Karantin qaydalarını pozanlar üçün cəzalar sərtləşdirildi - cərimələr iki dəfə artırıldı

  • 30 iyun 2020, 09:03

Parlamentin iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əhaliyə çağırış etdi: “Son 14 gün ərzində ölkəmizdə COVİD-ə yoluxanların sayı 50 faiz artıb”

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Koronavirus pandemiyası səbəbindən bu dəfə də deputatlar tam tərkibdə iclasda iştirak etmirdilər. Həmçinin parlamentə yalnız qoruyucu maska və əlcəklə keçmək mümkün idi. 
İlk olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova diqqətə çatdırdı ki, gündəlikdəki birinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Sədr bildirdi ki, son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına tutulanların sayında xeyli artım baş verib: “Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlamışdır. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub”. Spiker qeyd etdi ki, qanun layihəsində yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə görə layihə bir oxunuşda qəbul ediləcək.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim etdi. Bildirildi ki, qanun layihəsi məcəllənin maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarının artırılmasını nəzərdə tutur. Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək qoruyucu maska taxmayanlara qarşı cərimələrin artırılması barədə qanunlayihəsini müdafiə etdiyini bildirdi.
“Bu, milli təhlükəsizlik, dövlət təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsidir. Hər bir ailənin dövlətin əsasını qoyduğunu nəzərə alsaq, hər bir məhv olan ailənin dövlətin sütunlarını sarsıtdığını da nəzərə almalıyıq. Təkcə cərimə ilə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq” - deyə, S.Novruzov bildirdi.
Komitə sədri cərimələrin yüksək olmasına etiraz edənlərə də cavab verdi: “Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat cərimə verməsin. Bu, onun özünün, ailəsinin təhlükəsizliyinin qorunmasıdır. Hüquqlar o vaxt məhdudlaşdırılır ki, digərlərinin hüquqları pozulur. Hər kəs çalışmalıdır ki, digərlərinin hüququnu pozmasın”.
S.Novruzov digər bir məsələyə də diqqət çəkdi: “Təsəvvür edin ki, Azərbaycan prezidentinin təşəbbüsü əsasında bütün dünya bir yerə yığışır. Cənab Prezidentin təklifi ilə BMT-nin 130-dan artıq ölkəsi bu məsələnin müzakirəsi üçün toplaşır. Bizim xalq gərək nümunə ola”.
S.Novruzov dedi ki, şayiə yayanlar, böhtan yazanların da barəsində ölçü götürülməlidir. İnternetdə pandemiyanın olmadığını, bunun yalan olduğunu yazanlar barədə ölçü götürülməlidir: «İctimai yerlərdə şayiə yayanlar da var. Bəziləri də şayiə yayır ki, əşi, siz qaydanı pozun, cənab Prezident, Birinci vitse-prezident cərimələri ödəyəcək. Evinin üstündə domino oynayan, yaxud kabab çəkənin cəriməsini Prezident, ya Birinci vitse-prezident niyə ödəməlidir? Qaydaları pozan şəxs zəhmət çəkib cəriməsini versin və ondan sonra necə lazımdır, maska taxacaq".
“Əgər koronavirus pandemiyasının yayıldığı ilk iki ay ərzində 200 min nəfər bu virusa yoluxmuşdusa, indi yalnız 24 saat ərzində 180 mindən artıq insan bu virusa yoluxur”.
Bu fikirləri isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdəki müzakirələr zamanı söylədi. Bildirdi ki, ölkəmizdə də rəqəmlər dediyi rəqəmlərə yaxındır: “Son 14 gün ərzində ölkəmizdə COVİD-ə yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım da davam edir. Yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə çox ciddi təzyiq edərək gərginlik yaradır.  Xəstəxanalarımızda böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtlarda tibb mərkəzlərinə müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi çox fərqlidir. İndi isə onların tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir. Reanimasiya və süni tənəffüs aparatlarına ehtiyacı olanların sayı sürətlə artır”.
Ə.Əmiraslanov əhaliyə müraciətlə hər kəsi sanitar qaydalara ciddi əməl etməyə çağırdı. Dedi ki, sağlam və xəstə insanların hər ikisi qoruyucu maskadan istifadə edərsə, yoluxma faizi 1,5 faiz təşkil edər. Komitə sədri sosial mediada antitəbliğata rast gəlindiyini təəssüflə vurğuladı. Onu da bildirdi ki, bu gün mövcud olan tədbirlər effekt vermir.
Hər iki deputat ölkəmizdə koronavirus infeksiyasi ilə mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan danışdılar. Karantin rejiminə riayət edilməsinin vacibliyini vurğuladılar. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təqdim edildi. Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov layihə barədə məlumat verərək bildirdi ki, dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılması, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılması, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsi və məlumatların alınması təklif olunur. Habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənədi təqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır. Bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Qeyd edildi ki, bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
N.Səfərov İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər haqqında (üçüncü oxunuş) da məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Sənəd üçüncü oxunuşda qəbul olundu.

Bildirildi ki, növbəti üç məsələ ölkə Prezidenti tərəfindən bir məktubda daxil edilib. Deputat Nizami Səfərov həmin məsələləri - Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri (üçüncü oxunuş) şərh etdi. O bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin daha geniş tətbiqi məqsədilə aparılır. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihələrlə bağlı fikirlərini açıqladı, təkliflərini verdi. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Deputat Aqil Abbas çıxışında dedi ki, deputat köməkçilərinin karantin dövründə hərəkətinə icazə vermirlər: “Nəticədə bizim işlərimiz tökülüb qalıb. Polis saxlayır ki, ”sənin icazən yoxdur". Karantin dövrünün də nə qədər çəkəcəyi məlum deyil. Köməkçilərsə bizim sağ əllərimizdir" - deyən A.Abbas parlament rəhbərliyinə xitabən bu problemin həllinə dəstək olmağa çağırdı.
Sədr Sahibə Qafarova məsələyə reaksiya verərək Aparat rəhbəri Səfa Mirzəyevlə bu barədə danışacağını dedi. Bildirdi ki, Operativ Qərargahla məsələ müzakirə olunacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. Qeyd edildi ki, tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun bu sahədə yoxlamaların aparılması məsələlərini ehtiva edir. Təklif olunan qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara qeyd olunan qanunun 26-cı maddəsinin (məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi) tətbiqinə hüquqi əsaslar yaradır. Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli digər qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır. Hər üç qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul olundu.
Milli Məclisin növbəti iclası bu gün, 30 iyunda keçiriləcək.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Oxşar xəbərlər