Mənzil alan jurnalistlər prokurorluqda dindirilir - KİVDF işi

  • 26 iyul 2020, 09:42
2017-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) mənzil alan 255 jurnalist ifadə vermək üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Onlar KİVDF-də korrupsiya cinayətləri ilə bağlı açılmış cinayət işi üzrə dindirilir.

"Demokratik.Az" Pressklub-a istinadən xəbər verir ki, iyun ayının 17-də Baş Prokuroluğun yaydığı məlumata görə, KİVDF-də yol verilən qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı fondun vəzifəli şəxslərinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Daxil olmuş materiala əsasən, fondun “Xərclər smetası”nın icrasına, KİV-in fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi, nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-ə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin dəyərinin şişirdilməsinə görə külli miqdarda vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Bildirilir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.
Oxşar xəbərlər