Gəncədə Kəlbəcər harayı! Kasıbın evini su basdı - VİDEO

  • 11 iyul 2020, 19:59
Bugün ölkəmizin Qərb bölgəsinə yağan yağış Gəncədə ağır fəsadlar törədib. 
Şəhərin Gülüstan qəsəbəsində, ADAU-nun tədris-təcrübə təsərrüfında tikilmiş bir neçə ev su altında qalıb. Sel-daşqının yaratdığı gölməçə ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər qaçqınlarını evsiz qoyub.
Evləri əşyaları ilə birlikdə suyun altında qalan insanlar göz yaşlarına hakim ola bilməyib. "Demokratik.Az"-ın məlumatına görə, hadisədən zərər çəkmiş Kəlbəcər köçkünü, vətəndaş Həşəmov Nicat Kərəm oğlu da nə edəcəyini, bu gecə harada gecələyəcəklərini bilmir. Ailənin hazırki durumu isə, deyəsən nə Kəlbəcər İHB-nin gənc icra başçısını, nə də aidiyyatı qurumları o qədər də düşündürmür.
Hadisənin şokunu yaşayan ailə başçısının saytımıza dediyinə görə, su evlərini basdıqdan dərhal sonra, təxminən 12:30 radələrindən həm Kəlbəcər icra hakimiyyətinə, eləcə də Fövqaladə Hallar Nazirliyinin 112 qaynar xəttinə zəng edib imdad diləsələr də səslərinə səs verən olmayıb.
Ailənin bütün əşyaları da su altında qalıb, özlərini və iki körpə uşaqlarını da zorla selin cəngindən alıblar.
Hadisədən xəbər tutan Kəlbəcər İHB-dən də saatlarla kimsə ora gəlməyib. FHN-ə dəfələrlə telefon zəngində "sizə o da azdır!" sözünü belə eşitdiyini deyən şikayətçinin bildirdiyinə görə, qurum rəsmiləri yalnız saat 16:30-da gəlib çıxa biliblər. Onlar da heç bir ümid vermədən tez bir zamanda çıxıb gediblər.
Ailənin tək ümidi ölkə başçısına və xanım Mehriban Əliyevayadır. Onlar məhz prezident cənab İlham Əliyevə və xanım Mehriban Əliyevaya səslənərək düşdükləri çətin durumda yalnız onlardan kömək gözləyirlər.
Ailənin maddi durumu olduqca aşağı həddədir, ailə başçılarından biri üçüncü qrup əlil olduğunu da bildirir. 

Hazırda onların gecələməyə bir evləri də yoxdur. Üç uşaqları olan ailə çıxılmaz durumda nə edəcəklərini bilmirlər.
Onu da bildirək ki, su altında qalan ev çökəklik ərazidə tikildiyindən, fəsadın aradan qaldırılması, suyun tezliklə qurudulması da mümkünsüz kimi görünür. Ancaq, istənilən halda, dövlət öz qaçqın vətəndaşlarına sahib çıxmalıdır.
İnanırıq ki, yerli qurumlar, xüsusilə də hadisəyə laqeyid yanaşan icra başçısı Azər Bəhlul oğlu Qocayev ailənin taleyilə maraqlanacaq, öz ictimai və inzibati nəzarətçilik funksiyasını yerinə yetirərək ailəyə düşdüyü durumdan çıxmağa köməklik göstərəcək...

Oxşar xəbərlər