“Bu əziyyətin qarşılığı polisə zibil atmaq olmamalıydı” - ETİRAZ

  • 08 iyun 2020, 11:19
“Xüsusi karantin rejimi tətbiq ediləndən bu yana Azərbaycan polisi öz vəzifəsini yüksək səviyyədə icra edir. Kimsə deyə bilər ki, bu onsuz da onların işidir. Amma onların işi hər gün gücləndirilmiş rejimdə, fasiləsiz, istirahətsiz çalışmaq deyil”.

Bu barədə Modern.az-a danışan keçmiş polis Mahmud Hacıyev deyib ki, belə əziyyətin qarşılığı polisə zibil atmaq olmamalıydı:
“Polislərimiz çox əziyyət çəkirlər, bu əziyyətin qabağında vətəndaş da anlayış göstərməli, qanun-qaydaya tabe olmalıdır. Polis də öz vəzifəsini yüksək səviyyədə icra edir, kütləvi informasiya vasitələri də, hamı öz işini görür. Amma bəziləri qanun-qaydaya tabe olmaq istəmir, deyilənlərə əməl etmir. Çünki ortada insan faktoru var. Bu varsa, inzibati xəta da olacaq, cinayət də. İnsanların karantin rejiminə əməl etməməsi az əhəmiyyətli hüquq pozuntusu, inzibati xətadır. Bunun tamamilə kökünü kəsmək olmaz. İnsanların psixoloji durumunu da nəzərə almaq lazımdır. Onların hamısının bütünlüklə dünyagörüşünün, savadının, intellektinin, dünyaya baxışının eyni səviyyədə olmasını gözləmək doğru deyil. Hamı eyni cür düşünə bilməz.
Bu nöqteyi-nəzərdə aşağı səviyyəli düşünənlər bu qaydalara əməl etmirlər. Hətta adam qayda pozması ilə yanaşı, polisə müqavimət də göstərir. Bu adam başa düşmür ki, karantin rejimini pozması inzibati xətadır, əgər polisə müqavimət göstərir və ona xəsarət yetirirsə, bu artıq cinayət tərkibli əməldir. Qayda pozan vətəndaş bunu da düşünmür. Həm inzibati xəta törədir, həm də cinayət tərkibli əməl”.
 
M.Hacıyev qeyd edib ki, yeni təyin olunan Daxili işlər naziri Vilayət Eyvazovun həyata keçirdiyi islahatlar nəticəsində polisin fəaliyyətində çox böyük dəyişikliklər var:
“Yüksək səviyyədə həyata keçirilən struktur islahatları həyata keçirildi, işdən çıxarılanlar oldu, yüksək vəzifədən aşağı vəzifəyə keçirilənlər oldu. Yerdəyişmələr məntiqi baxımdan çox yerindədir. Əvvəllər də yerdəyişmələr olub, amma Vilayət Eyvazovun dövründəki kimi effektli olmayıb. Bu da polisin fəaliyyətində özünü göstərdi və göstəməkdə də davam edir. Rəhbərlikdə dəyişiklik olduqdan sonra polisin imicinə xələl gətirən stereotiplər dağılır. İstər polis, istərsə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi keçmiş və yaxşı mənada olan imicinə qayıdır. Bu da həyata keçirilən islahatların nəticəsidir”.
Oxşar xəbərlər