TƏBİB-dən açıqlama: “Yumşalma olacaq”

  • 02 avq 2020, 23:17
“Artıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir göstərmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur.
Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi, yoluxanların sayı sabitləşdi. Amma sonradan gördünüz ki, son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olunur, hətta bəzən kəskin azalma müşahidə olunur və sanki yoluxmaların sayı azalma istiqamətində gedir. Bu, gözlənilən hal idi. Görülmüş tədbirlərin nəticəsidir”.
Bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”da qonaq olarkən deyib.
Onun sözlərinə görə, yoluxmanın azalması pandemiyanın geri çəkilməsi deyil:
“Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər. Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq. Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək.
Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır. Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra – bu, Operativ Qərargahın qərarından asılı olacaq – növbəti yumşalma olacaq”.
Oxşar xəbərlər