Göygöl SSİ-də növbəti korrupsiya və özbaşınalıq yamanca gəldi və evləri dağıtdı... - VİDEOREPORTAJ

  • 06 iyul 2020, 21:55

"BAHALI MAŞIN, ŞÜŞƏBƏND İDARƏ VƏ HARINLAMIŞ KORRUPSİONER İLQAR MƏHƏRRƏMOV - SƏN ARTIQ ÖZÜNÜ LƏNƏTLƏMİSƏN!.." 
Göygöl rayon Suvarma Sistemləri İdarəsi (bundan sonra Göygöl SSİ-red) növbəti korrupsiya və özbaşınalıqları ilə meydan sulayır. Özü də elə sulayır ki, Göygöl rayonunun Üçtəpə kəndində kasıb bir ailənin evini belə başına uçurur. Qazancı illərdir suya qatdığı haramzadəlikdən çıxan məsuliyyətsiz və dımbılı bir cuvarın həngamələri artıq heç bir sərhəd tanımır.
"Demokratik.Az" bildirir ki, Göygöl SSİ-nin bir aydan artıqdır ki, həyata keçirdiyi saxta "tender oyunu" öz maxinasiyası ilə Üçtəpə kənd sakinlərinin diqqətini çəkib. Belə ki, Meliorasiya ASC-dən özəl özbaşınalıq qayğısı alan idarə rəisi İlqar Məhərrəmov küllü miqdarda gəlir əldə etmək məqsədilə Ərəbli su kanalının Üçtəpə kəndi ərazisini əhatə edən hissəsinin bütövlüklə beton arxa dönüşdürülməsi məqsədilə "ENERJİ-TİKİNTİ Servis MMC" (1504204971) adlı qurama şirkətlə işbirliyi qurub. İdarə rəisi məlum işin görülməsi müqabilində həmin şirkətə köçürülmüş 100 minlərlə manat maddi vəsaiti otkat şəklində geri alaraq sifarişin özü tərəfindən reallaşdırılmasına başlayıb.
Bu barədə saytımızın əldə etdiyi bilgiyə görə, özünə aid meliorativ tədbirləri bir kənara atıb indi də kanal inşa edən İlqar Məhərrəmov idarənin bütün maddi-texniki imkanlarını, idarədaxili işlər üçün maaş alan 10-larla fəhlə və melioratorun əməyini zorla həmin işlərə cəlb edərək özbaşınalıqlara imza atıb. 
Görülmüş işlərdən müəyyən olunur ki, SSİ rəisinin özünün qamarladığı betonlama işlərində kustar üsullardan geniş istifadə edilir.
Bu tipli kanalların qurulması şərtləri, kanalın maililik və təhlükəsizlik məsələləri belə nəzərə alınmayıb. Arxın dərinliyinin və kənarlarının betonundakı qalınlıq həcmi ümumiyyətlə baş aldatmağa, işin maya dəyərinin maksimum azaldılmasına hesablanıb. Buna görə də ötən gün görülən işin 20 metrdən artıq hissəsi çökməklə uçub və həmin ərazidə keyfiyyətsiz iş yenidən təkrarlanıb.
İlqar Məhərrəmov özbaşına kanal-tikinti işlərində beton-tökmə üçün hər gün əraziyə sement kisələri gətirtdirir və əsasən Gəncədəki Beton şirkətlərinin birindən aldığı hazır beton qarışığı ilə keyfiyyətsiz işləri yola verir. Çox güman ki, həmin Betonzavodla da heç bir müqavilə sənədləşməsi mövcud deyil.
Bir aydan artıqdır ki, idarənin traktorlarının özbaşına işlərdə podratçının yerinə qazıntı işləri aparması, yanacağının dövlət tərəfindən ödənilməsi də özbaşınalığa ayrıca rəng qatır. İdarə rəisi hər gün 100 minlər qazanmaq üçün girişdiyi cinayət əməlli özbaşına işinin başında özü durur, o beləcə növbəti korrupsiya burulğanında özünü, eləcə də Əhmədzadənin müavini Rafiq Aslanov kimi hamilərini lillənmiş suya batırır.
Bir ay öncə çay məcrasının heç bir norma və təhlükəsizliklər nəzərə alınmadan sakinlərin yaşayış sahələrinə doğru dəyişdirilməsi də fəsadlar yaradıb. Nəticədə, kənddə bir neçə tikili suyun axınına tab gətirməyərək dağılıb.
Şikayətçilər - Həsənova Sevda Novruz qızı və Məmmədova Nəsibə Qələmdar qızı da işlərin gedişindən və SSİ-nin rəisinin özbaşınalığından narazıdır. İlqar Məhərrəmovun səhlənkarlığı ucbatından evi uçan şikayətçi ailə başçısının dediyinə görə, onların şikayətinə heç kim baxmır, evlərinin bərpasına dair yalançı vədlər verən İ.Məhərrəmov onlardan uzaq qaçır.
Faktla bağlı jurnalist Osman Nərimanoğlu özü həmin kənddə olub və deyilənləri öz gözlərilə görüb tam dəqiqləşdirib.
İnanırıq ki, post-pandemiya dönəmində belə öz haram qazancından qalmayan, qanunlardan və etdiklərindən qorxmayan, xüsusilə də son aylarda DTX-nın və Baş Prokurorluğun əməli fəaliyyəti nəticəsində ölkədəki korrupsiya və rüşvətxorluğa qarşı tədbirlərdən ayılmayan İlqar Məhərrəmovu cəzalandıracaqlar. Çünki, artıq bu cür anarxiyanın qarşısında nə Əhməd Əhmədzadə şəxsiyyəti, nə də ənənəvi yarıtmaz idarəçilik metodları durmamalıdır, cinayət varsa, cəzası da hökmən olmalıdır. Yoxsa, bu idarə rəisi öz korrupsiyasında hələ çox pulları cibinə axıdıb kasıbların evlərini yıxacaq!..
Fürsət ikən, həm baş prokuror Kamran Əliyevi, eləcə də DTX rəhbəri Əli Nağıyevi Göygöl SSİ-nin korrupsiyalaşmış akvarium binasına dəvət edirəm. Düşünürəm ki, həbsi boylayan rəisin otağındakı 10-15 min manatlıq akvariumdakı bahalı balıqlara da tamaşa etməyə dəyər...
(bizi izləyin - mövzu diqqətimizdədir)
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər