"Bayandur Rzayev Ucardakı baytarını niyə cəzalandırmır? - ŞİKAYƏT

  • 05 iyun 2020, 13:58
Ucar rayonu Qazyan kənd sakini Cəlilov Cavid Fikrət oğlu Ucar rayon Baytarlıq Xidmətinin rəisi Xaləddin Əsgərovun yarıtmaz fəaliyyətinə etiraz edir. "Demokratik.Az"-a müraciət edən Ucar sakini rayonda heyvanlar arasında kütləvi ölüm hallarına diqqət ayıraraq, özü də olmaqla fermerlərə, kənd camaatına küllü miqdarda ziyanlar dəydiyini bildirir.
Şikayətçi açıq məktubunda aşağıdakıları yazır:
"Bizim ailə uzun müddətdir ki, qoyuçuluq təsərrüfatı yaradıb heyvandarlıqla məşğul oluruq.
Dövlət tədbiri adı ilə 2017-ci il tarixdə Ucar rayon Baytarlıq Xidməti tərəfindən qoyunlarımız vaksinasiya olundu. Həmin tədbirdən sonra təsərrüfatımızda yeni doğulmuş, 1, 2 və 3 aylıq quzuları kütləvi şəkildə ölməyə başladı. İlkin ölüm zamanı tez Ucar rayon Baytarlıq Xidmətinə məlumat verdik. Həmin İdarənin rəisi Xaləddin Əsgərov və həkimlər gəlib baxış keçirib müayinə apardılar. Yazdıqları müalicələri də etdirdik, məsləhətlərə əməl etdik. Ancaq heç bir faydası olmadı. Əksinə təsərrüfatımızda quzu ölümü daha da çoxaldı.
Təkcə 2017-ci il tarixdə 147 baş quzu ölümü baş verdi. Ölən quzular yeni doğulmuşlar idi.
Bundan sonra 2018-ci ildə 40 baş quzu, 2019 və 2020-ci ilin yanvar aylarında isə 100 baş quzu öldü. Ənənəvi şəkildə Ucar rayon Baytarlıq İdarəsinin rəisi və baytar həkimlər gəlib baxış keçirib müayinə etdilərsə də faydası olmadı".
Şikayətçi iddia edir ki, baş verənlərin səbəbi Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun savadsızlığı, korrupsiyaya qurşanmasıdır. Bu adamın belə bir vəzifəni icra etməsi isə yolverilməzdir.
Şikayətçi daha sonra qeyd edir ki, təsərrüfatında kütləvi quzu ölümü ilə bağlı Xəzər tv-nin apardığı çəkliş zamanı Xaləddin Əsgərov müsahibə verib və qeyd edir ki, ana qoyunlar kimyəvi dərman, gübrə səpilmiş pambıq sahəsində otarıldığı üçün süd vasitəsi ilə quzular zəhərlənərək ölmüşdür. Bu açıqlaması isə təbii ki, yalandır. Çünki təsərüffatda quzu ölümü 2017-ci il tarixdə baş vermişdir ki, həmin il də Ucar rayonunda pambıq əkilməyib. Bu fakt Xaləddin Əsgərovun saxtakarlığını, yalanını tam subut edir.
Şikayətçi inanır ki, qouynçuluq təsərrüfatında ilkin quzu ölümü baş verən zaman düzgün müayinə və müalicə aparılsaydı tələfatın qarşısı vaxtında alınardı. Bunu isə savadsız, korrupsiyay qurşanmış Xaləddin Əsgərov bacarmayıb. 
Xaləddin Əsgərov qeyd edir ki, quzular iti faslyoz xəstəliyinə görə kütləvi tələf olurlar. Buna dair təkrar- təkrar müalicələr yazıb etdirmişik, heç bir faydası olmayıb. Əgər Xaləddin Əsgərovun dediyini həqiqət kimi qəbul etsək iti faslyoz xəstəliyinə görə qoyunlar da ölməli idi. Ancaq bizim təsərrüfatda bir dənə də olsun qoyun ölməyib. Ölən ancaq quzular olub.
Zərərçəkmiş fermer həyacan və qorxu içində yaşayadığını, heyvanlarına ot və yem almaq üçün damazlıq qoyunlarının bir hissəsini satmağa məcbur olduğunu bildirir. 
"Bir neçə gün öncə isə kənddə itlər arasında quduzlaşma gedib ki, nəticədə iri buynuzlu heyvanları quduz itlərin dişləməsindən sonra ölüm halları baş vermişdir. Biz bu barədə Xaləddin Əsgərova məlumat versəkdə heç bir tədbir görmədilər. Bundan bir neçə gün sonra isə bir baş inəyimiz quduz itin dişləməsinə görə tələf oldu. Ucar rayon Baytarlıq Xidmətinə zəng edib yenə məlumat verdik. Onlar dərhal gəlmədilər eşitdikdə ki, ölüb yolun kənarında qalmış inəyi video lentə alırıq tez gəlib cəsədi yarmadan analiz üçün nümunə götürmədən açıq halda traktorla aparıb basdırdılar. Bütün bunları video lentə aldıq" - deyə şikayətçi müraciətinə əlavə edib.
Ucar sakini müraciətində rayon Bayratlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun korrupsiya, saxta əməlləri obyektiv araşdırılmasını və komissiya yaradılmasını tələb edir. Ərizəsinin öz iştirakı ilə yerində araşdırılmasını, Ucar rayon Bayratlıq rəisi Xaləddin Əsgərovun barəsində ciddi tədbirlər görülməsini istəyir.
Demokratik.Az saytı qarşı tərəfin də söz haqqını tanıdığını bəyan edir!
Demokratik.Az
Oxşar xəbərlər