə gizlədilməlidir, məgər şəffaflıq informasiya bolluğundan, ictimai nəzarətə açıq davranışlardan yaranmırmı?
İki nazirliyin kurasiyasında olan universitet üçün təşkil edilmiş tenderlərin əksəriyyətinin varlığına, rektorun özünün və istədiklərinin xarici ölkə səfərləri (ezamiyyə) üçün pərçimlənən pullar barədə də heç bir rəsmi dövlət saytının (özəlliklə adau.edu.az-da paylaşılmır-red) arxivində açıq informasiyalara rast gəlinmir. Satınalmalar üzrə dövlət agentliyi də ADAU barədə rəqəmsal bilgiləri sanki məxfiləşdirir.
Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar (yoxsa, niyə olmamalı?-O.N), illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.

Sonda, düşünürəm ki, bu yazımda da kifayət qədər faktlar yer aldı ki, ADAU-da xüsusi yoxlamalara başlanılsın. Təəssüf edirəm ki, indiyədək universitet barədə, eləcədə plagiat rektor İbrahim Cəfərovun özü və əməlləri barədə yazılanlar KT naziri İnam Kərimovu hərəkətə gətirməyib.
Nazirin universitetdə yaratdığı "Daxili Nəzarət" xidməti də özünü doğrultmayıb. Namiq Cəfərov adlı sabiq "ASAN" işçisi fəaliyyətilə prosesləri lap çətinləşdirib. İnam Kərimovu ümumiyyətlə ADAU-dakı tədris mühiti lazımi səviyyədə maraqlandırmayıb. Əksinə, aqrar mütəxəssis hazırlığında və Azərbaycan Kənd Təsərrüfatının inkişafında prezident cənab İlham Əliyevin etimadına sığınmış nazir var gücüylə İbrahim Cəfərovu və ADAU-nu sarsıdan əməllərinə himayədarlığa üstünlük verib. Ötən həftə rektorun iş otağında əsabələri qarşısında səsləndirdiyi sözlər, "İnam müəllim deyir ki, səni kimsə işdən çıxara bilməz, get, narahat olma!" mesajları da təəssüfverici mağara zehniyyətidir.
Himayədarlığa gəlincə, yayılan bütün məlumatlarda qalmaqallı rektorun indiyədək sabiq PA rəhbəri, AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevə və prezidentin sabiq köməkçisi Əli Həsənova arxa çevirdiyi də deyilir.

Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunan dikbaşlar anlamalıdırlar ki, istənilən an barələrində çıxarıla biləcək "RƏDD" sərəncamı onların acı sonunu gətirəcək. Sabotajcı və etimada dönüklər isə rektor, hətta nazir belə olsa!...
P.S: Məni aramsız tənqidlərimə görə qərəzdə və saçma-sapan şeylərdə qınayanlar yaxşı olar ki, ADAU-dakı yarıtmaz idarəetməni aradan qaldırsınlar. Səslənən faktlarla bağlı rektora dövlətin əsl gücünü göstərsinlər! Daha, sosial şəbəkədə İbrahim Cəfərovun şou xarakterli bayağı statuslarına, özünütərifinə, elm adamı olub savadsız siyasi tezislərinə uymasınlar, aqrar təhsilin "ölümünə" susmasınlar!
Buyurun "dövlət baba yetkililəri", yenə növbə sizdədir. Ya ADAU barədə tədbirlər görün, ya yenə susun. Amma, susqunluğunuz ölkə rəhbərinin islahatçı iradəsinə və milli təhsil strategiyamızın ziddinədirsə, mənim bundan sonra da yazmaqdan başqa çarəm qalmır...
Osman Nərimanoğlu
Demokratik.Az
